Yeri görünən dostumuz…- Elman ELDAROĞLU yazdı

Yeri görünən dostumuz…- Elman ELDAROĞLU yazdı

Onunla bağlı xatirələrim çoxdur. Mehriban, gülərüz, səmimi insan idi. Həyatı dərindən anlayır, gələcəyi görməyi bacarırdı.

Odur ki, onunla nadir hallarda keçmişdən danışardıq. Bütün söhbətlərimizin qayəsi ya bu günü və ya da ki gələcəyi əhatə edirdi. Arzuları çox idi, amma heyf ki, amansız ölüm- lənətə gəlmiş koronovirus onun arzularını yarımçıq qoydu…
Mən Hacı Vidadi ilə 2000-ci illərin əvvəllərində tanış olmuşdum. Ara-sıra görüşür, xeyriyyə cəmiyyəti yaratmaq istədiyimi, bu cəmiyyətin yol xəritəsini onunla da bölüşürdum. İndiki kimi yadımdadır, 2003-cü ildə yaratdığım “Təkdam” cəmiyyətinin bütün tədbirlərində dəstəyini əsirgəmirdi. Nəhayət 2008-ci ildə bu cəmiyyət daha da ictimailəşəndə, “Təkdam”ın törəməsi kimi yeni bir təşkilat- “Yardımlı Xeyriyyə Cəmiyyəti” yarandı və Hacı o vaxtdan bu cəmiyyətin də xeyriyyə marafonlarında iştirak etməyə başladı. Biz o vaxt Yardımlıda yaşayıb həyat yoldaşını itirən sonsuz, tənha qadınlara, o cümlədən yalqız yaşayan ahıl xanımlara bayramlarda ərzaq yardımı edirdik. Və bu ərzaqların alınmasında Hacı Vidadinin də ianələri xərclənirdi…
Sonradan bu ünsiyyət dostluğa çevrildi. Masazırda yaşayanda demək olar ki, hər gün işdən sonra, axşam saatlarında bir neçə dostu ilə Sumqayıtdan Masazıra yanıma gəlir, saatlarla birlikdə çay içib söhbət edirdik. Deyirdi ki, səninlə görüşəndə beynim dincəlir, enerji alıram. Və bu vəfat edənədək davam etdi…
Hacı Vidadi gözəl dost olduğu kimi, həm də gözəl ailə başçısı idi. Övladlarını tərbiyyəli böyüdür, onların savadlı, qabiliyyətli və bacarıqlı olmasında can yandırırdı. Kaş görəydiniz, böyük oğlu Cavid Moskva Hüquq Akademiyasına qəbul olunanda sevincinin həddi-hüdudu yox idi. Hazırda polis orqanlarında çalışır. İkinci oğlu Rəsul üçün deyirdi ki, istəyirəm mənim yolumu- biznesimi davam etdirsin. Odur ki, Rəsulu İqtisad Universitetinə yönəltdi. Kiçik oğlu Səyyad isə böyük qardaşı kimi Moskva Hüquq Akademiyasının məzunudur…
Bəli, Hacı Vidadinin vəfatı böyük bir itgi oldu və biz dünyanın ən yaxşı insanlarından birini itirdik. Dekabrın 8-i Hacı Vidadinin vəfatının beş ili tamam olur. Yeri bu gün də görünür. Allahdan ona rəhmət diləyirəm, ruhu şad olsun!
Dərin hüznlə, Elman Eldaroğlu

Share: