Səadət Sultan. Bu ad oxuculara, bədii nəsr həvəskarlarına yaxşı tanışdır. O, yazıçı, publisist, tərcüməçidir, alovlu vətənpərvərdir, yurd təəssübkeşidir. İmzasını oxucular yaxşı xatırlayırlar. Azərbaycanın müxtəlif qəzet və jurnallarında, sosial şəbəkələrdə hekayələri, piblisistik yazıları, esseləri və tərcümələri yayımlanmışdır. Onun üçüncü kitabı haqqında söhbət açmaq istədim. Öncə onu qeyd edək ki, bu kitab nəfis tərtibatla çap edilmişdir, 208 səhifədən ibarətdir. Çap olunan əsərləri lakonikdir, oxucunun zövqünü oxşayır, müasir dövrümüzün ab-havası ilə səsləşir.
- Siz necə oldu ki, ədəbiyyata gəldiniz? – sualına Səadət Sultan belə cavab verdi:
- Hələ yeniyetməlik çağlarında Səbayıl rayonundakı Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-hunanitar elmlər liseyində oxuyarkən, ədəbiyyata, yazıçı və şeirlərə, onların kitablarına, əsərlərin qəhrəmanlarına xüsusi maraq göstərdim. Çoxlu kitab oxuyurdum, özümü bəzən personajların yerində hiss edirdim, onlara oxşamaq keçirdi könlümdən. Düşünürdüm: “Görəsən mən də əsər yaza bilərəmmi, kitabım çap olunarmı?” Daha sonralar ədəbiyyatın həyatda hansı üstün mahiyyətə malik olduğunu öyrəndim. Öyrəndim ki, bizim ədəbiyyatın korifeyləri Nizami, Füzuli, Nəsimi, Xətai əsrlər ötsə də kitablarında, poemalarında yaşayır, şeirlərində, misralarında döyünür, sevilərək oxunurlar. Əsrlərdir bizə müdrik yol göstərir, milli-mənəvi dəyərlərimizi qoruyurlar. Necə deyərlər, onların bizə yadigar qalmış kitabları bizi əsrlərlə, nəsillərlə görüşdürür, biliklər dünyasına səyahətə aparırlar.
S.Sultanın ədəbiyyatşünas-alim Allahverdi Eminovun “Mir Cəlalın poetikası” adlı 3 cildlik kitabları barədə yazdıqları çox maraqlıdır, bilmədiklərimizə bələdçilik edir. Qələm ustası, istedadlı yazıçı və tərcüməçi, ictimai fəal Səadət Sultanın kitabında bu barədə bizə məlumat verir.

Müəllif məqalə və esselərində bizi tarixin açılmamış səhifələrinə səyahətə aparır. “Lerikin unkal təbiəti heyran edir” yazısında bir əsr əvvəl Lerikdə olmuş xarici ölkələrin tanınmış səyyahlarının, təbiətşünas alimlərin, arxeoloqların Lerikdəki tapıntılara dair məlumatları sosial şəbəkədə 44 min izləyicinin baxdığını da qeyd etmişdir.
“Bəşər sivilizasiyasının dünyaya bəxş etdiyi nadir abidələrin bir qismi Lerikin ərazisində məskunlaşıb” adlı publisistik məqalə çox maraqlıdır, bizi uzaq tarixi keçmişə aparır, AMEA Arxeoloqiya və Paleontologiya İnstitututunun professoru, tanınmış arxeoloq-alim Əsədulla Cəfərovun Lerikin ərazisində kəşf etdiyi, respublikamızda ikinci Azıx tipli mağara olan Büzeyir ibtidai insanların yaşadığı düşərgənin kəşf olunduğunu diqqətə çatdırır. Məqalədə göstərilir ki, bu mağaranın kəşfi çox mühümdür, dünya əhəmiyyətli tapıntıdır, Azərbaycanın ən qədim insanların yaşadığı məskən kimi xarakterizə olunur. “Lerik haqqında təəssüratlarım: dağlar qoynundakı diyar” oçerkində müəllif bizi Lerik haqqında bilmədiklərimizlə tanış edir, nadir arxeoloji tapıntılar haqqında məlumat verir. “Nəsillərin nəsillərə yadigarı”, “Ürəklərin dostu” adlı publisistik yazılar oxunaqlı və yaddaqandır.
Hekayələr rəngarəng olsa da, diqqət çəkir, oxucunun qəlbinə yol tapır, xeyirxahlıq, insani hiss və duyğular hakimdir. “Vətən mənim sevgilimdir”, “Mükafat “qutusu”na sığan ömür”, “Sonuncu dayanacaq”, “Pələngin qisası”, “Saatın əqrəblərı”, “Yağışda islanmayan adam” hekayələri müasir çağdaş ədəbiyyatımızın gözəl nümunələri sayıla bilər. Ustalıqla yazılmış həmin hekayələr həm bədii, həm də fəlsəfi məna yükünə malikdir, oxucunu düşünməyə sövq edir.
Səaədt Sultaının “Yağışda islanmayan adam” kitabında yer almış tərcümələri müxtəlif sahələri əhatə edir. Biz kitabda təqdim olunmuş bədii və sənədli, elmi yazılarla tanış olmağı oxucuların ixtiyarına buraxırıq.
İdris Şükürlü

















