Xidmət adı altında reytinq strategiyası -Ş ərafəddin İlkin yazdı

Xidmət adı altında reytinq strategiyası -Ş ərafəddin İlkin yazdı

(ikinci yazı)

Bir vaxtlar meydan tamaşalarında sehrbazlar diqqəti əllərindəki parlaq yaylığa yönəldər, əsas fəndi isə başqa tərəfdə edərdilər.

Tamaşaçı gördüyünə inanardı, amma oyunun mahiyyəti görünməyən yerdə qurulardı. Bu gün televiziya məkanında da oxşar cəhətlər var. Tamaşaçıya göstərilən simalar, eşitdiyimiz sərt cümlələr, sosial şəbəkələrdə kütləvi hücum hədəfinə çevrilən aparıcılar… Amma səhnənin arxasında qalan mexanizm çox vaxt diqqətdən kənarda qalır.
Əvvəlki yazıda efirdə baş verən qalmaqalların təkcə aparıcı davranışı ilə izah olunmadığını, bunun arxasında dayanan reytinq və redaksiya siyasətini müzakirə etmişdik. İndi isə söhbəti bir qədər də irəli aparmaq vaxtıdır. Çünki məsələ yalnız sistemlə bitmir. Sistemin içində danışan, özünü “xalqın xidmətçisi” adlandıran və efirdə baş verənləri bu ad altında əsaslandıran simalar da var.
Bu mənzərənin ikinci tərəfi məhz burdan başlayır. Çünki efirdə tez-tez belə ifadələr səslənir: “Mən illərin aparıcısıyam”, “Azərbaycan tamaşaçısına xidmət edirəm”, “Xalqın marağını nəzərə alıram.” Bu cümlələr sanki bir növ toxunulmazlıq qalxanına çevrilir. Amma sual yaranır: xidmət dediyimiz anlayışın ölçüsü nədir?
Əgər xidmət kiminsə şəxsi həyatını didik-didik etməkdirsə, əgər xidmət kiminsə keçmiş münasibətlərini, ailə problemlərini, hətta alt paltarına qədər uzanan detalları efirdə müzakirə predmetinə çevirməkdirsə, onda bu anlayışın özü təhrif olunub. Xidmət cəmiyyətin səviyyəsini qaldırmaq, düşüncə mədəniyyətini zənginləşdirmək, sağlam müzakirə mühiti yaratmaq deməkdir. Şəxsi sərhədləri pozmaq isə xidmət yox, xəyanətdir.
Daha təhlükəlisi odur ki, bu tip verilişlərdə səviyyə təkcə aparıcı ilə məhdudlaşmır. Qonaq seçimi də eyni məntiqə xidmət edir. Sakit, arqumentli, intellektual müzakirə apara biləcək insanlar deyil, emosional reaksiya verəcək, qalmaqal yaradacaq, sosial şəbəkədə gündəm olacaq simalar dəvət olunur. Çünki məqsəd maarifləndirmək deyil, diqqət çəkməkdir.
Beləcə, efir bir növ şəxsi həyat bazarına çevrilir. Kim daha sərt danışdı, kim daha çox sirr açdı, kim daha çox ittiham etdi. Tamaşaçı isə bəzən fərqinə varmadan bu oyunun iştirakçısına çevrilir. Qəzəblənir, paylaşır, müzakirə edir və nəticədə reytinq mexanizmini özü də qidalandırmış olur.
“Mən xalq üçün edirəm” arqumenti isə əslində məsuliyyəti xalqın üzərinə atmaqdır. Sanki tələb budur, biz də veririk. Halbuki media həm də zövq formalaşdırır. İllərlə hansı məzmun təqdim olunursa, tamaşaçı da ona uyğunlaşır. Səviyyəli müzakirə verilsə, ona da maraq formalaşar. Problem ondadır ki, asan yol seçilir: sürətli reytinq, tez diqqət, qısa müddətli qazanc.
Daha acınacaqlısı isə odur ki, bir vaxtlar efirə və səhnəyə məhz bu sərhədsizliyi daşıyanlar bu gün ən sərt “mənəviyyat keşikçisi” rolunda çıxış edirlər. İllər əvvəl diqqət naminə atılan addımlar, şok effekti yaratmaq üçün seçilən görüntülər, qalmaqalla qurulan populyarlıq indi sanki unudulur. Eyni şəxslər bu gün çıxıb həmkarlarını ittiham edir, “efir hara gedir?” deyə sual verirlər.
Hətta utanmadan etiraf edirlər ki, “Bəli, səhnəyə açıq-saçıq çıxmışam, sinəm də görünüb. Amma siz nə gündəsiniz?” Bu cümlənin özündə paradoks var. Dünən normanı pozan davranış bu gün başqasını qınamaq üçün arqumentə çevrilir. Sanki məsələ prinsip yox, növbə məsələsidir, kim daha çox diqqət topladı, kim gündəmdədir.
Və ən narahatedici məqam da budur ki, mübahisə artıq efir çərçivəsindən çıxaraq sosial şəbəkə meydanına daşınır. Canlı yayımlar açılır, bir-birinə küçə leksikası ilə ittihamlar səslənir, şəxsi və peşəkar münasibətlərin “çirkli detalları” nümayişkaranə şəkildə ortaya tökülür. Şəxsi hesablaşma ictimai tamaşaya çevrilir.
Daha təhlükəlisi isə dövlət qurumlarının adının hədə-qorxu vasitəsinə çevrilməsidir. Qanun adı emosional savaşın alətinə dönəndə məsələ artıq etikadan da o tərəfə keçir. Bu, ictimai müzakirə mədəniyyətinə açıq zərbədir.
Və məsələnin ən paradoksal tərəfi də bundadır ki, efirdə etik çərçivəni aşan, qalmaqal yaradan, şəxsi sərhədləri pozan məqamlar sonradan kanallar tərəfindən xüsusi olaraq kəsilib sosial şəbəkələrdə paylaşılır. Sanki problem kimi təqdim olunan həmin hissə eyni zamanda ən “dəyərli kontentə” çevrilir.
Verilişin sakit, arqumentli, mədəni müzakirə aparılan hissələri yox, məhz səs tonunun qalxdığı, qarşı tərəfin alçaldıldığı, intim detallara girilən fraqmentlər seçilir. Çünki emosional qarşıdurma daha çox baxış gətirir. Baxış isə reklam gəliri deməkdir.
Beləliklə, qalmaqal bir dəfə baş vermir, təkrar-təkrar istehsal olunur. Televiziya efirində səslənən bir cümlə sosial şəbəkədə yüz minlərlə baxış qazanır, şərhlərdə yeni qarşıdurmalar yaradır, mövzu günlərlə gündəmdə saxlanılır. Etik pozuntu anlıq səhv olmaqdan çıxıb kommersiya alətinə çevrilir.
Bu nöqtədə məsələ yenə də sistemə qayıdır. Aparıcı efirin üzüdür, amma istiqaməti müəyyən edən mexanizm görünməz qalır. Qalmaqalı həm qınamaq, həm də ondan qazanc əldə etmək isə ikiüzlü yanaşmadır.
Əgər doğrudan da teleməkanın səviyyəsi ilə bağlı narahatlıq varsa, bu, qarşılıqlı ittiham və küçə ritorikası ilə həll olunmayacaq. “Mən etmişəm, amma siz daha betərsiniz” məntiqi nə əxlaqdır, nə də məsuliyyət. Bu, sadəcə eyni davranışın başqa formada davamıdır.
Əsl xidmət isə çətin olandır. Qışqırmadan danışmaq, şəxsi sərhədlərə hörmət etmək, polemikanı təhqirə çevirməmək, cəmiyyətin düşüncə səviyyəsini yüksəltməyə çalışmaq. Bu yol daha az səs-küy yarada bilər, amma daha çox etibar qazandırar.
Sonda sual yenə açıq qalır. Televiziya ictimai məsuliyyət platformasıdır, yoxsa qalmaqal istehsal edən kommersiya fabriki? Cavab səmimi verilmədikcə, adlar dəyişəcək, rollar dəyişəcək, amma səhnə eyni qalacaq. Və biz yenə də parlaq yaylığa baxıb əsas fəndi gözdən qaçıracağıq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı laureatı”

Share: