Oynayır
Neçə gündü, narahatam, gərginəm,
Əsəblərim bala-bala oynayır.
Bir at kimi fınxıraraq təzyiqim,
Gah qabağa, gah da dala oynayır.
.
Buludların qanadını ütüb də,
Günəş çoxdan yoxa çıxıb qütübdə,
İki nəfər hoqqa verir yutubda,
Biri rola, biri yala oynayır.
.
Pis bilmirlər oyunların şərtini,
Sınayırlar hər məzhəbi, hər dini,
Hərəsi bir yabı kimi dartınıb,
Gahdan mıxa, gahdan nala oynayır.
.
Asta-asta səbrini bas bir hələ,
Qabaqdadı ağam cəddi, pir hələ,
Bu oyunu hər ikisi bir ələ,
Oynayır ey, Ağabala, oynayır.
.
Olammıram heç birinin reyinnən,
Ovunuram qoca tutun meyiynən,
İndi çoxu bu millətin şeyiynən,
Bibi-bibi, xala-xala oynayır.
.
Ortalıqda düz əməlli əsər yox,
Olanda da fındıq boyda kəsər yox,
Heç birində kişilikdən əsər yox,
Yengə-gəlin-ata-bala, oynayır.
.
Baxsan, görsən deyərsən ki, müftidi,
Tamahları mala-pula mütidi,
Həzrət Əli qılıncından itidi,
Məlumdu ki, hansı xala oynayır.
.
Çat görürəm çatılmayan qaşında,
Nə var bunun torpağında, daşında,
Görən niyə bu millətin başında,
Hər sifətdə qada-bala oynayır.
İndi bütün fitvanı korlar verir
Boş yerə pardaqlanır ağ pərdələr,
Səhnədə güllər vaza pərçimlənib..
Pas götürüb eynəyini Tanrının,
Getmir həyat, qış yaza pərçimlənib.
.
Toplayırıq, göndəririk ərbaba,
Dörd tərəfindən dağıdır əqrəba,
Biz-biz olub neyləyə billik baba,
Saxsı gəlib almaza pərçimlənib..
.
Açmamışıq ağzımızı ta kimə..
Yaxşı bilirsən verilir “qa” kimə..
Yorma durub boş qafanı hakimə,
Sırtımıza hər cəza pərçimlənib.
.
Sağ sözə sol kəlməni “xor”lar verir.
Nifrətimiz gör nə dekorlar verir..
İndi bütün fitvanı korlar verir..
Bizdə bu gün, çox, aza pərçimlənib.
Göndərirəm şeiri çap olmaqlığa,
Bir para dillərdə gap olmaqlığa..
Mən nə deyim feyziyab olmaqlığa..
Mən nə yazım?
Paz-paza pərçimlənib..
Günüdür
Təqvimdən çıxartdım ağa günləri, ,
Günlərin hamısı xanım günüdür.
Yəni ki, “nəfəsim” , “həyatım” , ömrüm,
“Ürəyim” günüdür, “canım” günüdür.
.
Elə bil bənövşə dəstələyirdin,
Ətrinlə, qoxunla məst eləyirdin,
Sən nə vaxt canıma qəsd eləyirdin,
Qoy axsın deyirdim qanım, günüdür.
.
Sanki bu yaralar qaşınmayıb heç,
O sevgi bir zərrə aşınmayıb heç,
Elə bil o illər yaşanmayıb heç,
Nə varsa danmışıq, danım günüdür.
.
Ömürdən, taledən düz küsüdü bu,
Qoy sınsın ayrılıq güzgüsüdü bu,
Mənim ürəyimin tüstüsüdü bu,
İndi o günlərə yanım günüdür.
.
Sevda dedikləri bir ucuz alver,
Ayağım altından çəkilibdi yer,
Zəng elə eləcə başsağlığı ver,
Bu gün sevgimizin anım günüdür..
















