Aşağıdan üzüyuxarı evə tərəf qalxanda evimiz solda qalırdı. Yuxarıda düz evimizin yanında xırman deyilən böyük meydan vardı. Bura nədənsə xırman deyilirdi. Mənasını başa düşmürdüm. Bir gün Zeynəb nənədən soruşdum:
-Zeynəb nənə, xırman nədir? Niyə bura xırman deyirlər?
Zeynəb nənə dünya görmüş yaşlı qadın idi. Aramla, asta -asta sözə başladı:
Qızım, texnika olamamışdan əvvəl kənd adamları çöllərdə əkdiyi taxılı biçər, gətirib bura yığar, sonra da döyərdilər ki, buğda qabığından çıxsın, təmiz olsun. Sonra sovruq atardılar, yəni həmin döyülmüş taxılı göyə-üzüyuxarı atar, külək dəni arıdar, yerə təmiz şüş buğdalar tökülərdi. Buğdanı dəyirmana aparıb üyüdər, gətirib muxrulara yığar, ilboyu ailəni ac qalmağa qoymazdılar. Bax o taxılın döyülən -təmizlənən yerinə xırman deyirlər, bala. Mən fikrə dalmışdım, Zeynəb nənə davam edirdi, sinəsi dolu idi. Bilirsən, nələrə şahiddir bu xırman yeri?
– Yox, Zeynəb nənə, yox! Danışsan bilərəm.
– Sən hələ balacasan, böyüyəndə özün biləcəksən.
– Zeynəb nənə, sən yorulma hansı kitabda yazılıb? Özüm kitabı tapıb oxuyaram.
– Burda yazılıb, bala, bax burda- deyə sinəsini göstərdi. Bir söz demədim. Heç söz tapmadım danışam, çünki Zeynəb nənə çox dolmuşdu, az qala ağlayacaqdı.
– Yaxşı dur gedək evə Zeynəb nənə, dur. Sən get, mən bir az tək qalım, gələcəyəm, get.
Getməyinə getdim evə, yerimə də uzandım, amma Zeynəb nənəni düşünərək heç yatmadım da… Səhər yeməyini eyvanda yeyərdik. Əlbəttə, yay aylarında. Yenə süfrəyə əyləşdik. Anam ayaq üstə idi, mən yavaş- yavaş Zeynəb nənənin yanına çəkildim. Anam o saat: qızım, qoy nənə rahat yeməyini yesin. Başımı aşağı saldım, dinmədim. Zeynəb nənə də yeməyini tez bitirdi və: gəl görüm, billikan!- dedi. Anlamadım. (Sonralar anam izah etdi ki, billikan yaşından çox bilən uşaqlara deyərlər) Zeynəb nənə güldü: elə mənim nənəm də mənə: billikan!- deyərdi. Xırmanın üç tərəfi növbənöv cəviz ağacları ilə sanki hasarlanmışdı. Üstü hamar iri bir daşın üstündə əyləşdi Zeynəb nənə. Mənə də: otur! -dedi. Bir daş gətirdim, Zeynəb nənə ilə üz-üzə oturdum. O susurdu, mənsə həyəcanla onu gözləyirdim. Hər dəqiqə mənə bir gün kimi gəlirdi. Dolmuşdu Zeynəb nənə. İkimiz də susurduq, ağır-ağır nəfəs alırdı Zeynəb nənə…
Xeyli ötdü. O aram-aram sözə başladı:
-Bilirsən, Səidə olan-keçəni bilməyiniz vacibdir. Biz bu dünyanı tutub duran deyilik ki ?! Siz də bizdən sonra gələnlərə- nəvə- nəticələrimizə bu elin-obanın başına gələnləri danışın, amma ehtiyatlı olun. Qonşularımız üzümüzə gülən düşmənlərimizdir. Xammədlə ( Xanməmməd) iki il idi ki evlənmişdik, bir oğul övladımız da dünyaya gəlmişdi. Nizamini deyirəm. Təzə-təzə ayaq tutub yeriyirdi. Soyuq payız günlərindən biri idi, yox yaxşı yadımdadı noyabrın son günlərindən birində alaçalpo qar da düşdüyü günlərin birində Xammədlə yaxınlıq edən Akop gəldi. Çox üzgünlükə kəkələyə-kəkələyə: Xamməmd, Zeynəb bacı, ağır xəbərdi, amma deməliyəm dedi. Biz təəccüblə yaxına gəldik. Xamməd: Akop sözlü adama oxşayırsan -dedi.
Hə vallah bunu dedim sizə çatdırım, nə qədər olmasa duz- çörək kəsmişik.
– Lap ölüb qurtardım , de görüm nə olub, Akop?
– Öz qulaqlarımla eşitdim ki, bizimkilər yenə qan çanağına dönüb. Sizi öldürəcəklər, qaçın canınızı, bu uşağı qurtarın!
– Biz nə günahın sahibiyik, nə etmişik axı?! Nə deyirlər, necə deyirlər?!
– Deyirlər bu torpaqlar bizimdir, burda da erməni yaşaya bilər…
– Yox, Akop ölənlərimizin goruna and olsun ki, babam deyirdi ki, mənim ulu babam bax, o dağın döşündə dəfn oluub, ziyarətə gedərdi.
















