Xanım İsmayılqızı- 70
Məshəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan şair qadınlar az olmayıb. Onların unudulanları da var, yadda qalanları da.
Bu gün də sələflərinin yolunu davam etdirən şair xanımlarımız az deyil. İnanıram ki, əlahəzrət ZAMAN onların arasından kimlərisə seçib, yaradıcıqlarını əsrlər boyu yaşadacaq. Güman edirəm ki, həmin xanımlardan biri də şair, bəstəkar Xanım İsmayılqızı olacaq…
İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər, verəcəyi hər bir qərara keçdiyi ömür yolu, topladığı təcrübə çox təsir edir…
…Bakı şəhərində dünyaya gəlib. Ömrünün böyük bir hissəsini nəşriyyat sahəsində çalışıb…
İnadkar insandır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqəti qorumağa əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı, nəcib xanımdır. Bütün bunlarla yanaşı həyat onun üçün də asan olmayıb…
Əlahəzrət SÖZün qüdrətindən istifadə edib yazır ki:
“Hərdən gözə batan şüalarımı,
Yayın günəşinə oxşadan olub.
İçimdə bir uşaq yaşayır sanki,
Ruhumu hər yaşda oxşayan olub.
Hərdən mənə yazın özü deyiblər,
Hisslərin gül-çiçək açan vaxtında.
Ulduzlar ayağım altda sərilib,
Sevgi qanadında uçan vaxtımda.
Hərdən mənə payız deyən də olub,
Duyğumda hər rəngdə yarpağım da var.
Saçlarım bəyazla dolsa da belə,
Ürəkdə eşq adlı otağım da var.
Hərdən süzə bilib soyuq baxışla,
Deyənlər də olub mənə ki, qışam.
Yanaqlarım solğun olsa da belə,
Ürəkdə sevginin yurdu olmuşam.
Dünən yaz idimsə, bu gün payızam,
Sabah qış olacaq yəqin ki, dadım.
Bütün fəsillər də əynimdə olsa,
Mənim bir adım var – Sevimli Qadın.”
Onun parlaq poeziya nümunələri çoxdur. Mən sizə cəmi birini- “Sevimli qadın” adlı şeirini təqdim edə bildim. Gözəldir, deyilmi?..
Bəli, aprelin 10-u şəhərlər şəhəri Bakımızda, xanımlar xanımı Xanım xanımın 70 yaşı tamam olur. Onu bir oxucusu kimi yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu


















.jpg)



