Yalvarma
Əkdiyin ağacın kölgəsində dur,
Kölgələnmək üçün dağa yalvarma.
Zamanın hökmüdü qocalacaqsan,
Dövrana yalvarma, çağa yalvarma.
Duymaq istəyəndə gül çiçək ətri,
Bitir öz bağında öz zəhmətinlə,
Dərmək istəyəndə bir güldən ötrü,
Bağbana yalvarma bağa yalvarma.
Tapanda sevginin qiymətini bil,
Daşıda əridir xoş söz şirin dil,
Yalvaranda yalvardığın yeri bil,
Ürək solda olur sağa yalvarma.
Oğluma
Sen menim sevincim arzum diləyim,
Sən ey gözlərimin işığı oğlum.
Sənə qurban olsun vuran ürəyim,
Sənsən həyatımın naxışı oğlum.
Qoy həmişə gülüş olsun üzündə,
Güc olsun qolunda taqət dizində,
Ən yaxşı oğulsan mənim gözümdə,
Heç pis gün görməsin baxışın oğlum
İncitmə heç kəsi piş əməlinlə,
Yaxşı iz qoyasan düz əməlinlə,
Mərd ol özün fəxr et öz əməlinlə,
Tökülsün başından islatsın səni,
Edilən duanın yağışı oğlum.
DƏNİZLƏ GÖRÜŞMƏK
Dənizlə görüşməkdi
Həyatımın qayəsi.
Sahilində gəzişmək,
Dalğalarla dərdləşib
Ləpələrlə gülüşmək.
Mən dənizə baxdıqca,
Anlayarmı gözümdən
Bilərmi küsdüyümü,
Həyatımdan, özümdən.

Dinləyərmi görəsən
Danışıb gəlsəm dilə,
Boğulan ümidimi
Çıxararmı sahilə.
Açarmı qollarını
Qoynunda sakitləşim.
Çilədiyi yağışla,
Silinərmi keçmişim.
Mənə ümüd verəmi
Kükrəyərək coşduqca
Yeni arzu yaradıb
Su atarmı arxamca…
NECƏSƏN?
Salam, mənim uzaqdakı yaxınım,
Darıxmasam darıxdığım, necəsən?
Gündə yüz yol, ürəyimdən keçənim,
Qəlb evimə buraxdığım, necəsən?
Həsrətinə, hicranına dözdüyüm,
Üzərində yarpaq kimi əsdiyim,
Gecə gündüz, xəyalıyla gəzdiyim,
Fikirləşib duruxduğum, necəsən?
Üzümün gülüşü, gözümün yaşı,
Zəif nöqtəm, qorxaqlığım necəsən?
Uzaqdan uzağa əzizlədiyim,
Səsin duyub doluxduğum, necəsən?
16.07.2025.
AY ÖMRÜM GÜNÜM
Ev eşiyim işıq saçır,
Qəmim səni görür qaçır,
Sinəm üstə güllər açır,
Gəlsən ay ömrüm günüm.
Sən ömrümün sevincisən,
Yaqutsan, zərsən, incisən.
Çiçək kimi ətirlisən,
Gülsən, ay ömrüm günüm.
Qoşqaram, arazam, kürəm,
Əfsanədi əsli kərəm
Sənsiz mən nələr çəkirəm,
Bilsən, ay ömrüm günüm.
İlk eşqimin baharısan,
Sevən könlümün yarısan.
Mənim üçün tək sən varsan,
Birsən, ay ömrüm günüm.
Sinəmdə çarpan ürəyim,
Sənə ruhum canım deyim,
İlk gördüyüm, ilk sevdiyim
Sənsən, ay ömrüm günüm.
Payız
Qurudur bağçada gülü, çiçəyi,
Mavi buludları qaraldır payız.
Yazın boyadığı yaşıl yarpağın,
Rəngini dəyişir, saraldır payız.

Yaz, yaya ötürür bağın bəhrini,
Çəkir gülün üstən səhər şehini
Yayda əsirgəyir hərdən mehini,
Gəlir hərarəti azaldır payız.
Gətirir küləyi, tökür yağışı,
Qaçır üzərinə çağırır qışı,
Soyudur torpağı, soyudur daşı,
Sanki öz- özünü qocaldır payız.
Enişi var, yoxuşu var
Yol hər zaman hamar olmur,
Enişi var, yoxuşu var.
Hər bir qaranlıq gecənin,
Aydınlığa çıxışı var.
Bu dünyaya hər insanın,
Fərqli fərqli baxışı var.
Biri taleyin qurbanı,
O, birinin naxşı var.
Şirin dilin, şirin sözün,
Zəhəri var, qarğışı var.
Hər şux baxıb gülən gözün,
Buludu var, yağışı var.
ŞƏHİDLƏR
Torpağın üstündə çiçək açdırıb,
Cavan ömürləri solan şəhidlər.
Kükrəyən, çağlayan bir dəniz olub,
Cənnətin bağına dolan şəhidlər.
Gülləyə tuş edib sinələrini,
Bütöv edib parçalanmış elini.
Donan körpələrin, əsir gəlinin,
Qisasın düşməndən alan şəhidlər.
Yumayın torpaqdan şəhidin qanın
Onlar bizim üçün veribdi canın.
Başın uca edib Azərbaycanıın,
Əbədi qəhrəman olan şəhidlər.
ATA
Mən gücü qüvvəti səndən alıram,
Söykəndiyim dağım, dayağım Ata.
Sənin işığından nur alır gözüm,
Səninlə yol tutur ayağım Ata.
Sənin mərdliyindən dastan yazaram,
Tükənməz qələmim varağım Ata.
Sənin dərslərinlə fikrim cəm olur,
Dünyaya baxışım marağım Ata
Rahatlıq tapıram sənin yurdunda,
Ruhumun dincliyi yaylağım Ata.
Öz evim olsada sənin evindi,
Vətənim, məsgənim, oylağım Ata
















