Məndən xəlvət ağlamısan deyəsən…

Fevralın 14-də şair dostum Faiq Balabəyli və tələbə yoldaşım, jurnalist Natiq Muxtarlı bizə gəlmişilər. Çox şeydən danışdıq. Ədəbiyyatdan, gün-güzərandan, uşaqların gələcək taleyindən…

Onlar gedəndən sonra birdən ağlıma gəldi ki, düz otuz il əvvəl, məhz bu gun mən Faiq Balabəyli ilə tanış və dost olmuşam. Otuz illik dostluğun bəhrəsidir ki, bir-birimizdən xəbərsiz otuz ilin tamamında görüşdük. Deməli, bizi ilahidən idarə edənlər hər şeyi bilirlər… Bir az duyğulandım. Yeddi-səkkiz il bundan əvvəl Faiqlə bağlı yazdığım bir yazını sevgili dostlarla paylaşmaq istədim.

…Keçən il də Faiq Balabəylinin ad günündə mətbuatda təbrik yazısını mən yazmışdım, onda «dörd divar» bizdən o yanda idi. Özü də bilirdi ki, orada nəyin günahını çəkirdi:
Sənsizlikdən darıxıb,
Dərindən ah çəkirəm.
Mən şer yazmıram ki,
Sözlə günah çəkirəm. 
Bu il də mən yazıram. Yoruldum-demək istəmirəm, yanlış anlamayın. Onda yazmaq daha rahat idi. Demirəm ki, yenə qayıtsın ora, rahatca təbrik edək.
Amma… Hətta günahkar olub cəzasını çəksəydi belə, çöldə bir kimsənin haqqı çatmırdı ki, onu insani hüquqlardan məhrum etsin. Qırx beş illik ömrünün iyirmi beş ilini həsr etdiyi dənizçi-şairi xidmət göstərdiyi hər iki sahədən didərgin saldılar. Özü də təkcə dənizçi olmağı yetmirdi. Dənizi ədəbiyyata gətirənlərdən birinin məhz Faiq Balabəyli olduğu yaddan çıxırdı-həm DƏNİZdəki, həm də ƏDƏBİYYATdakı yönətmənlərin yadından… Niyəsini özü hamıdan yaxşı bilir. Bilal Alarlının təbirincə desək, dövrümüzün zindan ədəbiyyatını yaradanlardan biri kimi, Faiq Balabəyli öz halal haqqına qovuşmalıdır.
Onun halal haqqı bir az da qəzetdəki fəaliyyətindən keçir. Onun qəzetindən danışan kimi, nədənsə çoxunun yadına Faiqin məhbəsə atılmağı düşür. Yəni, dolayısıyla demək istəyirlər ki qəzeti onun zindanlara atılmasına qədər yol gəldi. Deyək ki, burası bəlli. Amma… Nədənsə unudulur ki, adını «tanınmayan», «aztirajlı» qoyduqları bu qəzet («Yeni xəbər») Danimarkanın «Yutlandes Posten»i ilə döyüşürdü. VƏHŞİ QƏRBİN ŞƏRQƏ HÜCUMUnun (Yazının müəllifi Natiq Muxtarlıdır) qabağına sinəsini vermişdi. İsveçrədə «İlin qəzeti» nominasiyasının qalibi olan (yol xərci tapa bilmədiyindən gedib hələ mükafatını ala bilməyən), səsi gedib «Vaşinqton post»a çatan qəzetin harayı qəflət yuxusunda olan bizimkiləri oyada bilməmişdi onda. Əvəzində şərlənib zindana salındı və ancaq orda anladı ki, böyük sevgilərin hərdən böyük cəzası da olur:
Yağış isladıb yolu,
Yoxsa sənin göz yaşın.
Məni sən tək ağlamaz,
Nə bacım, nə qardaşım
Zamanın ironiyasına bax ki, dinimizin, inancımızın müdafiəsinə qalxan bir qəzetin üstünə səlib yürüşü elədik özümüz. O cür münasibət davamlı olaraq indiki səviyyəyə gətirib çıxarmalı idi. Əgər onda Məhəmməd Peyğəmbərin karitkaturasını dərc edən təkcə «Yutlandes Posten» idisə, indi bu «posten»lərin sayı beşə çatıb. Sabah desələr ki, bu namussuz hərəkata beş ölkə qoşulub, – təəccüblənmərəm. Gör bircə nəfər səsini çıxarırmı… Qoç döyüşü lazımdır axı… Bəlkə indi yada düşə Faiq Balabəylinin “Yeni xəbər”i. Çünki zaman belələrinin oldu, məkan yox:
Burda oğrular doğru,
Doğrular oğrudur.
Buranın hökmü
oranın hökmündən
qəddar və ədalətlidir.
… Burda darıxmaq olmaz.
Həm də darıxmamaq.
Danmaq olmaz, Faiqi qəbul etməyənlər qəbul edənlərdən xeyli çoxdur. Mən bunu onunla üzdə xoş görüşənlərin davranışlarında çox hiss etmişəm. Müxtəlif səbəblər də axtarmaq olar. Amma ortada olan bir halalca səbəb var ki, ona ağız büzənlər Faiq Balabəyli yaradıcılığından tamamilə xəbərsizdirlər. Və yaxud nə vaxtsa oxuduqları, amma yaddaşlarına həkk olunmayan bir şerinin onlarda yaratdığı ovqata köklənib qalıblar.
O da mümkündür ki, Faiqin yaşam tərzində kimlərisə, nə isə qane etməyib (Bəzi hallarda heç məni də… Hələ deyim ki, səbəbini özüm üçün aydınlaşdıra bilmədiyim incikliyim də var). Amma bütün bunların Faiqin yaradıcılığına nə aidiyyatı var ki… O, daha çox bu haqqını ala bilməyib. Qəzetinin səhifələrini istedadlı qələm dostlarına peşkəş edən Faiq, heç bir əlamətdar günündə həmin o istedadlı dostların yadına düşmür (Əvəz Zeynallını çıxmaq şərtilə. Adam Faiqi məhbəsli günlərində gündəmdən düşməyə qoymadı). Bəlkə burda bir az ifrata varmaqlıq da var. Fakt ki, ortadadır.
Hətta mən Faiqin doğma yazarlar diyarı olan Cəlilabadlı həmkarlarının hazırladıqları icmallarda, bəzi mətbu çıxışlarında onun imzasını xəsisliklə hallandırdıqlarını hiss etmişəm. Bir daha xatırlayıram ki, burda başqa səbəblər axtarmaq yersizdir, bunlar ancaq mütaliəsizlikdən irəli gələ bilər. Sözümü qəribliyə salmaq istəyənlər, heç olmazsa, son vaxtlar mətbuatda dərc olunan şerilərini oxusunlar. Elə iyirmi il əvvəl yazdıqlarını da oxuya bilərlər:
Bir quru nəfəsdi, o da vaxt gələr, 
Görərsən budu ha getdi, gəlmədi.
Mənim xoşbəxtliyim sənin dilində, 
Havaya deyilmiş quru kəlmədi.
Azər adlı bir dostumuz deyir ki, Faiq qiymətini almayan uğurlu şairdir. Qoy elə onun qəzet yazılarını qavramayanların acığına qəzetçiliyin daşını atsın. Bunu edə bilər, şairliyini ki, ata bilməz.
… Bilir hər şeyi. Adam sevər yerindən vurulanda sarsıntıdan gec ayılır, bəzən də heç ayılmır. Uşaq deyil ki, özü hər şeyin fərqindədir, həyatı və yazılarıyla:
Görübən gəlirəm mən bu dünyanı, 
Hər şeyi yerinə öncə qoymuşam.
Əllərim üstündə yeriyirəm ta,
Yorğun ayağımı dincə qoymuşam.
Bilir ki, tuşlanan oxlardan ürəyi qorumaq mümkün olsa da, onu bir soyuq baxışdan, biganə duyğulardan qorumaq çətindir:
Bilinmir varllığın, bilinmir yoxun,
Sənin tək çəkilib gözümdən yuxum.
Gördüm ki, sinəmə tuşlanıb oxun,
Onçün ürəyimi küncə qoymuşam.
Və bir də onu bilir ki:
Təməli qoyulur ayrılıqların.
Hələ çiçəklərin ləçəyi nəmli,
hələ buludların gözləri yaşlı
günləri qabaqda gözləyir bizi,
Mən yaxşı bilirəm darıxmaq nədir,
Mən yaxşı bilirəm ayrılıq nədir.
Özüm də sevmirəm ad günlərini qeyd etməyi, elə bilirəm ki, tanışların da əksəriyyəti mən qənaətlidir. Nədənsə, belə düşünürəm (müm¬kündür ki, mənim düşüncəm yanlış olsun). Amma Faiq Balabəylinin ad günündə, özü də qırx beşin tamamında, ürəyimdən nəsə yazmaq keçdi. Gərək hər şeyi vaxtında deyəsən. Yadıma Faiqin iyirmi beş il əvvəl yazdığı misraları düşdü:
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir gözləyəmməz yaş durub.
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş-durub.

Vasif Süleyman

Görüntünün olası içeriği: 2 kişi, iç mekan ve yakın çekim

Share: