Yaddaşlarda bayrağa dönüb, bayraq olan adın hekayəsi

Yaddaşlarda bayrağa dönüb, bayraq olan adın hekayəsi

Üç rəngli, şanlı Azərbaycan bayrağı var olduqca, dalğalandıqca bir ad da onunla birgə hər zaman xatırlanacaq.

O ad cəsarətin, sədaqətin və təkbaşına bütöv bir xalqın qürurunuu qorumağın adı kimi yaddaşlara həkk olunub. Bu ad bir mövqedir, bir dirənişdir, bir and yeridir – Natiq Qasımov!
Üç rəngli bayraq hər dəfə göylərə qalxanda bir ruh da onunla bərabər ucalır. Səngərdə tək qalsa da sınmayan iradənin, gülləsi bitəndə belə geri çəkilməyən qeyrətin ruhu. Natiq adı bu gün mərdliyin sinoniminə çevrilib. O, sözlə yox, əməli ilə danışanlardandır. Tarixin sətirlərinə yox, xalqın vicdanına yazılanlardandır.
1992-ci ilin martında Xocalı istiqamətində gedən döyüşlərdə Pirlər kəndi yaxınlığında strateji yüksəklikdə yerləşən Alban kilsəsində tutulan mövqe sıradan bir hərbi nöqtə deyildi. Bu yüksəklik kəndlərin, yolların, insanların taleyini qoruyan açar idi. O mövqedə beş gün təkbaşına dayanan isə bir əsgərdən çox idi. O, geri çəkilməyən ləyaqət idi. O, susmayan iradə idi. Arxasında səngər yox idi, amma arxasında Vətən vardı.
Gülləsi bitənədək mövqeni tərk etmədi. Bir addım geri çəkilmədi. Silahı susanda belə ruhu susmadı. Əsir düşdü, lakin təslim olmadı. Onun sonrakı taleyi barədə dəqiq məlumatlar olmasa da, bir həqiqət dəyişməz qaldı: düşmən onun canını alsa da, adını və ruhunu məğlub edə bilmədi. Çünki o gün Alban kilsəsində dirənən təkcə bir əsgər deyildi, Azərbaycan bayrağının özü idi.
Bu dirəniş sonradan sərhədləri aşdı. Xarici jurnalistlər bu təkbaşına göstərilən müqaviməti yazdı, lentə aldı, dünyaya göstərdi. Onun haqqında sənədli filmlər çəkildi. Bu, bir daha sübut etdi ki, həqiqi qəhrəmanlıq pasport daşımır, ünvan soruşmur. Həqiqi qəhrəmanlıq xalqın yaddaşında yaşayır.
Bu gün Natiqi xatırlamaq bir keçmişi anmaq deyil. Bu gün onu tərənnüm etmək gələcəyə söz deməkdir. Çünki Natiq adı bir dərsdir. Gənclərə Vətəni necə sevməyi, torpağı necə qorumağı, tək qalsan belə sınmamağı öyrədən canlı dərsdir.
Natiq düşmən qarşısında susmayan iradədir.
Natiq geri çəkilməyən ləyaqətdir.
Natiq Vətənin adını canından uca tutan ruhdur.
Üç rəngli bayraq göylərdə dalğalandıqca, bu ad da yaşayacaq. Çünki bayraq yalnız parça deyil. Bayraq belə adların hesabına ucalan mənadır. Natiq Qasımov isə yaddaşlarda bayrağa dönüb, bayraq olan addır.
Samir ƏSƏDLİ

Share: