Yuxa qəlbli saf insan -Damət Salmanoğlu yazır

Yuxa qəlbli saf insan -Damət Salmanoğlu yazır

Qərbi Azərbaycanın Göyçə mahalı əsrlər boyu milli-mədəni irsimizin, aşıq sənətimizin, xeyriyyəçilik və ziyalılıq ənənələrinin mərkəzlərindən biri olub.

Bu torpağın övladları arasında xalqına, dövlətinə, mədəniyyətinə və ədəbiyyatına sədaqətlə xidmət edən ziyalılarımız xüsusi hörmətlə xatırlanır. Onlardan biri də xalqın yaddaşında xeyirxah əməlləri, yüksək ziyalılıq mövqeyi və ədəbiyyat eşqi ilə seçilən Rəşid Süleymanovdur.

Rəşid müəllim ömrünü vətənə, xalqa bağlılıq yolunda şərəflə yaşamış ziyalılarımızdandır. O, doğulub boya-başa çatdığı Göyçə mahalının tarixi və mədəni irsini böyük sevgi ilə təbliğ edir, hər zaman milli kimliyin qorunmasına, gələcək nəsillərin milli ruhda tərbiyəsinə çalışır. Onun vətənpərvərliyi yalnız sözlərdə deyil, həm də əməli fəaliyyətində özünü göstərməkdədir.
Yuxa qəlbli, saf niyyətli olan Rəşid müəllim insanlara daim qayğı ilə yanaşır, ehtiyacı olanlara kömək əlini uzatmaqdan çəkinmir. Bu xüsusiyyətinə görə o, Göyçə mahalının əsl xeyriyyəçi övladlarından biri kimi tanınmaqdadır.

Rəşid müəllimin mənəvi dünyasının əsas sütunlarından biri də ədəbiyyat və xüsusilə də aşıq poeziyasıdır. Onun ən çox sevdiyi sənətkar usdad Aşıq Ələsgərdir, desək yanılmarıq. Böyük saz və söz ustadının poeziyası Rəşid müəllimin qəlbini daim riqqətə gətirib, onu vətən sevgisi, insana məhəbbət və mənəvi zənginliklə yoğurub.
O, Aşıq Ələsgərin hikmət dolu misralarını həm özü üçün bir həyat dərsi, həm də gənc nəsillərə örnək kimi təqdim etməkdə davam edir. Rəşid müəllim yaxşı bilir ki, aşıq poeziyası xalqımızın ruhunun güzgüsüdür, milli kimliyimizin daşıyıcısıdır. Buna görə də bu irsin qorunub saxlanmasına və təbliğinə xüsusi önəm verir.
Rəşid Süleymanov yalnız sözlə deyil, əməli işləri ilə də, insanlara dayaq olur. O, imkan daxilində ehtiyacı olanlara yardım etməsi ilə də seçilir. Bir çox şairin kitablarının işıq üzü görməsinə yardım göstərdiyinə görə,onun xeyirxah əməlləri, xalq arasında nüfuzunu daha da artırmış, onu elin sevimlisinə çevirmişdir.
Rəşid müəllimin həyat fəlsəfəsinin əsasında dövlətə və xalqa bağlılıq dayanır. O, vətəndaş mövqeyini daim yüksək tutur, xalqın rifahını və dövlətin qüdrətini hər şeydən ucada görür. Bu baxımdan o, həm klassik Azərbaycan ziyalısı, həm də müasir dövrün ləyaqətli insanı kimi nümunəvi insandır.
Rəşid müəllim Qərbi Azərbaycanın Göyçə mahalının ənənəvi ziyalı obrazını özündə cəmləyən, xeyriyyəçi, vətənsevər və ədəbiyyat vurğunu olan bir şəxsiyyətdir.  Onun ömür yolu, xüsusən də Aşıq Ələsgər poeziyasına bağlılığı, xalqına və dövlətinə sədaqəti gələcək nəsillərə örnək olacaq, dəyərlər sırasında qalacaqdır.
Şair,publisist Damət Salmanoğlu

Share: