Tarixin bəzi səhifələri var ki, onu oxumaq deyil, sadəcə xatırlamaq belə insanın ürəyini titrədir. O səhifələrdən biri də Xocalıdır.
Xocalı, adı bir şəhərdən çox, bir fəryadı, bir harayı, bir millətin qəlbinə sancılmış sağalmaz yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən o qarlı, şaxtalı gecə təkcə bir yaşayış məntəqəsi deyil, bəşəriyyətin vicdanı sınağa çəkildi. O gecə insanlıq üşüdü, mərhəmət dondu, körpələrin çığırtısı göylərə yüksəldi, anaların fəryadı torpağa hopdu.
Xocalı faciəsi, bu, adi bir hərbi əməliyyat deyildi. Bu, mülki əhaliyə qarşı törədilmiş vəhşilik idi. Silahsız, müdafiəsiz insanlar, qadınlar, qocalar, uşaqlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildilər. 613 nəfər şəhid oldu. Onların arasında 63 uşaq, 106 qadın, 70 qoca vardı. Səkkiz ailə tamamilə məhv edildi. Yüzlərlə insan yaralandı, yüzlərlə insan əsir götürüldü, taleyi naməlum qalanlar oldu. Bu rəqəmlər statistik göstərici deyil, hər biri bir həyat, bir nəfəs, bir ümid idi.
O gecə qar ağ idi, amma səhər açılarkən o qarın üzərində qan izləri vardı. Uşaqlar analarının donmuş qucağında susmuşdu. Atalar övladlarının cəsədlərini qucaqlayıb göz yaşını içində boğurdu. İnsanlar meşələrə üz tutub şaxtada donur, yolları itirir, güllə yağışı altında can verirdilər. Xocalı yalnız fiziki məhv deyil, mənəvi bir sarsıntı idi.
Faciənin baş verdiyi dövr Dağlıq Qarabağ münaqişəsinin ən ağır mərhələlərindən biri idi. Lakin heç bir münaqişə, heç bir siyasi səbəb mülki insanların kütləvi qətliamına haqq qazandıra bilməz. Tarix sübut edir ki, müharibənin də öz qanunları var, amma Xocalıda o qanunlar tapdalandı.
Xocalı faciəsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Bu, insanlığa qarşı cinayət idi. Dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatları zamanla bu hadisəni soyqırımı kimi tanıdı və pislədi. Lakin tanınmaqdan daha önəmli olan ədalətin bərpasıdır. Çünki Xocalı yalnız Azərbaycanın deyil, bütün insanlığın faciəsidir.
Bu hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı. Hər il fevralın 26-da ölkənin hər yerində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Məktəblərdə, universitetlərdə, meydanlarda Xocalı haqqında danışılır, şeirlər oxunur, sənədli filmlər göstərilir. Çünki unutmaq xəyanətdir. Unutmaq şəhidlərin ruhuna hörmətsizlikdir.
Xocalı həm də dirənişdir. Faciədən sonra Azərbaycan xalqı daha da birləşdi, daha da möhkəmləndi. Hər şəhidin qanı torpağa and oldu, hər ana göz yaşı bir gün ədalətin bərqərar olacağına inam yaratdı. Xocalı dərdi bizi sındırmadı, bizi daha güclü etdi.
Bu faciəni anarkən yalnız kədərdən danışmaq yetərli deyil. Xocalı bizə insanlığın dəyərini xatırladır. Bizə öyrədir ki, nifrət nə qədər dağıdıcıdır, amma birlik və yaddaş nə qədər qüdrətlidir. Biz Xocalını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq. Çünki Xocalı, tariximizin qan yaddaşıdır.
Nəticə olaraq demək olar ki, Xocalı faciəsi sadəcə bir tarixi hadisə deyil, milli yaddaşımızın, kimliyimizin, mənəvi bütövlüyümüzün ayrılmaz parçasıdır. Bu faciə bizə həm ədalət uğrunda mübarizənin zəruriliyini, həm də insanlığın qorunmasının vacibliyini göstərir. Şəhidlərin ruhu qarşısında borcumuz onların xatirəsini yaşatmaq, həqiqətləri dünyaya çatdırmaq və gələcək nəsillərə sülhün, mərhəmətin, ədalətin dəyərini aşılamaqdır. Xocalı qanla yazılmış bir dərsdir və bu dərs heç vaxt unudulmamalıdır.

✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist
26.02.2026




















