Yol verin, yol verin, şəhidim gəlir… – Aynur Haqverdi (şeirlər)

Yol verin, yol verin, şəhidim gəlir… – Aynur Haqverdi (şeirlər)

Soyuq yanvar küləyi vərəqləyir təqvimi,
Xatirələr diksinir qəfil qar nəfəsindən.
Hardasa qəm ulayır tənha yalquzaq kimi.
Kədər məni tez tapır ürəyimin səsindən.

Saçıma vaxtsız düşən o dənlərin hərəsi,
Sanki ayağım altda əzilən qar dənəsi.
Elə çoxdur ki sayı, yaraşmır heç bircəsi.
Bəxtimin yurd yeridir, heyif qəhər küçəsi.

Mənə qışı sevdirən sən olmuşdun, e adam.
Başıma ələdin sən, qarları aram-aram.
Axı səndən sonra mən qışdan necə zövq alam?!
Ömrümün bahar çağı sən gedəli qışa ram.

***

Olardımı unutmaq gözlərinin qarasın?
Baxışların rəngindən məhəbbət yağırdı e.
Axı sən düzəltmişdin mənlə eşqin arasın?
İndi yoxsan, həsrətin sevgindən ağırdı e.

Həsrətin talan edir bu gənc ömrümü mənim.
Dodağımdan gülüşü necə də qopardır e.
Zamansız sözün kəsir hüzurumun, nəşəmin.
Saçlarımda bəxtimi necə də ağardır e.

Qəlbim olub həsrətlə eşqə savaş meydanı,
Sənsiz mənim dözməyə gücüm, qüvvətim hanı?
Gözlərimdən tökülür neçə arzumun qanı.
Qan ağlayır gözlərim, görmürəm ki dünyanı.

***

Torpaq qollarını aç, ulu vətən.
Səndə uyumağa şəhidin gəlir.
Himn laylan ilə boyu sevilən,
Qoynunda boy atan igidin gəlir.

Ruhu ağ göyərçin uçur göylərə,
Vətən yağılarla savaşır deyə.
Ana yaylığını sərib üstünə.
Vətən bayrağını sərib üstünə.
Yurduna azadlıq yaraşır deyə.

Dağlar heyrət edir bu ucalığa:
Afərin! Afərin! – Şəhidim gəlir!…
Könül arzularım dönübdür dağa.
Yol verin!…Yol verin! Şəhidim gəlir.

Köksündə quruyan qanından belə,
Üstündən toz, barıd qoxusu gəlir.
Vətən layla çalır öz himni ilə.
Oğlun ölümünə yuxusu gəlir.

📝Aynur Haqverdi.

Share: