Xocalı: Tarixi faciədən milli qürura

Xocalı: Tarixi faciədən milli qürura

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə, dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə müqayisə oluna bilər.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Xocalı yarası Azərbaycan xalqının qəlbinə vurulan yaradır. Faciə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan baş vermişdir.

Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı şəhərinin hədəf olaraq seçilməsi təsadüfi deyildi. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşirdi, ərazidə aeropotun mövcudluğu, şəhərin strateji mövqeyə malik olması və onun işğalı ilə Xankəndiyə gedən yolun açılması Xocalını düşmən üçün cəlbedici edirdi.

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür. Faciə nəticəsində 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirmiş,130 uşaq valideynlərindən birini itirmiş, 230 ailə öz başçısını itirmiş, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır), 1275 insan əsir götürülmüş, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olmuş, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Qeyri-bərabər nisbətdə keçən döyüşlərdən sonra özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi. Xocalı uğrunda gedən döyüşlərdə Azərbaycanın Əlif Hacıyev kimi onlarla qəhrəmanı əhalinin təhlükəsiz yerə aparılması, insan təlafatının qarşısının alınması üçün ölüm-dirim savaşı vermiş, qüvvələrin qeyri-bərabər olmasından qorxmayaraq geri çəkilməmişdilər.  Həmin keçən gecə Əlif Hacıyev digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılmışdı. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partlatdı. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdaraq mübarizəni davam etdirmişdi. Təslim olmaq Azərbaycanlı oğulların xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşərək qəhrəmancasına həlak olan Əlif Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmışdır.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyətidir. Ermənilər də Xocalıda məhz həmin niyyəti həyata keçirdilər.

Ermənistan hakimiyyəti Xocalıya qarşı hücuma ciddi hazırlaşmışdırlar. Hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri də Xocalı faciəsinin qatilləri olmuşdur. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xankəndindən çıxarılması zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdir. Xocalıya hücum vaxtı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etməsi istintaqla da sübuta yetirilmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti müəyyən edilmişdir. Qocaya, uşağa, qadına rəhm etməyən, insanlığa yaraşmayan xüsusi amansızlıq nümayiş etdirən ermənilər azərbaycanlı uşaqların sinəsi yarılıb ürəklərini parçalanmış, yaxın məsafədən güllə yarası ilə, süngü ilə öldürülmüş xəslərin müxtəlif orqanlarını kəsmiş, əksər meyitləri isə tikə-tikə doğranmışdılar.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Onun  25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.

2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.

Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

Xocalı faciəsinin dünyada tanıdılmasında “Xocalıya Ədalət” kampaniyasının xüsusi rolu olmuşdur. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Bu kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan xalqı Xocalıya ədalət gətirən Vətən savaşında düşmənə layiqli cavab verdi.  2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

2025-ci il fevralın 25-də Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalamışdır.

Bu gün uğurla həyata keçirilən “Böyük Qayıdış” hərəkatında Xocalı şəhəri sakinləri də vardır. Xocalı şəhəri və kəndlərinin abadlaşdırılması və orada vaxtilə qaçqın, məcburi köçkün düşmüş əhalinin məskunlaşması davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3.602 nəfər köçürülmüşdür.

Xocalı – həm böyük bir ağrının, həm də milli iradənin, ədalətə inamın simvoludur. Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq, tarixi həqiqətlər isə dünya ictimaiyyətinə çatdırılmağa davam edəcək. 1992-ci ilin soyuq fevral gecəsində baş verən Xocalı faciəsi Azərbaycan tarixində silinməz iz buraxdı. Qar örtüyü üzərinə düşən qan izləri təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına həkk olundu. Xocalı o gecə sükuta bürünsə də, həmin sükutun içində yüksələn haray illərlə ürəklərdə yaşadı, nəsildən-nəslə ötürüldü və unudulmadı.

Zaman keçdi, ağrı yaddaşa, yaddaş isə milli iradəyə çevrildi. Xocalının kədəri xalqın birliyini möhkəmləndirdi, ədalətə və torpağa bağlılıq hissini daha da gücləndirdi. İllər boyu çəkilən nisgil bir gün işığa doğru yol aldı. Qaranlıq fevral gecəsinin əksinə olaraq, Zəfərlə gələn noyabr günləri ümidin və qürurun rəmzinə çevrildi. Bu gün Xocalı yalnız faciənin adı deyil; o, həm də dirənişin, səbrin və milli ləyaqətin simvoludur. Tarix göstərdi ki, ağrı ilə yazılan səhifələr bir gün qələbə ilə tamamlanır. Xocalının harayı zamanın sınağından keçərək Zəfərin sədasına qarışdı və bir xalqın yenilməz ruhunu dünyaya bəyan etdi.

Mehdizadə Günel Zəfər qızı

AMEA A.A.Bakıxanov adına Tarix və

 Etnologiya İnstitutunun elmi işçisi

Tarix üzrə fəlsəfə doktoru

 

 

Share: