Xatirələrdə yaşayan İbad müəllim- Leyla Məcidova yazır

Xatirələrdə yaşayan İbad müəllim- Leyla Məcidova yazır

 

Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Tanrının bəxş etdiyi ömür payından başqa insan üçün ikinci ömür də var. Bu , həyatı cismən tərk edəndən sonra başlanan xatirə ömrüdür. Yəni hər kəs yaxşı pis əməlinə görə yaddaşlarda, xatirələrdə yaşayır.
Təbii ki, yaxşı, xeyirxah əməl sahibləri həmişə minnətdarlıqla xatırlanır, pis əməl sahibləri isə nifrətdən,gülüş hədəfinə çevrilirlər.
Lənkəranın sayılıb seçilən pedoqoqlarından biri ,səmərəli pedaqoji fəaliyyəti artıq tarixə qovuşan ziyalı İbad Əhmədov kimi. Onun haqqında o, dövrün qəzet və jurnallarında çox yazılıb, bir tarix müəllimi, direktor kimi fəaliyyəti örnək göstərilib. Tanınmış yazıçı jurnalist Hacıbala Əbilovun isə İbad müəllimi” İbad müəllimin dərsləri “ kitabının qəhrəmanını seçməsi heç də təsadüfü deyil.
Müəllif kitabında ( Bakı , Çaşıoğlu nəşiriyyatı,2001) yazır : “ hər dəfə İbad müəllimi düşünəndə fikrimdə düşüncələrimdə bənzərsiz bir müəllim obrazı canlanır. O , tarixçi idi. Tarix ictimaiyyət dərslərini tədris edirdi. İbad müəllimi bir pedaqoq kimi başqalarından fərqləndirən başlıca cəhətlər də vardı. O , mövzunu sadə , hamının başa düşəcəyi , qavrayacağı səviyyədə izah edirdi. Bu izahdan sora şagirdlər materialı elə sinifdəcə mənimsəyirdilər…”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair publisist Xudaverdi Cavadın “ Lənkəran pedaqoqları” , kitabında isə İbad Əhmədova “ Bir kitabın qəhrəmanı “ adlı oçerk həsr olunub. Həmin oçerkdə İbad müəllim hələ Lənkəran şəhər 1 saylı orta məktəbin direktoru işləyəndə onun rəhbərlik səriştəsi, təşkilatçılıq bacarığı ilə bağlı verilən bir xatirə, diqqəti daha çox cəlb edir. Müəllif yazır :Hər il Sovet ordusu günü Lənkəran şəhər 1 saylı orta məktəbində şagirdləri müəllimlərini adəti üzrə təbrik edirdilər. Novbeti Sovet ordusu günündə də bu ənənə davam edir. Lakin eyni sinifdə oxuyan şagirdlər bu dəfə ayrı seçkilik edirlər. Onlara dərs deyən müəllimlərdən birinin çantasına xeyli gül çiçək , digər müəllimin çantasına isə çoxlu sayda daş yığılar. Bu hadisə məktəbdə böyük qalmaqala səbəb olur. Hətta çantasına daş yığılan müəllim qisas almaq,araşdırmasına başlayır. Xəbər məktəbin direktoru İbad müəllimə çatır. İbad müəllim adəti üzrə özünə məxsus təmkinlə müəllimləri sakitləşdirib:
Bu hadisəyə çox da kəskin reaksiya vermək olmaz,– deyir—səhvi öncə özümüzdə axtaraq . Ola bilsinki , hardasa yalnışlığa yol vermişik. Gəlin elə işləyək ki , bundan sonra çantalarımıza daha daş deyil, gül – çiçək qoysunlar…
Yaddaşlara həkk olunan bu əhvalat bütün ömrünü Lənkəranda təhsilin inkişafına həsr edən İbad Əhmədov haqqında çox şey deyir.
İbad Əhmədov Lənkəranda öz kadr potensialı ilə seçilən , rayonun abad , inkişaf etmiş kəndlərindən biri olan Xolmilidə dünyaya göz açıb. Atası Məmməd kişi əvvəl kənddəki kolxozda mühasib işləyib. Sonralar rus dilini yaxşı bildiyindən Azərbaycanın ilk hərbi naziri general Səməd bəy Mehmandarovun yanında mirzəlik edib,Məmmədin həyat yoldaşı Xanımda kolxozda işləyib. İbad müəllim məhz belə sadə , zəhmətkeş bir ailədə doğulmuş , valideynlərinin təmiz, saf mənəviyyatını mənimsəmişdi. Xolmili kənd orta məktəbində oxuduğu illər Sovet Alman müharibəsi dövrünə təsadüf etmişdi. Ali təhsil arzusu ilə yaşasada məktəbi bitirəndə arzusuna çatmağa hələ imkan yox idi Çünki müharibə davam edirdi. Bir də ki, kəndin əli silah tuta bilən gəncləri müharibəyə getmişdi. Kəndlərindəki Jdanov adına kolxozda işçi qüvvəsi çatışmırdı. Elə buna görədə hələlik bu boşluğu doldurmaq lazım idi. Həmin il Xolmili kənd orta məktəbini bitirən məzunlarla birlikdə kənddə qalıb işləməyi qərara aldılar. O, vaxt kolxozun əsas iqtisadiyyatı əsasən taxılçılıq və çəltikçilik idi.
Müharibə artıq bitmişdi. Döyüşən ordudan təxris olunan Xolmili kəndinin sakinləridə geri qayıdırdılar. Nəhayət 1948 ci ildə İbad Əhmədov da öz arzusuna çatdı. Sənədlərini S.M Kirov adına Azərbaycan Dövlət Universitetinə təqdim edərək. Tarix fakültəsinə daxil oldu. Sonralar Azərbaycanın məşhur elm xadimlərinən olan tarix elmləri doktorları Seyfəddin Qəndillov , Sabir İbrahimov, Aslan Atakişiyev, Çingiz Axundov,Cəmil Əhmədov, Qurban Əliyev və başqaları tələbəlik həyatını onunla birgə yaşyıblar. Universiteti bitirəndən sonra İbad Əhmədovu tələbə dostu Ağa Məmmədovla Respublika Dövlət Təhlükəsizlik Komitəsinə işə göndərdilər. Lakin ailə vəziyyəti ilə əlaqədar burada işləyə bilmədi. 1954 cü ildə Lənkərana qayıdaraq bir müddət tarix müəllimi işlədi. Sonra Lənkəran şəhər 1 saylı orta məktəbinə direktor təyin olundu. Qısa müddət ərzində məktəbdə sağlam ab-hava yaratdı. Pedoqoji kollektivin bütün səylərini tədrisin səviyyəsinin keyfiyyətcə yüksəldilməsinə yönəltdi.
İbad Əhmədovun ömür gün yoldaşı Nisə Xanım da ali təhsilli dil ədəbiyyat müəllimi idi. Ondan əvvəl şəhər 1 saylı orta məktəbin direktoru işləyirdi. Öz ərizəsi ilə vəzifəsindən azad edildi, lakin elə bu məktəbdə qalaraq ömrünün axırına qədər dərs dedi, şagirdlərinin sevimli müəlliminə çevrildi.
İbad müəllimin, Nisə xanımın birlikdə böyüdüb, ərsəyə çatdırdıqları övladları bu gün xalqa , vətənə valideynləri kimi xidmət göstərməyi özlərinə şərəf və müqqəddəs borc bildilər. Qızları Arifə atası İbad müəllimin, anası Nisə xanımın şərəfli peşəsini, biologiya müəllimi ixtisasını seçdi. Oğlanları İqbal vaxtsız dünyanı tərk etsədə, ömrünün sonuna kimi vətəninə bir hüquqşünas kimi, məhəbbətlə xidmət etdi. Yüksək şüur və gendən gələn yüksək mədəniyyətlə kiçik oğlu General Eldar Əhmədov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi kimi çalışaraq dövlətinə sadiq, vətənpərvər insan kimi xalqa sədaqətlə xidmət etmişdi. Halhazırda təqaüdədir.İndi ailə ənənəsini ləyaqətlə davam etdirən nəvə nəticələr var.
Bəzi insanlar var ki, laqeyd halda fələyin qapısında durub, talehin onların üzünə güləcəyi anı gözləyirlər.
Bu onu göstərir ki, zəhmət insanın parlaq əmillərinin nümunəsidir.
Bu gün həyatda nə İbad müəllim var, nə də ömür gün yoldaşı Nisə xanım. Lakin həyat isə öz əvvəlki ahəngi ilə davam edir. Nə yaxşı ki, nəsil estafetini irəli aparan soy kökü yaşadan övladlar, nəvələr var. Xatirələrdən boylanan və həmişə minnətdarlıq hissi ilə yad edilən təhsilin fədaisi, xeyirxah insan İbad Əhmədov isə öz xatirə ömrünü yaşayır. Bu şərəfli ömür hər kəsə qismət olmur. Bu ömrü gərək sağlığında öz xeyirxah əməllərinlə xalqa , vətənə xidmətinlə, verdiyin faydanla, sonrakı nəsillərə qoyduğun xoş izlərlə… qazanasan . Xatirələrdə xeyirxahlıq mücəssəməsi kimi yaşayan və gənc nəsillərə örnək olan İbad Əhmədov kimi. Allah rəhmət eləsin ruhu şad, məkanı cənnət olsun inşallah

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Diyarşünaslıq Muzeyinin direktoru
Məcidova Leyla Qadir qızı

Share: