Gün hələ dağların arxasından boylanmamış, kənd evinin torpaq döşəməsində həyat oyanır. Lerikin Nuravud kəndində də səhərlər tez açılırdı. Çünki burada gün doğmamış qalxmaq sadəcə vərdiş yox, yaşamaq qaydası idi.
Hüseynbala Mirələmovun uşaqlığı bu erkən səhərlərin içində keçmişdi. Ağır kənd həyatı ailəni daim zəhmətə çağırırdı. Torpaqla dolanan, çətinliklə güzəran quran bu evdə bolluq yox idi, amma nizam-intizam vardı. Çörəyin qədrini bilirdilər, zəhmətin qiymətini anlayırdılar. Güzəran ağır idi, amma ümid tükənmirdi. Çünki bu evdə gələcəyə inanırdılar.
Onun dünyagörüşünün formalaşmasında ata sözü xüsusi yer tuturdu. Hüseynbala müəllim sonralar tez-tez xatırlayardı: “Atam deyərdi ki, kişinin üstünə yataqda gün düşməməlidir. Gün çıxana kimi kişi yataqdan qalxıb işə başlamalıdır.” Bu söz sadəcə nəsihət deyildi, həyat fəlsəfəsi idi. O evdə tərbiyə sözlə yox, nümunə ilə verilirdi. Ata necə yaşayırdısa, oğul da elə olmalı idi.
Valideynlərin tövsiyələrinə əməl etmək, böyüyün sözünü yerə salmamaq, halal zəhmətlə yaşamaq Hüseynbala Mirələmovun uşaq yaddaşına erkən həkk olunmuşdu. Kənddə hər şey ağır idi, yol da, iş də, dolanışıq da. Amma arzular ağır deyildi. Əksinə, böyük idi. Çünki kasıb evdə böyüyən uşağın arzusu ya kiçik olur, ya da həddindən artıq böyük.
Hüseynbala Mirələmov gələcəyi oxumaqda görürdü. Məktəb onun üçün sinif otağı yox, başqa bir dünyanın qapısı idi. Uşaq vaxtı atası onu Lənkərana məktəbə hazırlıq üçün alış-verişə aparanda, təsadüfən rast gəldikləri bir tanışın dediyi “nahaq əziyyət çəkirsən, oğlun nazir olmayacaq ki” cümləsi onun yaddaşında silinməz iz salmışdı. Elə o vaxtdan özünə söz vermişdi ki, oxuyacaq, çalışacaq və mütləq irəli gedəcək. Bu, təkcə şəxsi ambisiya deyildi, ata əziyyəti qarşısında öhdəlik idi.
1945-ci ildə Lerik rayonunun Nuravud kəndində başlayan bu yol onu Lənkaran sinif otaqlarından Bakıda Ali məktəb auditoriyalarına kimi gətirdi. O, orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb, mühəndislik ixtisasına yiyələndi. Qaz sənayesində müxtəlif məsul vəzifələrdə çalışdı, istehsalat rəhbəri oldu. Böyük təsərrüfat mexanizmlərinin içində formalaşdı. Texniki düşüncə, riyazi dəqiqlik və idarəçilik təcrübəsi onun peşəkar portretinin əsas cizgiləri idi.
Amma Hüseynbala Mirələmov təkcə mühəndis deyildi. O, sözə erkən yaşlardan gəlmişdi. Hələ yeddinci sinifdə oxuyarkən yazdığı “Bir tikə çörək” hekayəsi onun ədəbiyyata ilk addımı olmuşdu. Sonralar “Tənha durna uçuşu” ilə başlayan yaradıcılıq yolu onlarla bədii, publisistik və elmi kitabla davam etdi. Maraqlıdır ki, texniki təhsil almasına baxmayaraq, onun nəsri soyuq hesablamalara yox, insanın daxili dünyasına söykənirdi.
Onun əsərlərində kənd adamı, zəhmətkeş ata, susqun ana, insanın daxili tənhalığı və zamanla mübarizəsi əsas mövzulardır. Bu obrazlar kabinetlərdən yox, həyatın içindən gəlirdi. Məhz buna görə Hüseynbala Mirələmov oxucu rəğbəti qazandı.
2005-ci ildən etibarən onun həyatında yeni mərhələ başlandı. O, üç çağırış Milli Məclisin deputatı seçildi, aqrar siyasət və mədəniyyət komitələrinin üzvü kimi fəaliyyət göstərdi. Parlament çıxışlarında region gənclərinin ali təhsilə çıxış imkanlarını, elmi-texnoloji innovasiyalara dəstək mexanizmlərini, Qarabağ qazilərinin reabilitasiyası məsələlərini gündəmə gətirdi. Jurnalistlərlə dialoqda isə ədəbi mühitin azadlığının cəmiyyət üçün inkişaf amili olduğunu vurğuladı.
Zalxa Orucovanın “Hüseynbala Mirələmovun bədii nəsri” monoqrafiyası da bu mənada təsadüfi deyil. Tədqiqatda yazıçının yaradıcılığı insan və zaman münasibətləri kontekstində araşdırılır, onun nəsrindəki daxili ziddiyyətlər, qəhrəman seçimi və real həyatın bədii dəyərləndirilməsi elmi əsaslarla təhlil edilir. Elmi baxışla oxunan bu nəsr sanki müəllifin həyat yoluna da işıq salır.
Qeyd etməliyəm ki, Hüseynbala Mirələmovla şəxsi ünsiyyətim çox məhdud olub. O, Azərbaycan Qaz Emalı Zavodunun direktoru işlədiyi illərdə jurnalist kimi bir dəfə ünsiyyətdə olmuşam. Bu rəsmi görüşdən başqa yaxın tanışlığımız olmayıb. Sonralar müxtəlif ədəbi və ictimai tədbirlərdə onu görmüşəm, eyni məkanda olmuşuq, amma söhbət etməmişik.
Amma həmişə bu insanda özümə bir doğmalıq hiss etmişəm. Bəlkə də eyni bölgədən olmağımızdan, oxşar uşaqlığımızın çətinliklərlə dolu olmasından irəli gəlib. Buna baxmayaraq, onun yaradıcılığı ilə oxucu kimi həmişə yaxın olmuşam. Əsərlərini sevə-sevə oxumuşam. Bəlkə də elə bu məsafə yazıçı ilə oxucu arasındakı ən sağlam vasitədir.
Bu gün Hüseynbala Mirələmov təqaüdçü eks-deputatdır. O, biznes fəaliyyəti ilə məşğul olur, bəzən dəniz kənarında görünür. Amma onun əsas məkanı artıq səs-küylü salonlar yox, yaddaşdır. El yaddaşı, oxucu yaddaşı, yazdıqları yaddaşı.
Hüseynbala Mirələmovun taleyi bir insanın taleyindən daha çoxdur. Bu, eldən çıxıb yenə elə qayıdan bir yolun hekayəsidir. Uşaqlıq səhərlərində atasının dediyi söz hələ də onun taleyində yaşayır “Gün çıxmamış qalx, işə başla. Çünki kişi yataqda gün görməməlidir”.
Elə buna görə də zamanın kölgəsində qalsa belə, el yaddaşında və ədəbiyyatda işıq kimi onun sözü hələ də yaşayır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















