ZAMAN KEÇSƏ DƏ İZLƏR SİLİNMİR, SEVGİ TÜKƏNMİR

ZAMAN KEÇSƏ DƏ İZLƏR SİLİNMİR, SEVGİ TÜKƏNMİR

 Müəllim adı həmişə ucalığın, hörmətin və mənəvi zənginliyin simvolu olub. Çünki müəllim yalnız dərs deyən deyil, o, insanın qəlbinə toxunan, ruhunu işıqlandıran, həyat yolunu aydınladan bir işıqdır.

Hər bir şagirdin yaddaşında, qəlbində izi qalan müəllim əslində gələcəyin təməlini qoyur. Möhübbət müəllim də belə müqəddəs insanlardan idi. O, Lürən kəndində yaşasa da, bizim Bədəlan kəndində cəmi altı il dərs demişdi. Qısa bir zaman olsa da, onun öyrətdikləri, verdiyi dəyərlər və nümunəvi həyat tərzi hər bir şagirdin qəlbində silinməz iz buraxmışdı.

O, yalnız bilik öyrətməmiş, eyni zamanda hörmət, şərəf, mərhəmət və vətən sevgisi aşılamışdı. Təəssüf ki, o dünyasını dəyişəndə üzürlü səbəbdən son mənzilə yola salınmasında iştirak edə bilməmişdim. Bu, mənim üçün hər zaman bir nisgil olaraq qaldı. Amma bu Novruz bayramı qismət oldu. Onun məzarını ziyarət etmək, ruhuna dualar oxumaq, xatirələrini yenidən canlandırmaq imkanı tapdıq. Ola bilsin ki, Möhübbət müəllim övladlarına maddi sərvət miras qoymayıb. Amma şərəfli adı, dürüst həyatı və insanlıq dərslərini miras qoyub. Bu miras heç zaman tükənməyəcək, heç vaxt bitməyəcək…

Onun əziz xatirəsini yaşadan övladları, qardaşım Fəxrəddin Həsənli və Lürən kəndinin səmimi insanları ilə birlikdə xatirələrimizi paylaşdıq. Sakitlik içində keçmiş günləri yad etdik, hər baxışda bir minnətdarlıq, hər sözdə bir ehtiram vardı. Möhübbət müəllim kimi insanlar ömürlə ölçülmür. Onların dəyəri yaşadıqları illərlə deyil, qoyduqları izlərlə, yetişdirdikləri insanlarla və mənəvi mirasları ilə ölçülür. O izlər isə zaman keçsə də silinmir, əksinə, daha da dərinləşir, yolumuza işıq saçır, qəlblərimizi nurla doldurur. Ruhu şad olsun, məkanı cənnət olsun. Onun adı və xatirəsi hər zaman bizimlə yaşayacaq, gələcək nəsillərə örnək olacaq.

Şərafəddi İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: