Tarix sadəcə təqvimlərin dəyişməsi deyil, o təqvimlərə möhür vuran böyük şəxsiyyətlərin ömür yoludur. Elə ailələr, elə şəcərələr var ki, onların adı çəkiləndə ağıla ilk gələn məfhum vətənə fədakar xidmət və qəhrəmanlıq olur. Azərbaycan xalqının qan yaddaşına silinməz hərflərlə yazılmış Aslanovlar şəcərəsi məhz belə bir uca zirvədir. Bu uca zirvənin təməlində iki qat Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi general-mayor Həzi Aslanov dayanırsa, onun ləyaqətli davamçısı kimi dövlətçiliyimizə xidmət edən digər bir imza da oğlu,milis
general-mayoru Tofiq Aslanovdur.
Böyük şairimiz Məmməd İsmayıl sanki bu nəslin böyüklüyünü xarakterizə edərək yazırdı:
Kökü bəlli olanın, budaqları qırılmaz
Aslanların izindən gedən yollar yorulmaz.
Hər oğul bir qaladır, arxasında el durar,
Vətən deyib döyünən qəlblərə zaval olmaz!
Atanın keçdiyi qəhrəmanlıq yolu,şanlı irsin başlanğıcı Tofiq Aslanovun bütöv bir şəxsiyyət, dəmir iradəli hüquqşünas kimi formalaşmasının sirrini tapmaq üçün ilk növbədə onun doğulduğu ocağa, atası Həzi Aslanovun keçdiyi döyüş yollarına nəzər salmaq lazımdır.
Lənkəranın fəxrli oğlu Həzi Aslanov hələ gənc yaşlarından hərb sənətinə böyük maraq göstərmişdi. O, hərbi biliklərini təkmilləşdirmək üçün Ukraynaya yollanmış, burada hərbi məktəb keçmiş və gələcək böyük qələbələrinin nəzəri əsaslarını öyrənmişdi. Tale elə gətirdi ki, onun hərbi xidmət illəri və İkinci Dünya müharibəsinin alovlu dövrü məhz Ukrayna, Belarus və Rusiya torpaqları ilə sıx bağlandı. Stalinqrad döyüşlərində göstərdiyi ağlasığmaz şücaət, tank diviziyalarını məharətlə idarə etməsi onu canlı əfsanəyə çevirdi.
Məhz bu hərbi səfərlər və Ukraynadakı xidmət dövründə generalın ailəsi də onunla birlikdə idi. Həzi Aslanovun övladları Tofiq və qardaşı Arif atalarının xidmət etdiyi o, müqəddəs hərbi mühitdə, Ukrayna torpağında dünyaya göz açdılar. Uşaqlıqları top-tüfəng sədaları, hərbi nizam-intizam və ən əsası sarsılmaz bir Vətən sevgisi içində keçdi. Atanın cəbhədən gələn qələbə müjdələri, onun polad iradəsi uşaqların qanına, canına hopurdu.
Tofiq Həzi oğlu Aslanov 1934-cü il dekabrın 10-da Ukrayna Respublikasının Jitomir vilayətinin Ovruç şəhərində anadan olub. Onun uşaqlıq illəri müharibənin acı reallıqları ilə qarşılaşsa da, daxilindəki elm işığı onu həmişə irəliyə səsləyirdi. Orta məktəbi yüksək uğurla bitirdikdən sonra o, atasının qəhrəmanlığını hüquq və ədalət müstəvisində davam etdirmək qərarına gəldi.
1952-ci ildə o, Azərbaycanın ən nüfuzlu təhsil ocağı olan S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil oldu. Bu dövr onun elmi dünyagörüşünün, qanunlara olan hörmətinin formalaşdığı qızıl dövr idi.
Xalq şairi Səməd Vurğununbu ölməz misraları sanki Tofiq Aslanov kimi gənclərin ali məqsədini tərənnüm edirdi.
Gənclik bir bahardır, ömür elmində,
Vətənin dərdi də, yükü çiynində.
Biz elə gəncliklə fəxr eyləyirik,
Zəfər nəğməsi var onun dilində!
Ədalətin keşiyində 31 İllik şərəfli xidmət üçün
1957-ci ilin avqust ayından etibarən Tofiq Aslanov Azərbaycanın daxili işlər orqanlarında uzun və fədakar bir xidmət dövrü başladı. O, atasının döyüş meydanında nümayiş etdirdiyi cəsarəti cinayətkarlığa qarşı mübarizədə, qanunun aliliyinin qorunmasında göstərdi.
Pillə-pillə ucalan karyera 1957–1973-cü illər Bakı şəhərinin Nərimanov, Nəsimi və Leninski (indiki Sabunçu) rayon daxili işlər orqanlarında əməliyyatçı, müstəntiq, böyük müstəntiq və istintaq şöbəsinin rəisi vəzifələrində çalışdı. Bakı Şəhər İcraiyyə Komitəsində və DİN-in istintaq idarəsində rəis müavini kimi məsuliyyətli postları tutdu.
1973–1980-ci illər,Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi vəzifəsinə yüksəldi. Onun rəhbərliyi dövründə istintaq orqanlarında dürüstlük, obyektivlik və peşəkarlıq ən ali meyar oldu.
1980–1988-ci illər Daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışaraq respublikada, asayişin qorunmasında misilsiz xidmətlər göstərdi.
Böyük şairimiz Süleyman Rüstəm qanun və asayiş keşiyində duran belə mərd oğulları tərənnüm edərək yazırdı:
Gecə sükutunda, gündüz odunda,
Xalqın asayişi durar yadında.
Hər kəs bacarmaz bu ağır yükü,
Şərəf ucalarmış mərdin adında!
General rütbəsi,Atanın Yolunun Davamı
Tofiq Aslanovun peşəkarlığı və dövlətə sədaqəti SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi. SSRİ Nazirlər Sovetinin 3 noyabr 1982-ci il tarixli,Fərmanı ilə ona, milis general-mayoru rütbəsi verildi. Bu, təkcə onun şəxsi uğuru deyil, həm də Aslanovlar şəcərəsinin ikinci generalı olaraq tarixə düşməsi demək idi. O,dövrdə bir ailədə iki generalın yetişməsi Azərbaycan hərb və hüquq tarixinin ən parlaq səhifələrindən biri idi.
Dövlətçilik fəaliyyəti və müstəqilliyə keçid dövründə Tofiq Aslanov 1 sentyabr 1988-ci ildə təqvim baxımından tam 31 il 15 gün şərəfli xidmət stajı ilə, xüsusi forma geyinmək hüququ saxlanılmaqla təqaüdə göndərildi. Lakin onun zəngin təcrübəsi respublikanın ən çətin və dönüş nöqtələrində yenidən dövlətimizə lazım oldu.
30 oktyabr 1990-cı ildə Azərbaycan SSR Prezidenti Administrasiyası rəhbərinin müşaviri təyin edildi.
18 yanvar 1991-ci ildə isə Prezident Aparatının vətəndaşlıq və əfv məsələləri şöbəsinin müdiri vəzifəsinə gətirildi. Bu vəzifədə o, minlərlə insanın taleyinə humanizm və ədalət pəncərəsindən baxaraq dövlətin şəfqətli üzünü nümayiş etdirdi.
26 may 1992-ci ilədək, bu çətin və məsuliyyətli vəzifəni uğurla icra etdi.
Ölməz İrs və dövlət təltiflərinə nəzər salanda,görürük ki,ömrünü dövlət hədəflərinə və xalqın əmin-amanlığına həsr edən general Tofiq Aslanov fəaliyyəti dövründə ən ali mükafatlara layiq görülmüşdür:
Qırmızı Əmək Bayrağı ordeni
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
Daxili İşlər Nazirliyinin əməkdar işçisi döş nişanı,Qüsursuz xidmətə görə medalı
Sovet polisinin 50 illiyi və Rəşadətli əməyə görə,medalları ilə təltif edilmişdi.
Dünya hərb tarixinə qızıl hərflərlə adları yazılan,böyük nəslin üçuncü general mayoru, Aslanovlar ocağının sönməz alovu, şəcərənin şanlı davamçısı olan nəvə polis general-mayoru Həzi Aslanov da öz ömür yolu ilə bu adı ucalardan uca tutaraq O, ulu babasının qəhrəmanlıq ruhunu və polad iradəsini öz xidmətində yaşadaraq, dövlətçiliyimizin qorunmasında və asayişin təmin olunmasında misilsiz rəşadət nümayiş etdirdi. Müstəqil Azərbaycanın daxili işlər orqanlarında şərəflə xidmət edən general Həzi Aslanov, Ali Baş Komandana olan sarsılmaz sədaqəti və Vətənə təmənnasız sevgisi ilə hər zaman ön cəbhədə oldu. Onun keçdiyi şəhadətli və şərəfli xidmət yolu, babasının Kiyev və Ukrayna çöllərində yazdığı dastanın müstəqil dövlətimizin asimanında əks-sədasıdır.
Nəslin yaşayan xatirəsi 2003-cü il sentyabrın 25-də ömrünün müdrik çağında əbədiyyətə qovuşan general Tofiq Aslanov arxasında böyük bir ad, təmiz bir keçmiş və xalqına sadiq üç övlad yadigar qoydu. O, Bakıda ailə qəbiristanlığında, böyük ehtiramla torpağa tapşırıldı.
Xalq şairi Zəlimxan Yaqub sanki Tofiq Aslanov kimi dünya köçünü şərəflə quran insanları vəsf edərək deyirdi:
Dünyadan köçəndə elə köç sən də,
Adın uca qalsın dildə, dəfində.
Torpaq inciməsin səni qucanda,
Ruhun şad dolansın göydə, vətəndə!
Tofiq Aslanovun ömür yolu atasının Ukrayna döyüşlərində qanla yazdığı qəhrəmanlıq salnaməsinin, Azərbaycanda qanunun gücü və hüququn ədaləti ilə davam etdirilməsinin parlaq nümunəsidir. Bu şəcərə və bu qəhrəmanlıq salnaməsi Azərbaycan yaşadıqca gələcək nəsillərə örnək olaraq qalacaqdır. Allah rəhmət eləsin,ruhunuz şad olsun, fədakar General!
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru Məcidova Leyla Qadir qızı






















