Son vaxtlar sosial şəbəkələrdə kişilərdən şikayət edən qadınların sayı artıb. Azərbaycan kişilərinə qarşı müxtəlif ittihamlar irəli sürən zəriflər onlar haqqında pessimist olduqlarını açıq formada ifadə edirlər. Görəsən, qadınlar əks cinsin nümayəndələrinin hansı cəhətlərini xoşalmırlar? Əlbəttə, söhbət kişilərin hansı cəhətlərinin xoşlanmamasından gedirsə, bunu zəriflərin özlərindən bilmək daha yaxşıdır.

Müstəqil.Az Teleqraf.com-un mövzu ətrafında yaranmış suala qadınların verdiyi cavabları təqdim edir:

“Qeyri-peşəkar formada yalan danışırlar”

Bloqqer Günel Fərhadqızı: “Azərbaycan kişilərində önündəki insanı avam yerinə qoymaq, özgüvənin sıfır olmasından irəli gələn təkəbbür, özünü göstərmək üçün israfçılıq, qeyri-peşəkar yalan danışma, ağıllı insanların ağlını qiymətləndirməmək, insanları ümumiləşdirmə, “mən kişiyəm” məntiqsizliyi ilə idarəetmə, kobudluq və aqressiya ilə sözünü keçirmə cəhdi, həyatında olanların qədrini bilməmək, ifrat borclanma, işdə ambisiyanın olmamasını bəyənmirəm. Ailəli olduqları halda, bunu gizlətməyin uğursuz cəhdləri, boşanmış qadına əxlaqsız kimi yanaşması və süni – şişirdilmiş namus-qeyrət anlayışının əməldə yox, sözdə olması da böyük nöqsanlarıdır”.

“Çox tənbəldirlər”

Jurnalist Gülşən Şərif: “Bütün mövzularda olduğu kimi, Azərbaycan kişiləri mövzusunda da istisnaları var. Britaniyada olduğu kimi bizim cəmiyyətdə də tənbəlliyin yüksək olduğunu düşünürəm. Bu tənbəllik qadınlarımıza nisbətən, kişilərdə daha çoxdur. Məncə, kişilərimizin əksəriyyəti fəal aktivlik və özinkişaf baxımından tənbəldirlər. Bizim kişilərin sevmədiyim cəhətləri həyatlarını valideyn sözüylə qurmalarıdır. Valideyn fikri və dəstəyi vacibdir, bunu anlayıram. Ancaq yetkin insanın öz həyatına dair qərarları özünün verməməsi və ya verə bilməməsi problemdir. Bununla yanaşı, sevmədiyim digər cəhət geyimdə tünd rənglərə daha çox üstünlük verirlər ki, bu da hardasa kompleksli və özgüvənlərinin zəif olduğunu göstərir”.

“Sahib çıxmağı bacarmırlar”

Rəssam Çiçək Axverdi: “Erkən, hələ əsl kişilik həddinə çatmadan evləndikləri üçün sevdiklərinə sahib çıxmağı bacarmırlar. Bu yaşlarda özlərini böyümüş zənn edib, hələ bərkiməmiş çiyinlərini ailə yükünün altına verdikləri üçün çox tez təslim olurlar. Kişi yanındakı qadına sahib çıxmağı bacarmalıdır. Təəssüf ki, yaşı, təcrübəsi az olan kişi üçün həm ailənin maddiyyatını, həm də mənəviyyatını yüksək səviyyədə saxlamaq şansı çox azdır. Bizim kişilər bu tərəfdən çox zəifdirlər. Belə desək, kişi sevdiyinə sahib çıxmağı bacarmalıdır. Təəssüf ki, bizim kişilərdə sahiblənmək hissi çox zəifdir”.

“Qadınları kölələşdirməyə çalışırlar”

Şair Aysel Abdullazadə: “İfrat qısqanclıq və maçoluqlarını xoşlamıram. Azərbaycan kişisi sevgi adı altında qadınını əzir, məhdudlaşdırır və buna sevgidən doğan qısqanclıq kimi bir don geyindirir. Bir də ki, Azərbaycan kişilərinin əksəriyyətində ağa olmaq ehtirası var. Bu da özgüvənsizliyin nəticəsidir. Kişilərimiz bacarıqlı qadınları daşıya bilmirlər. Kişi qadınıyla qürur duymalıdır, nəinki onu kölələşdirməyə çalışmalıdır. Bu xüsusiyyətləri bizim kişilərin təəssüf ki, əksəriyyətində oturuşmuş bir xarakter halını alıb və bu, XXI əsrdə heç də bəyənilən bir hal deyil”.

“Qeybətcildirlər”

Jurnalist Nüşabə Şəkərova: “Kişinin qeybətcil olmasını sevmirəm. Təəssüf ki, bu, bizim kişilərin ən pis tərəfidir. İstər sosial şəbəkələrdə, istərsə də real həyatda dedi-qoduya meyillidirlər. Ağızdan-ağıza eşitdiyi yalanları da şişirdirlər, bunun qeybətini edirlər, sosial şəbəkələrdə yazırlar. Bu da xoşuma gəlmir. Əksəriyyətində intellekt çox aşağıdır, mütaliələri yoxdur. Əlbəttə, intellektli, mütaliə edən, özlərini inkişaf etdirən gənclər də var. Amma elələri də var ki, kitab oxumağa pis vərdiş kimi baxırlar. Bir də kişilərimizdə belə bir fikir formalaşıb ki, dünya ancaq müsəlmanlardan ibarətdir, müsəlman olmayan hər kəs yalnış yoldadır. Tolerant olmamaları insanı narahat edir. Bir az da dini məsələdə radikallıq var, qalan hər şey normaldır. Bu nöqsanlar aradan qalxsa, cinslərarası münasibətlərdə problem də olmazdı”.

“Ancaq futbol, pul, qız...”

Jurnalist İlknur Salamova: “Onların ən böyük problemli cəhətlərindən biri empatiya duyğusundan yoxsul olmalarıdır. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm, sadəcə onu bilirəm ki, azərbaycanlı kişilərdə empatiyanın miqdarı sıfırdır. Empatiya isə bildiyiniz kimi, bizi insan edən əsas cəhətlərdən biridir. Bir insan düşünün ki, başını eyni yastığa qoyduğu qadını, onu dünyaya gətirən ananı, həmçinin, atasını, qardaşını, bacısını, hətta öz övladını belə anlamır. Anlamamaq bir tərəfə ümumiyyətlə, anlamağa çalışmır. Bu isə bütün davranışlarına sirayət edir.

Digər pis cəhətləri də həddən artıq şişmiş eqoya sahib olmalarıdır. Elə bilirlər ki, onlar dünyadakı ən yaxşı şeylərə layiqdirlər. Hamını anaları zənn edir, onun kaprizlərini çəkməsini tələb edirlər. Məsələn, göbəkləri alınlarına dəysə də, model kimi qız axtarırlar. Ciblərində 1 manat pul olmadığı halda Monika Belluçi ilə sevgili olmaq xəyalları qururlar. Nə yaxşı ata, nə yaxşı həyat yoldaşı, nə yaxşı dost, nə də yaxşı övladdırlar, amma elə bilirlər ki, bütün bu faydasızlığa rəğmən, kimlərsə onu əl içində saxlamalıdır. Bu eqonun şişməsi probleminin kökündə cəmiyyətin dayandığını və eqo şarına hava verənlərin böyük qisminin qadınlar olduğunu da bilirəm. Bu da başqa bir mövzudur.

Xoşlamadığım başqa bir cəhət isə həddən artıq kobud və baxımsız olmaları və bunları kişiliyin simvolu hesab etmələridir. Neçə dəfə görmüşəm ki, təmiz geyinib keçinən, dırnağının, dişinin, saçının təmizliyinə əhəmiyyət verən, yolda tüpürməyən, mədəniyyət qaydalarına əhəmiyyət verən kişiləri digər həmcinsləri ələ salır, onlara yuxarıdan aşağı baxır, hətta homoseksual adlandırırlar. İddia edirəm ki, Azərbaycanda seksist olmayan kişi yoxdur. Özünü nə qədər liberal, müasir düşüncəli, intellektual göstərir-göstərsin, hər bir azərbaycanlı kişinin alt şüurunda çayxana qaqaşı yatır. Özlərini qarşı cinsdən üstün hiss etmələri bizim kişilərin hər addımında, ağzından çıxan hər sözdə hiss olunur. Əslində seksistlik bir xəstəlik kimi bizim cəmiyyətin hər üzvünə yoluxub. Qadınlar arasında da seksistlərin sayı çoxdur. Bu, şüurumuza o qədər təsir edib ki, bəzən fərqində olmadan öz cinsimizi aşağılayan ifadələrdən istifadə edir və ya qarşı tərəfin belə ifadələr işlətməsini adi hal kimi qəbul edirik”.

İlknur Salamova hesab edir ki, azərbaycanlı kişilər heç vaxt səhvlərini qəbul etmir, başlarına gələn hər uğursuzluğun günahını başqalarında axtarırlar: “Özlərini inkişaf etdirməyə çalışmırlar. Bütün cahil insanlar kimi hər şeyi bildiklərini zənn edirlər. Söhbətləri ancaq 3 mövzu – futbol, pul, qız ətrafında fırlanır. Ona görə də, varlısı da, kasıbı da həddən artıq sıxıcı, boş və boz insan olmaqdan xilas ola bilmir”.

“Elə bilirlər ki…”

Jurnalist Fidan Bayramova: “Kişilər istər ailədə, istərsə də cəmiyyət içində olsun, kişi olduqları üçün hökmranlığın da onlarda olduğunu düşünürlər. Yəni, mənəm-mənəmlik iddiası… “Mən kişiyəm”, “mən oğlanam” kimi yalnış düşüncənin içindədirlər. Bu cəhətlərini xoşlamıram”.

“Qısqanclıq, xəyanət, təkrarlanan səhvlər…”

Jurnalist Maya Quliyeva: “Səliqəsiz kişi… Kişilər həmişə qadın – ana, bacı gəlin əhatəsində böyüdükləri üçün onların işini görənlər var deyə, yediklərini, tökdüklərini yığışdıranlara həmişə arxayın olurlar . Diqqətsiz kişi… Kişilərin çoxu evdən çıxarkən nə geydiyinə belə fikir vermədiyi halda, ona həmişə kənardan qadın gözü ilə baxan ana və bacısı bu işdə kömək edib. Əksəriyyətində belədir. Bir kişidə ən azı xarici görünüşdə yaraşığa baxan qadın əlbəttə, əvvəlcə kişidə səliqəli geyim , saç , iy, əllər, ağız qoxusu, davranışa fikir verir . Qaldı ki münasibətə, hər iki tərəf ilk görüşdə tam xarakter ola bilmir. İlk görüşdə ən azı bir insanın xarici görünüşü , ətrafla münasibəti , danışıq tərzi önə çıxır. Amma münasibətlər dərinləşdikcə hər iki tərəfin mənfisi bütün səylərə baxmayaraq, partlayaraq çölə çıxır. Bir də həddən artıq qısqanclıq, inamsızlıq , əvvəlki diqqətin olmaması, axtarılmama, söz verib əməl etməmək , nəyinsə yaddan çıxması, aldatma və xəyanət, təkrarlanan səhvlər də yaxşı hallar deyil”.

“Onu sevməyən adamın arxasınca qaçır”

Jurnalist Lamiyə Balacayeva: “Onlarda bəyənmədiyim cəhət özlərini ağıllı hesab edib qarşı tərəfi incitmələridir. Səhvlərini başa düşmürlər, anlasalar belə eqolarına görə etiraf etmirlər. Buna görə də sevənin yox, sevməyən adamın arxasınca qaçıb axırda da peşiman olurlar. Bu da faydasızdır. Diqqətsizdirlər. Çox şey var, hansını deyim?!”

“Yersiz suallarını xoşlamıram”

Jurnalist Raziyyə İmranqızı: “Xüsusilə də, gənclərdə səliqəsiz geyimi, yersiz sual vermələrini sevmirəm. Bunları savadsızlıq və mədəniyyətsizlik kimi qiymətləndirirəm”.

Müəllif: Mənsur Rəğbətoğlu
Share: