Yüz yaşlı əbədiyyət yolçuları – Elnarə AKİMOVA yazdı

Yüz yaşlı əbədiyyət yolçuları – Elnarə AKİMOVA yazdı

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın fikir həyatında mühüm tarixi hadisəyə şahidlik edən tarixi bir Sərəncam imzaladı. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq!

Türkoloji qurultay təkcə dünya türkologiyasının tarixində deyil, Azərbaycan siyasi tarixində mühüm hadisəydi və hətta əminliklə demək olar ki, o dövrdə ən mühüm hadisəydi. Bir əsr əvvəl Bakıda reallaşan bu tarixi qurultay yüz ildir ki, dünyanın humanitar platformasında ən aktual məsələlərdən biri olaraq qalır və getdikcə türk dövlətlərinin siyasi həyatına, türk düşüncəsinin məfkurəvi aspektlərinə sirayət edir. Bakının dünya türkologiyasının deyil, türk düşüncəsinin mərkəzinə çevrilməsinə rəvac verir. Niyə? Çünki qurultayda müzakirə olunan problemlər sırf elmi məsələlər idi, özündə tarixə, ədəbiyyata, linqvistikaya, etnoqrafiyaya dair ciddi məsələləri ehtiva edirdi. Alt qatda isə gələcəkdə yaradılacaq türk birliyinə yol açırdı ki, biz bu gün həmin tarixi prosesin iştirakçılarıyıq.

Türkoloji qurultayda qaldırılan məsələlərlə bağlı son otuz ildə çox işlər görülüb. Haqqında söhbət gedən Sərəncam cənab İlham Əliyevin türkoloji qurultayla bağlı verdiyi ilk sərəncam deyil. Bütün fəaliyyəti boyu türkoloji qurultay onun diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub. Türkoloji qurultayın səksən, doxsan illik yubileylərinin keçirilməsi üçün də sərəncamlar imzalamışdı cənab Prezident. Amma Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra 100 illik yubileyin keçirilməsinin xüsusi önəmi vardır. Siyasi-ideoloji baxımdan da bu çox əhəmiyyətlidir. Bakı yenidən həm türkoloji mərkəz kimi, həm də türk dövlətlərinin fikir mərkəzi kimi dünyanın diqqət mərkəzinə gəlir.

1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayın ideyaları Sovetlər dönəmində düşüncələrə istiqamət verməkdə davam edirdi. Görkəmli qazax yazıçısı Oljas Süleymenovun “Az i Ya” kitabı həmin istiqamətin yetirdiyi kitab idi və təsadüfi deyildi ki, o kitab erməni daşnak ideoloqlarının Azərbaycana qarşı yazdıqları kitablara, xüsusən Zori Balayanın “Ocaq” kitabına ilk sərt və amansız cavabı vermişdi. Yaxud 100 il əvvəl keçirilmiş Türkoloji qurultayın təsir gücü Stalin repressiyaları dövründə də türkdilli xalqların dirəniş gücünə stimul verirdi.

1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinə böyük rus alimi Bartoldun mülahizələri ən dəqiq cavabı verirdi. Bartold deyirdi ki, “Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır… Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan Cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur”.

XX yüzilin iyirminci illərində dünya türkologiyasının ən aktual problemlərinin Bakıda müzakirə olunması ictimai fikir tariximizin bənzərsiz və qürurverici səhifəsini təşkil etməkdəydi. Bu gün isə Qurultayın 100 illiyinin keçirilməsi təsdiq edəcək ki, Bakı təkcə elmi həyatın deyil, Türk birliyinin də siyasi həyatında mərkəzə çevrilməkdədir.

***

1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadı. Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və s. ilə bağlı qərarlar qəbul edildi, amma təəssüf ki, çox keçmədən həmin tədbirin əksər iştirakçıları, yəni türkologiya elminin fikir bayraqdarları sovet rəhbərliyinin hədəfinə tuş gələrək taleyin amansız zərbəsini aldılar: sürgün, güllələnmə, ən ağlasığmaz üsullarla cəzalanma və s.

Əlbəttə, qurultayda müzakirə edilən məsələlər zamanla İsmayıl bəy Qaspıralı, Vasili Radlov və başqaları tərəfindən dilə gətirilmişdi. Bu mənada, Birinci Türkoloji Qurultay onların düşüncələrə əkdikləri türklük ruhunun pərvəriş tapması, daha geniş fikir arealını çevrələməsi ilə əlamətdar idi. O da mühüm məqam idi ki, bu qurultay həmin illərdə yeganə hadisə olaraq, yalnız türk ruhunun daşıyıcılarını deyil, sovet ideologiyasının tanınmış simalarını da ətrafına cəm edə bilmişdi. Qurultayın elmi rəhbərliyində təmsil olunanlardan biri görkəmli türkoloq alimimiz Bəkir Çobanzadə idi. Qurultay Türk dünyası tarixinin dönüş nöqtəsi idi, onun ideyaları Türk dünyasının ortaq yaddaşı, dili və mədəniyyətinin birgəliklərinin ifadəsi baxımından müstəsnalıq kəsb edirdi. Bu gün də, türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə böyük zərurət meydana qoyur.

Əslində, Türkoloji Qurultay Atatürklə Stalinin ideoloji qarşıdurmasının revanş nöqtəsiydi. Və bu mənada, 1930-cu illərdə Stalin qalib gəldisə, 100 il sonra dünya Atatürkün zəfərini müşahidə etdi. Bunu da xatırladım ki, qurultayın alt qatında baş verən proseslər bizə indi, yəni 100 ildən sonra aydın olur. İstər Azərbaycanın kommunist dövlət rəsmiləri, istərsə də Türkiyədən gələn Atatürkçü professorlar qurultay günlərində necə riskli bir prosesdə iştirak etdiklərini anlayır və bir-birilərilə diplomatik üslubda danışırdılar. Məsələn, həmin günlərdə Fuad Köprülünün verdiyi müsahibələrdə Türkiyənin hansı xətti müdafiə edəcəyi barədə açıq fikir söylənilmir. Eləcə də Əli bəy Hüseynzadə! Bu isə təbii ki, türk xalqları arasında inteqrasiyanın gələcək perspektivi üçün edilirdi. Mən bu məqamda fikrimi əsaslandırmaq üçün o dövrdə Fuad Köprülünün bir söhbətini xatırlatmaq istərdim. Əlifba islahatı, əslində, Hərf inqilabı ilə bağlı suala baxın necə diplomatik cavab verir: “Azərbaycan tərəfindən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyilik. Bu yaxınlarda Maarif Nəzarəti tərəfindən xüsusi bir komisyon təşkil edildi. Bu komisyon imla və hürufatı tədqiq ilə məşğul olur, hənuz qəti bir fikir və qərara gəlmədilər. Zənn edirəm, bu tədqiqat yenə bir kaç ay davam edəcəkdir.

– Şu halda, qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və ya əleyhinə bir fikir verəmiyəcəksiniz?

– Təbii, deyilmi? Ancaq şurasını da ərz edəlim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də – maaləsəf – hənuz hazırlığımız olmadığı kibi hökumət tərəfindən də bu xüsusda əlimizdə bir təlimat yoxdur”.

Halbuki Türkiyə Sovet İttifaqında məlum məsələ ilə bağlı prosesi diqqətlə izləyir, Sovetlərin türk əhalisi üçün verəcəkləri qərarı səbrlə müşahidə edirdi. Türkiyədə məlum proseslərə rəhbərlik Türkoloji İnstitutun rəhbəri Fuad Köprülüyə həvalə olunmuşdur. Türkoloji Qurultay bir il əvvəl İstanbulda keçirilməliydi. Tələsmədilər. Gözlədilər. Bakıda keçirildi. Azərbaycan latın əlifbasına keçdi. Türkiyə də bir il sonra keçdi. Türkiyə latın əlifbasına keçən kimi Stalin prosesi dayandırdı. Türkoloji Qurultayla bağlı Stalinlə Leninin fikirləri fərqliydi. Baxmayaraq ki, Lenin qurultay günlərində artıq həyatda yox idi. Amma hərf inqilabını məhz o, Şərqdə böyük inqilab adlandırmışdı. İnqilab isə oldu və dərhal da Stalin tərəfindən ləğv edildi. Səbəb isə aydın, sadə bir həqiqət idi! Çünki Türkiyənin latın əlifbasına keçməsi ilə sovet türkləri ilə Anadolu türkləri mənəvi baxımdan birləşirdi.

***

Bu qurultayla bağlı öyrəniləsi çox şey var. Təkcə çıxışlarda qaldırılan məsələlər baxımından deyil, eləcə də qurultay nümayəndələrinin kimliyini öyrənmək belə bizi müxtəlif sahələrdə araşdırmalara sövq edir. Məsələn, 1920-ci illərdə “türk respublikalarında uşaq ədəbiyyatının vəziyyəti necədir”, – sualını qurultay nümayəndələrindən bir qisminin yaradıcılığını tədqiq edərək cavablandırmaq olar. Məsələn, qurultayda dünya miqyaslı akademiklərlə, linqvistlərlə yanaşı iştirak edənlərin arasında Qabdrəhimov Qali Şakiroviç Tatar uşaq ədəbiyyatının yaradıcılarından biridir. 1913-1915-ci illərdə “Ak yol” jurnalında uşaqlar üçün hekayələr və nağıllar dərc etdirib. Həmin yazıları 1923-cü ildə nəşr olunmuş “Qırmızı çiçəklər” adlı kitabında toplayıb. Yaxud Elbek Metrik  Özbək uşaq poeziyasının banisidir. Kazandan olan nümayəndə Hasan Səbri Ayvazov “Göz aydın” uşaq jurnalının redaktoru olub. Krımlı Şevqi Bektörənin gözəl uşaq şeirləri var və s.

***

Birinci Türkoloji Qurultayın yaranma zəmini ilk növbədə, mətbuatın yarandığı dövrlərdən başlanır. 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən “Əkinçi” qəzeti bizim yalnız milli düşüncəmizin deyil, eləcə də türk düşüncəmizin kökündə dayanan amildir. Sonrakı dövrdə – xüsusilə, XX əsrin əvvəllərində milli ruh və idrak təəssübkeşliyimiz, müqavimət və dirəniş amalımızın qazanılmasında Zərdabi ideallarının nə qədər önəm kəsb etdiyi məlum məsələdir. Bu dövr həm də görk edir! XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradan aydınlar mətbuatın, maarifin, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə necə alovlu şəkildə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər. Elm almaq, maariflənmək prosesi ardınca məfkurə xəttini gətirməli idi. Bunu böyük haqq işi uğrunda mücadiləyə atılan bütün milli münəvvərlər aydın dərk edirdilər. Zərdabi ilə qurulan vətən məfkurəsi sonradan pərvəriş tapan mətbuat orqanlarının hamısının ana xəttinə çevrildi. 1891-ci ildə “Kəşkül” qəzetində Azərbaycan adının milli kimlik məsələsi təsbit olundu, millətin adı ətrafında fikirlər səsləndirildi. “Tərcüman” qəzetində krımlı yazar İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” məramı ilə türklərin ortaq problemlərinin qoyuluşunu hədəf götürdü. Ən böyük məfkurə dərsini isə 1905-1906-cı il aralığında çap olunan “Həyat” qəzeti verdi. Böyük ədəbi-mədəni coğrafiyanı ehtiva edən bu qəzetdə böyük ideoloq Əli bəy Hüseynzadənin qələmində təqdim olunan “Türklər kimdir və kimlərdən ibarətdir”, eləcə də Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və digər ədiblərin yazdığı məqalə və bədii mətnlərlə milli varlıq tanıdılmağa, milli triadamızın əsası qoyulmağa, milli kimlik fənni aşılanmağa başlandı və qəzet bağlandıqdan az sonra, elə həmin il işıq üzü görən “Füyuzat” jurnalı (1906) 32 sayı ilə cəmi bir il davam edən yaradıcı fəaliyyətində geriyə dönüşü mümkün olmayan azadlıq, şüur hərəkatına imza atdı. “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai”, – deyən Əli bəy Hüseynzadənin çağırışı ardınca istiqlala aparan yolun mübarizkar, mətin milli fədailərini yetişdirdi. Bu, həm də M.F.Axundzadə və H.Zərdabi ilə başlanan yolçuluğun, millət və xalq fədailiyinin məntiqi sonucu, tarixi nəticəsi idi.

Bu mənada, millətin elmi, bədii və siyasi potensialını meydana qoyan “Əkinçi” qəzetinin xalqa qazandırdığı nə oldu? – xüsusunda sual edəndə bu iki amilin məxsusiliyini önə çəkmək lazım gəlir. İlk növbədə, milli şüurun formalaşması və milli dövlətçiliyin yaranması neməti! Mirzə Bala Məmmədzadə “Azərbaycan misaki-millisi” əsərində yazır ki, “Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır”.

Bu mənada, yalnız 1918-ci il, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti yox, elə ondan 8 il sonra təşkil olunan Birinci Türkoloji Qurultay da tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu, XX əsrin əvvəlləri milli mətbuat səhifələrində davam edən siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun, türklük ruhunun yaranmasının aspektləri bədii-publisistik düşüncəyə söykənirdi.

Akademik Nizami Cəfərov analizlərində daha dərinlərə varır: “Türkologiyanın Azərbaycandakı vəziyyətini anlamaq üçün ilk növbədə, türklük anlayışını təsəvvür etmək lazımdır. Bu isə bir qədər mücərrəd anlayışdır, amma bununla yanaşı, təsəvvür edilə bilməsə, nə türkçülük, nə də türkologiya anlayışlarını dəqiqləşdirə bilməyəcəyik. Türkçülük ideologiyadır. Azərbaycanda türklük ondan ibarətdir ki, biz dildə ədəbiyyatda, mədəniyyətdə, tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri Səfəvilər dövründən artıq müəyyənləşməyə başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti yaratmaq mənasında həmin coğrafiyanın hüdudlarından kənara çıxmayıb. Bəs bu etnos bu coğrafiyaya hansı tarixi dövrdən bağlanır? Ən sadə izahı odur ki, dünya yaranandan. Bizim üçün əsaslandırılmış, ənənəvi türklük “Kitabi-Dədə Qorqud” eposudur”.

Şübhəsiz, bütün yönləri ilə baxanda “Kitabi-Dədə Qorqud” bizim genefondumuzun əsasında dayanan məxəzdir. Bu mənada, Ümummilli lider Heydər Əliyev bilərəkdən hakimiyyətdə olduğu iki müxtəlif zaman kəsimlərində məfkurə istiqamətində işlərə məhz bu dastanın yubileyinin qeyd olunması ilə bağlı sərəncamlar imzalamaqla başlayırdı. Çünki Azərbaycanda türklüyün xalqın etnososiokulturoloji əsası kimi öz köklərini “Kitabi-Dədə Qorqud” eposundan aldığını bilirdi. Bəlkə buna görə bütün XX əsr boyu, sovet dövrünün ən kəskin, ən qatı ideoloji dövrlərində belə türk yaddaşı öləzimədi, tarixin aşamalarından zədəsiz çıxaraq varlığını və milli mənliyini qorudu.

Birinci Türkoloji Qurultayın tarix və yaddaş qarşısında ən böyük xidməti bəlkə də elə bu oldu! Çünki özü də zamanında ilk növbədə, türk ruhunun intibahına hədəflənmiş strategiya ilə yola çıxmışdı. Dünyaya öz zəngin mədəniyyəti və keçmişi ilə ifadə olunmuş türk varlığının əzəmətini bəyan etmək! Əli bəy Hüseynzadənin qurultayla bağlı yazdığı gündəlikdə böyük türk alimi Fuad Köprülünün sözləri ilə desək, məqsəd o idi ki, “Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti, müsəlman millətlərin ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət vardır!”

Yeri gəlmişkən, qurultayla bağlı sonrada gündəlik yazan türkçü ideoloqumuz Əli bəy Hüseynzadə öz qeydlərini bura köçürməklə gələcək üçün faydalı bir irs miras qoymuşdur. Əli bəyin qeydlərini qurultayın 1926-cı ildə rusca nəşr olunmuş stenoqramını dolğunlaşdıran sənəd kimi dəyərləndirən türkoloq alim Azər Turanın məqaləsində oxuyuruq: “Onlar 1926-cı ildə İstanbuldan Bakıya – Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər: Fuad Köprülü, Dyula Messaroş, Vasili Bartold, Teodor Menzel və Əli bəy Hüseynzadə. Qurultayın aparıcı simaları da onlar idi. Qurultayda hamısı çıxış edib. Əli bəy Hüseynzadə və Menzel isə həm də gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci ildə Bakı qəzetlərində professor Menzelin “Der 1. Turkologische Kongre in Baku” əsəri barədə məlumatlar dərc olunub. Amma Əli bəy Hüseynzadənin qeydləri yalnız 1969-cu ildə ortaya çıxıb və ilk dəfə 1970-ci ilin yanvar ayında “Yeni İnsan” dərgisində Hilmi Ziya Ülkenin təqdimatı ilə dərc olunub”.

***

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir!” Bu sözləri Prezident İlham Əliyev ötən il fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında səsləndirmişdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət , həmçinin qeyd etmişdir ki, “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!”

İnanırıq ki, milli varlığımızın qorunmasında, milli kimliyimizin təsdiqində mühüm hadisə olan Birinci Türkoloji Qurultayın 100 illiyi türk xalqlarının milli mədəniyyət və elm bayramı kimi qeyd olunmaqla növbəti dəfə triumfa imzasını atacaq, sözün həqiqi mənasında, türk dünyası üçün hadisəyə çevriləcəkdir!

“Ədəbiyyat qəzeti”

22.11.2025 

Share: