Yazarlardan İrana xəbərdarlıq: ” Kimsə bundan sonra Pəhləvilərə və şovinist fars-molla rejiminə inanmaz!”

Yazarlardan İrana xəbərdarlıq: ” Kimsə bundan sonra Pəhləvilərə və şovinist fars-molla rejiminə inanmaz!”

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı komissiyası İran ərazisindən Naxçıvana dron hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Söz adamları tarixin bütün dönəmlərində zorakılığa, müharibəyə, insan qətliamına qarşı olub. Azərbaycan yazıçıları İran İslam cümhuriyyətində soydaşlarımıza qarşı assimilyasiya siyasətinə, ana dİllərində oxumaq hüquqlarının əllərindən alınmasına etiraz etsələr də son günlər xarici dövlətlər tərəfindən həyata keçirilən hərbi müdaxiləni, mülki insanların qətlə yetirilməsini ürək ağrısı ilə izləyirlər. Azərbaycan yazıçıları hər zaman ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafını arzulayır, yaratdıqları əsərlərdə də buna xüsusi önəm veriblər. Güney Azərbaycanda yazıb yaradan soydaşlarımızla ədəbi əlaqələrmiz bu xoş istəyin təzahürüdür. Amma təəssüf ki, uzun illər İrandan Azərbaycana qarşı əks münasibətin şahidi olmuşuq. Ölkəmizi hədəf seçən son dron əməliyyatı nəinki qonşuluq qaydalarına, beynəlxalq hüququn norma və prinsiplərinə, hətta adi insan münasibətlərinə də ziddir və regionda sabitliyə ciddi təhdiddir; Azərbaycan Hökumətinin böyük səylər hesabına qorumağa çalışdığı səmimi qonşuluq münasibətlərinə dağıdıcı zərbədir. Bu qəsdin arxasında kimin dayanmasından və hansı qüvvənin təhriki ilə törədilməsindən asılı olmayaraq, İranın rəsmi dairələri bilməlidirlər ki, Azərbaycanın ictimai rəyini növbəti dəfə özlərinin əleyhinə yönəltdilər. Biz Azərbaycan yazarları baş verənləri qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidentin cənab İlham Əliyevlə onun Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərlə həmrəyliyimizi ifadə edir və inanırıq ki, İranda- Güney Azərbaycanda yaşayan soydaşlarımız İran rejiminin bu addımının arxasında dayanan məkrli niyyəti düzgün təhlil edəcək, müharibədən sonrakı dövr üçün milli- siyası strategiyalarını, hürriyyət yollarını cəsarətlə və düzgün müəyyənləşdirəcəklər.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da məlum hadisələrlə bağlı Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini sərgiləyən fikirlərini açıqlamışdır.
Min illik ənələrimizi xatırlayan kimsə bundan sonra heç bir halda Pəhləvilərə və şovinist fars-molla rejiminə inanmaz! Biz bölgəmizə tezliklə sülhün və əminamanlığın gəlməsini arzulayırıq. Yaşasın azad söz, qardaşlıq, sülh və demokratiya!”

Share: