Zemfira Salmanova: Soyuq baxışların üşəntusində, Doğma ocağında “yad” olan adam!..

Zemfira Salmanova: Soyuq baxışların üşəntusində, Doğma ocağında “yad” olan adam!..
(ŞEİRLƏR)
SİQAR TÜSTÜSÜNDƏ BOĞULAN ADAM
(Xəyanətin qurbanı)
Bu nəmli dünyaya, qəhər dünyaya,
Dərdin qucağında doğulan adam!..
İlahi sevgini hiss eləmədən,
Acı göz yaşıyla yoğrulan adam.
.
Ana taleyinin günahlarından,
Haram nəfslərin cücərtisitək.
Doğuşun bir evə sevinc deyil ki,
Fəlakət zəngini bəstələyəcək.
.
O məsum ruhuna ləkəli əlin, –
Vurduğu damğaya ram olan adam!..
Həndəsi fiqurun üçbucağında,
Qapını döymədən qovulan adam!..
.
Gəlişin dünyaya nə gətirəcək?
Bu dünya səninlə bağın qurmadı.
Bir ata qoynundan uzaq böyüdün,
Bir “ata” qoynuna səni almadı.
.
Hər, – Ata!.. çağırıb yüyürdüyündə,
Şübhənin kölgəsi sarıdı səni.
O əllər nə səni havaya atdı,
Nə sıxıb, bağrına bürüdü səni.
.
Soyuq baxışların üşəntusində,
Doğma ocağında “yad” olan adam!..
Məhəbbət yerinə nifrəti içən,
İçindən sökülüb oyulan adam!..
.
O günah zəhrini içdiyi gündən,
Ananın ömrünə günəş doğmadı.
Yaşadı qorxuda, səksəkələrdə,
Nə ana olmadı, nə yar olmadı.
.
Hər sənə baxanda boğuldu rəngi,
Ah çəkdi taleyin lənətləyərək.
Vəhşi arzuların qurbanı oldu,
Əzilib tapdanan yaralı çiçək.
.
Doğuşun dörd səmtə yarğanlar çəkdi,
Dörd tale çatında sıxılan adam!..
Atalı, analı yetim böyüdün,
Dünyası başına yıxılan adam!..
.
Körpə bədəninə “dar” gəldi evin,
Özünü küçədən – küçəyə atdın,
Gündüzün işığı utandıranda,
Günahsız ömrünü gecəyə qatdın.
.
Ah…zülmət gecələr aldı qoynuna,
Soyuq daş küçələr dizinə çəkdi,
Günahkar baxışlar görməsin deyə,
Küçələr tozunu üzünə çəkdi.
.
İçini kirlətdi günahın ahı,
“Küçə uşağı” tək çağrılan adam!..
Üzünü boyadı yorğun baxışlar,
Küləyin tozunda sovrulan adam!..
.
Beləcə daşıdın çiyinlərində,
Özgə günahların ağır şələsin,
Söylə, kim adını ağzına alsın,
Kim sənin dərdini açıb, bələsin?..
.
Soyuqda anatək öpüb dodağın,
Mey dolu piyalən canı qızdırar,
Dərdini yandırıb tüstülədərək,
Təsəlli verirdi közərən siqar.
.
Nə siqar, nə şərab qoruyammadı,
Küçəyə, gecəyə dağılan adam!..
O məsum çöhrəndə ləkə qalmadı,
Siqar tüstüsündə boğulan adam!..
Alnına yazılan acı qismətin,
Büzüşüb yatmağa qucağı dardır,
Axı bu dünyaya doğulan kəsin,
Hardasa atası, anası vardır.
.
Siqarın tüstüsü qarsırdı üzü…
Əzab barmaqların kilidləmişdi.
Tüstüdən kor oldu dünyanın gözü!…
Bir ürək nifrətdən külə dönmüşdü.
.
Soyuyan dodaqdan düşən siqaret,
Başını dostunun köksünə qoydu.
Yandırdı, canını qatdı canına,
Dünya günahlardan arınmalıydı.
5.2.2026
İSTƏSƏM DƏ YERİN
DOLMUR ki DOLMUR
Min illərdir sular axır beləcə,
Min illərdir günəş yaxır beləcə,
Min illərdir ay da çıxır hər gecə,
Şaxta kəsmiş ürəyimi ovutmur.
Qara zülfə cizgi salıb bəyaz dən,
İndi daha ,nə o sənsən, nə o mən,
Göz yaşımdan şeh götürüb göy çəmən,
Əsən meh də o şəbnəmi qurutmur.
.
Sən öyrətdin bu sevgiyə nifrəti,
Əsdi sazaq xəzan oldu qisməti,
Ay ömrümün sən adında həsrəti,
Nağıllar da daha məni uyutmur.
.
Xatirəmdə nə qaldı ki,de səndən,
Qəlb yerinə daş asılıb sinəndən,
Sevgilər də saxtalaşıb dünəndən,
Pərvanə də şəm-çırağa qayıtmır.
SİNƏ – SİNƏ
Yolumuzu azdırmışıq,
Əyri yolda sinə – sinə.
Yalanları asdırmışıq,
Doğruların sinəsinə.
.
Dar ağacları qurulub,
Günahsız başlar vurulub,
Guya divan – haqq sorulub,
İmzalanıb tərsəsinə.
.
Quyu qazan cələ qurub,
.Kim düşəcək, tələ qurub,
Zəmanə elə qudurub,
Şir keçirir pəncəsinə.
.
Məmur günahların satır,.
Kasıb yuxuyla baş qatır,
Qanun imzalarda yatır,
Nəf* yazılır özgəsinə.
.
Həqiqət yanıb cırlaşıb,
.Böhtan nahaqla curlaşıb,
Fitnə, fəsad qucaqlaşıb,
Toxum səpir bəlkəsinə
.
İzdə, ləpirdə yatanın,
Dostu, qardaşı satanın,
Dövrana qurşaq tutanın,
Gün dolanır kölgəsinə.
.
Çox qəribədir bu həyat,
Baş alıb gedir sat-ha-sat,
Kərtənkələ yatıb rahat,
Zəhri satır gürzəsinə.
.
Dünya eşqlə cilalandı,
Gövhəri – Kan rizalandı,
Yerlər, göylər imzalandı,
Tanrı – bəşər sevgisinə.
28.1.2026.
Share: