Rənglərin poetikası və cənubun işıqlı dünyası: Adil Əsədli Yaradıcılığı…- Leyla Məcidova

Rənglərin poetikası və cənubun işıqlı dünyası: Adil Əsədli Yaradıcılığı…- Leyla Məcidova

Azərbaycanın zəngin təsviri sənət tarixi hər bir rəssamın fərdi baxışı, duyğu aləmi və kətan üzərinə köçürdüyü fəlsəfi düşüncələrlə zənginləşir.Azərbaycan təsviri sənətinin özünəməxsus dəst-xətti ilə seçilən görkəmli nümayəndələrindən biri, Lənkəran torpağının yetirdiyi fırça ustası Adil Əsədlinin yaradıcılığı haqqında bəhs edərkən bu sənət fəzasında öz parlaq rəng palitrası, cənub motivlərinin romantik və poetik ifadəsi ilə seçilən Adil Əsədlinin yaradıcılığını görə bilərik. Lənkəranın füsunkar təbiəti, Xəzərin ritmik dalğaları və cənub günəşinin istisi onun sənətinin ilham mənbəyinə çevrilərək, milli boyakarlığımıza bənzərsiz bir nəfəs gətirmişdir.

1954-cü il iyulun 21-də sənət və mədəniyyət beşiyi olan Lənkəranda anadan olan Adil Əsədlinin daxili aləmindəki estetik duyğu onu erkən yaşlarından rənglərin dünyasına çəkmişdir. Bu istedadın peşəkar müstəviyə keçidi 1974-1980-ci illərə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində aldığı təhsil illərinə təsadüf edir.
Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirməsi hələ gənc yaşlarından onun sənətə olan daxili məsuliyyətinin, akademik formaları dərindən mənimsəməsinin və fərdi üslub axtarışlarının bariz göstəricisi idi. Bu dövrdə qazanılan möhkəm rəsm bünövrəsi rəssamın sonrakı yaradıcılığında sərbəst kompozisiya qurmaq, rənglərin simfoniyasını yaratmaq bacarığında özünü büruzə verdi. İşıq və kölgənin fəlsəfəsi yaradıcılığının elmi metodologiyasında Adil Əsədli yaradıcılığını elmi və sənətşünaslıq baxımından təhlil etdikdə, onun əsərlərində faktura və işıq rezonansı ön plana çıxır. Rəssam sadəcə təbiəti yaxud insanı təsvir etmir o, obyektin daxili işığını tutmağa çalışır.
Rəng simvolizmində rəssamın palitrasında cənub xarakterli isti rənglər sarı, narıncı, qırmızı və onlara təzad təşkil edən, Xəzərin dərinliyini ifadə edən göy və yaşıl tonlar dominantlıq təşkil edir.
Kompozisiya strukturlaşması əsərlərindəki formalar həm klassik realizmin mükəmməlliyini qoruyur, həm də impressionist bir sərbəstliklə nəfəs alır. Bu sintez rəssamın tablolarına vizual dinamika bəxş edir.
Milli və regional kimlik Lənkəranın etnoqrafik cizgiləri, qədim məişət elementləri, dəniz kənarı mənzərələr rəssamın fırçasında sosioloji və elmi bir sənədə çevrilir. O, dövrün və məkanın ruhunu kətanın yaddaşına köçürür.Uğurların xronologiyası ,sərhədləri aşan sənət Adil Əsədlinin fərdi yaradıcılıq hesabatında 1993-cü ildə doğma Lənkəranda açılan fərdi sərgisi ilə yeni bir mərhələyə qədəm qoymuşdu. Bu sərgi təkcə bir rəssamın hesabatı deyil, regional mədəniyyətin intibahı idi. Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının fəxri fərmanına layiq görülməsi rəssamın sənət ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyinin sübutu oldu.
40 ilə yaxındır ki, aramsız yaradıcılıq axtarışında olan rəssamın sənət coğrafiyası olduqca genişdir.
Fərdi sərgilərə nəzər saldıqda Bakı və Lənkəranda ümumilikdə 9 fərdi sərgi açılmasının şahidi oluruq.
Beynəlxalq Arenada 18 xarici ölkədə müxtəlif beynəlxalq sərgilərin açılması Azərbaycan milli təsviri sənətinin xaricədə vizual elçisi kimi,Adil müəllimin əsərlərinin dünyanın 18 ölkəsində nümayiş etdirilməsi təkcə fərdi uğur deyil, həm də Azərbaycan boyakarlıq məktəbinin bəşəri dilinin, qlobal miqyasda anlaşılan estetik gücünün göstəricisidir.
Sənətin poetik vəsfinə nəzər salanda fırçanın şeiriyyətini daha aydın görə bilirik.Adil Əsədlinin kətanı boyalarla yazılmış bütöv bir romandır. Anam vəfat edən gün mən ona,şəkil yolladım ki,Anamın portretini yaradın.O,portretdə Adil müəllim Anamı həyatda olduğu kimi yaratdı.Doğurdanda Adil müəllimin yaratdığı hər bir əsər, bir fırça toxunuşu,şeirin bir misrası kimi axıcı, musiqinin bir akkordu kimi ahəngdardır.
Rəssamın əsərlərinə baxarkən seyrçi özünü rənglərin poetik pıçıltısı içində tapır. Dalğaların sahili döyməsi, cənub qadınlarının zərif obrazları, qədim küçələrin sükutu onun tablolarında donmuş zaman kəsiyi deyil, yaşayan, nəfəs alan bir gerçəklikdir. O, realizmi romantizmlə, elmi dəqiqliyi isə poetik duyğu ilə birləşdirə bilən nadir sənətkarlardandır.
Bu gün Adil Əsədli adı çəkiləndə göz önünə sənətə sədaqət, milli köklərə bağlılıq və yüksək peşəkarlıq gəlir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Rəssamlar İttifaqının və bütövlükdə milli mədəniyyətimizin fəxri olan Adil müəllim, öz ömrünü rənglərin sehrinə bəxş edərək, gələcək nəsillər üçün zəngin bir sənət irsi qoymaqdadır.Adil müəllim tək istedadlı rəssam deyil, həm də Lənkəran Dövlət Universitetinin baş müəllimidir olaraq yeni nəslə öz təcrübəsini və sənət sirlərini sevgilə ötürür.Tələbələrinin böyük rəğbətini qazanmış Adil Əsədli Lənkəran Dövlət Universitetindəki pedaqoji fəaliyyəti ilə həm gənc rəssamların yetişməsinə töhfə verir, həm də onlara sənətin incəliklərini ustalıqla öyrədir.
Onun yaradıcılığı Azərbaycan milli təsviri sənətinin qızıl səhifələrindən biri olaraq hər zaman araşdırılacaq, seviləcək və gənc rəssamlar üçün bir məktəb rolunu oynayacaqdır.Var olun Adil müəllim, qoy kətanlarınız həmişə rənglərin ən gözəl ahəngi ilə dolsun, fırçanız isə hər bir toxunuşda yeni bir hekayə yazsın. Sənətinizin işığı daimi olsun!

Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru,dosent.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru.
Leyla Qadir qızı Məcidova

Share: