Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlı ailələrə qarşı törətdiyi vəhşilik, iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin döyülərək, işgəncələrə məruz qalması və həbs edilməsi bu ölkənin onsuz da yerlə sürünən beynəlxalq imicinə daha bir böyük ləkə oldu. Əgər əvvəllər Rusiyada millətçi dəstələrin, demək olar ki, hər gün qeyri-ruslara qarşı hücümlarının, bazarlara basqınlarının, “Rus marşı” adlanan neonasist yürüşlərinin şahidi olurduqsa, indi bu səlib yürüşü dövlət səviyyəsində davam etdirilir.
Bu fikirləri millət vəkili Tamam Cəfərova Yekaterinburqda baş verən hadisə ilə bağlı saytımıza münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Son bir ayda Rusiya güc strukturlarının oxşar hücumlarına Moskvada yaşayan özbək və qırğızların da məruz qaldığını xatırlasaq, prosesin sistemli olduğunu, tapşırığın isə vahid mərkəzdən gəldiyini görərik. Doğrudur, Özbəkistan və Qırğızıstan vətəndaşlarına qarşı hücumlar onların miqrasiya qanunvericiliyini pozması ilə əlaqələndirilirdi, Yekaterinburqda azərbaycanlı ailələrin evlərinə basqınlar isə başqa motivlə əsaslandırılır. Lakin hər bir halda cəza dəstələri rolunda güc strukturları çıxış etdiyi üçün, baş verənlərin hamısının vahid bir irqçi siyasətin tərkib hissəsi olması göz önündədir.
Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar.
Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır.
Yekaterinburqda baş verən hadisələr fonunda Rusiyanın Azərbaycanla münasibətlərində son gərginlik də diqqət çəkir. Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş azərbaycanlı deputatın ölkəyə buraxılmaması protokol normalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan tərəfi bu hadisəyə etiraz etsə də, Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, Azərbaycanın mülki təyyarəsinə qarşı törədilmiş insidentin cavabsız qalması və məsuliyyəti Rusiya tərəfinin öz üzərinə götürməməsi də narahatlıq doğuran məsələlərdəndir.
Tamam Cəfərova xüsusilə vurğulayıb ki, Rusiya Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son qoymalıdır: “Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını qəti şəkildə pisləyirik və bunu beynəlxalq hüquq normalarının, insan haqlarının pozulması kimi qiymətləndiririk. Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata Zaxarovanın qısa və qeyri-ciddi cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı daha geniş və əsaslandırılmış izahat verilməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları məsuliyyətə cəlb olunmalı və barələrində cinayət işi açılmalıdır. Səbəblər isə aydındır: Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti və Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması. Azərbaycanın güclənməsi, dövlətimizin qüdrəti bəzi dairələrin narahatlığına səbəb olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar. Bu isə yol verilməzdir.
Yekaterinburqda baş verən bu hadisələr şübhəsiz ki, iki ölkə arasında geniş və çoxşaxəli əlaqələrin müəyyən dərəcədə geriləməsinə gətirib çıxaracaq. Azərbaycan dövləti isə hər zaman xarici ölkələrdə yaşayan vətəndaşlarının hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə də eyni prinsip tətbiq olunur və Azərbaycan tərəfindən atılan addımlar bunu bir daha təsdiqləyir.
Son olaraq Rusiyada qətlə yetirilən soydaşlarımızın ailələrinə, yaxınlarına başsağlığı verirəm və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
















