Ölüm bəzən insanın gözlədiyi uzaq bir sonluq deyil. Qaşla göz arasında baş verən amansız bir həqiqətdir. Bir an əvvəl səslənən söz, titrəyən bir saz havası, işıqlı bir baxış növbəti an sükuta, boşluğa və izaha sığmayan bir ayrılığa çevrilir.
Həyatla ölüm arasındakı sərhədin nə qədər incə, nə qədər kövrək olduğunu insan çox vaxt yalnız belə anlarda dərk edir. Sənətin, sözün və musiqinin hökm sürdüyü məkanlarda baş verən bu cür itkilər isə yaddaşlara daha dərindən həkk olunur. Çünki orada yalnız bir insan yox, bir ruh, bir səs, bir dövr susur.
Azərbaycan mədəniyyət mühitində dərin iz buraxan, yaddaşlardan uzun müddət silinməyəcək acı bir hadisə baş verdi bu gün. Atatürk Mərkəzində keçirilən bir ədəbi-bədii tədbir gözlənilməz və faciəvi bir hadisə ilə yarımçıq qaldı.
Tədbirdə çıxış edən, gözəl sənəti və səmimi insanlığı ilə seçilən aşıq Ataxan Qasımlı ifasını başa vurduqdan sonra qəfil ürəktutması keçirərək tədbir iştirakçılarının gözü qarşısında dünyasını dəyişdi. Bu ani və ağır itki təkcə mərasim iştirakçılarını deyil, bütövlükdə mədəniyyət cameəsini sarsıtdı…
Ataxan Qasımlı yalnız bir ifaçı deyildi. O, sazı ilə ürəklərə yol tapan, sözün müqəddəsliyinə inanan, sənəti həyat tərzinə çevirmiş bir insan idi. Onun ifasında xalqın yaddaşı, Borçalı ruhu, türk dünyasının ağrısı və qüruru yaşayırdı. Məhz belə bir insanın Atatürk Mərkəzində son nəfəsini verməsi çoxları üçün simvolik və düşündürücü bir məna daşıyır.
Ataxanla mənim aramda həmişə səmimi, qardaş münasibəti olub. Elə bu tədbir başlamazdan öncə də görüşmüşdük. Hal-əhval tutmuş, ayaqüstü söhbət etmişdik. Heç kimin ağlına gəlməzdi ki, bu, son görüşümüz olacaq. İfasını başa vurduqdan sonra ona baxıb ürəkdən “Sağ ol, qardaş” dedim və alqışladım. O an sadə bir minnətdarlıq kimi deyilən bu sözlər sonradan yaddaşıma ən ağır, ən kövrək xatirə kimi həkk olundu.
Qeyrətli bir türk oğlunun Atatürkün adını daşıyan məkanda əbədiyyətə qovuşması sanki taleyin acı, amma mənalı bir işarəsi idi. Bu, sənətin, milli ruhun və mənəvi dəyərlərin bir nöqtədə qovuşduğu an kimi yadda qaldı.
Qeyd edək ki, dünyasını dəyişən aşıq Ataxan Qasımlı Borçalı mühitinin tanınmış simalarından biri olan Telli Borçalının qardaşıdır. Bu itki təkcə bir ailənin deyil, bütöv bir elin, bir sənət yolunun itkisi kimi dəyərləndirilir.
Tədbir təbii olaraq yarımçıq dayandırıldı. Lakin Ataxanın yarımçıq qalan ifası, deyilməmiş sözləri, çalınmamış havaları yaddaşlarda daha güclü bir şəkildə yaşamağa davam edəcək. Onun sənəti, adı və xatirəsi saz sevənlərin qəlbində əbədi yer tutacaq.
Allah rəhmət eləsin.
Sazın susdu, amma adın susmadı, Ataxan…

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















