46 yaşında intihar edən şairin qəmli hekayəsi…

O, 1929-cu il, avqustun 29-da anadan olmuşdu. Cəbrayıl rayonunun Soltanlı kəndindən başlanan ömür tarixçəsi 46 ildən sonra Bakı şəhərində faciəvi şəkildə başa çatdı. Söhbət gücü yalnız sözünə və özünə çatan nakam bir şairdən gedir…

Atası Heydər kişi savadsız və kasıb bir adam olub. Amma igidliyi, qorxmazlığı ilə ad çıxarıb. Bir müddət sovet üsuli-idarəsinə də qarşı çıxıb, şura sistemi ilə barışmayıb, dağa-daşa düşərək qaçaqçılıq edib. Elə anası Həsyə xanım da ərindən geri qalmazmış. Talelərinə sürgün də yazılıbmış, məhrumiyyət də, təqiblər də. Atasının sovetlərlə yola getməməsi, dil tapmamsı onun anası və bacısı ilə birlikdə sürgün ömrü yaşamasına gətirib çıxarır. Lakin sonralar atası Heydər kişinin qaçaqçılıqdan yayınması bu sürgünün ömrünü azaldıb. Amma izini qoyub. Söhbətin Azərbaycanımızın öz layiqli dəyərini ala bilməyən şairlərindən biri olan Sərdar Əsəddən getdiyini deməyin məqamı çatdı.

Sərdar Əsəd “altmışıncılar” ədəbi nəslindən idi. Bu ədəbi nəslin bəzi istedadlı nümayəndələrinin taleyini sanki qara bir kölgə izləməkdə idi. Sərdaq Əsəd də bu qara kölgəlikdən yaxa qurtara bilməmiş, aydınlığa çıxmamış, intihar etmişdi. Maraqlıdır ki, şerlərindən əsla pessimizm, ruh düşkünlüyü sezilməyən şair ölümünə sən demə, çoxdan hazırlaşırmış. 1975-ci ildə intihar etdikdən sonra onun 1971-ci ildə yazdığı qeyd-vəsiyyəti qalaq-qalaq əlyazmalarının içindən tapılır. O, əgər həyatda olmasa, Məmməd Arazın, Ələkbər Salahzadənin və İsa İsmayılzadənin iştirakı ilə arxivinin açılmasına şərait yaradımasını arzulayırdı…

Onun 40 yaşının tamamında qələmə aldığı şerdə “Ömür keçdi yarıdan” deyilir. Əlavə də edilirdi ki:

Hamar düzənlikdə uçan bir külək

Sıldırım dağları qarşıda bilsin!..

İndi yaşadığın bir ömür gərək

Ömrünü sonra da yaşada bilsin! 

Sərdar Əsəd bədii yaradıcılığa erkən başlamışdı. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) I kursunda oxuyarkən şerləri mətbuata ayaq açmış, şairə uğur gətirmişdi. 1952-ci ildə ilk şerini dərc etdirən Sərdar Əsəd 1957-ci ildə “Gənclik illəri” adlı kitabı ilə Azərbaycan ədəbi mühitində adını və imzasını təsdiq etdirir. Şairin bundan sonra sağlığında – 1960-cı ildə “Səni axtarıram”, 1963-cü ildə “Yanan memar”, 1965-ci ildə “Cərrah ürəyi”, 1971-ci ildə isə “Simlərin tufanı” kitabları nəşr olunur.

Sərdar Əsəd özünü tərcüməçi kimi də sınayıb. Və burada da uğur qazanıb. O, Bartodan, Rodaridən tərcümə kitabları dərc etdirmişdi. 1977-ci ildə, intiharından iki il ötdükdən sonra şairin “Dağları aşdı sellər” kitabı nəşr olunur. O, 25 ildən az bir müddətdə yaradıcılıqla məşğul olmuşdu. Bu müddət ərzində araya-ərsəyə gətirdiyi şerləri ilə Azərbaycan poetik fikrinin inkişafı sahəsində xeyli iş görmüşdü.

Yuxusuz gecədən mənə nə qaldı,

Qızaran gözlərin rahat əzabı,

Razı vərəqlərə boşalan sinə,

Dolu külqabı…

Beləcə, Sərdar Əsəd Azərbaycan oxucusu üçün doğma bir şairə çevrilirdi. Bu doğmalığı onun mətbuatda az-az çap olunan, amma hər bir şerində şair fərdiyyətini təsdiq edən poetik dünyası yaşadırdı.

1975-ci ilin iyul ayında Sərdar Əsəd intihar edir. İntihar hamıya ağır gəlir və çoxlu suallar doğurur: niyə, nə səbəbə? Bu intiharın konkret bir səbəbi indinin özündə də məlum deyil, amma o dəqiqdir ki, Sərdar Əsəd bu intihara çoxdan hazır imiş. Bu haqda yuxarı da bəhs etdik. Səbəblər də yox deyilmiş…

Sərdar Əsədin şəxsi faciəsi onun “Ədəbiyyat və incəsənət” qəzetindən (indiki “Ədəbiyyat” qəzeti) işdən çıxarılması ilə başlayır. O, düz beş il – 1958-1963-cü illərdə bu qəzetdə işləyir. Və işdən çıxarıldıqdan sonra uzun müddət işsiz qalır. Sonradan nəşriyyatların birində işə düzəlsə də bu da çox çəkmir. Sonra yenə işsizlik, işsizliyin gətirdiyi ümidsizlik, ruh düşkünlüyü, məhrumiyyət içində keçən kasıb günlər, sıxıntı içində keçmək bilməyən əzablı gecələr…

Və beləliklə, hələ də müəmmalı bir ölümə doğru gedən əzablı bir yolçuluq başlayır.

Bütün bunlar şairin içkiyə qurşanmasına gətirib çıxarır. İşsizlik və pulsuzluğun ağrılarını içki ilə dəf etmək istəyir. O dövr ədəbiyyatımızın çox tanınan və sevilən simalarından olan Əli Kərim, Tofiq Bayram da içkiyə qurşanmışdılar. Bu mey məclisləri neçə-neçə gözəl əsərlərin yazılmamasına səbəb olurdu.

Amma istedadlı insanlarımızın dünyanı erkən tərk etmələrinə səbəb heç də onların şərabla dostluqları yox, yaşadıqları zaman, o dövrün mühiti idi…

Sərdar Əsəd əslində ümid dolu şair idi. Şerlərini oxuduqca həyata bağlı olduğu, sevgi dolu bir ömür yaşamaq istədiyi hiss olunur. Şairin “coşub daşan həyatın tələbatı başqadır” misralarından hiss olunur ki, o, bu tələbata uyğun gələ bilmir. İçində nə qədər böyük sevgi olsa belə…

Təbiət mənzərələri onun misralarında çox poetik bir dillə təsvir olunur. “Üfüqlər dağlara dirsəklənibdir” deyən şair gənc yaşlarında qocalığa bir işarə vururdu bəlkə də.

Mənəvi sarsıntılar, ədəbi cameənin qapılarının o qədər də geniş olmadığı bir dönəmdə bu qapıdan içəri sərbəst girmək, ədəbi mühitdə seçilmək və sevilmək də şairin uğursuz taleyindən xəbər verirdi. O bezgin bir həyat yaşamağa sürüklənir. İşsizlik və bi işsizliyin könül bulandıran fəsadları onun həyatını sonunu yaxınlaşdırırdı…

Bədxahları və sadəcə şairi yaxından tanımayanlar bir vaxtlar onun haqqında çox şeylər, özü də çox pis şeylər danışırdı. Amma bu deyilənlər öz əksini tapmır. Şair heç də ruhi xəstə deyildi, sadəcə onda güclü ruh düşkünlüyü, stress yaratmışdılar. Onun gücü isə bu əngəlləri aşmağa yox, yalnız özünə çatdı. O, intihar etdi. Yaşamağa məhkum olan ömrünə süni şəkildə sədd çəkdi. Amma Sərdar Əsədin yaşamasını təmin edən şerləri ona ölümsüzlük gətirdi.

Sərdar Əsəd bəxtsiz, dəyəri verilməyən şairlərdəndir. Dostu, eyni taleli həyat yaşamış, cəmi 38 il ömür sürmüş şair Əli Kərimin təbirincə desək, “Sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü bəlkə”…

Sərdar Əsəd cəmi 46 il yaşadı. Cavan getdi dünyadan, amma deyəsən, hələ də qədrini bilənlər tapılmayıb…  

Tural Balabəyli

Share: