Generala…
General POLAD HƏŞİMOVUN ruhuna sayğı ilə…
*****
Düşmənin hücum əmri
əsgər çəkmələrinin bağında
boğulurdu,
şinelin
sol döşündəki şəkil
dua əvəzi
güc verdikcə
silahlanmış nifrət
döyüş yanğısıyla
atəş açırdı…
Torpaq
ayaqlar altında
qarış-qarış azalmaqdan qorxurdu…
Səngər boyu sürünən
qəzəb
ölümü
tətiklədikcə
Qarabağ uzaqdan
ümid dolu gözlərlə,
yalançı sərhədlərin
tikanlı məftillərindən
həsrətlə baxırdı…
Atası döyüşdə olan
uşaqlar
şəhid oğlu
doğulurdu…
Anaların
oğul həsrəti
torpağın sinəsində
vətən-vətən
darıxırdı…
N saylı hərbi hissə boyu
boğuşan güllələr
və
Komandirin
atəş əmri mərmi sükutunu
pozduqca
yaralı əsgərlərin titrək
dodaqlarına
son ümid
son məktub əvəzi sıxılırdı…
Torpaq şəhid doğurdu…
Dünya
Tovuz boydaydı bu gecə,
Bütün manşetlər boyu
güllələnirdi xəbərlər,
Bir generalın son əmrinə
müntəzir dayanmışdı
əsgərlər…
Paytaxta şəhid gəlirdi…
Aysel Xanlarqızı Səfərli