Xan kimi məğrur, qürurlu, ağayanə aktyor…

Xan kimi məğrur, qürurlu, ağayanə aktyor…

Deyir ki:- “Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm”...

Öz prinsipləri ilə yaşayan insandır: Heç vaxt heç kimin xətrinə dəymir, çağırılmadığı yerə getmir. Bir də ki, heç vaxt qadın rolunu oynamır. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Xarakterli adamdır. Özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaratdığı obrazların hamısını ürəklə ifa edir. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…
1953-cü ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bu kənddə böyüyüb boya-baş çatıb. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunaraq iyirmi il orada çalışıb. Sonra beş il Bakı Bələdiyyə Teatrında işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur. 2002-ci ildə əməkdar artist, 2019-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb…
Teatr səhnəsində ifa etdiyi rolların sayı-hesabı çoxdan itsə də, indiyədək qırx beşə yaxın film və teleserialda çəkilib. Yaddaqalan rolları çoxdur. “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də polis mayoru və sairə…
“Yeni gələn aktyorlara bir töfsiyəm var. Sənəti özlərindən çox sevsinlər. Bir-iki rol oynayandan sonra özlərini sənətkar kimi qələmə verməsinlər. Aktyor illərlə teatrın tozunu uda-uda, zaman-zaman yetişib sənətkar olur”- söyləyir.
Bəli, haqqında söhbət açdığım Kazım Abdullayev sənətkardır. Adil İsgəndərov kimi böyük aktyorlardan dərs alıb. Bu zirvəyə yetişmək üçün uzun illər yol gəlib. Teatrda Cavad xanın, İbrahim xanın, sənədli filmlərdə Kəlbəli xanın, Cavanşir xanın obrazlarını canlandırıb. Hərəsindən bir keyfiyyət əxz edib. Nəticə göz qabağındadır, xan kimi məğrur, qürurlu, ağayanə insandır…
Aprelin 6-sı Kazım müəllimin 73 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 73 rəqəmi çox vaxt özünəinam, yaradıcılıq, daxili müdriklik və zehni potensialın rəmzi kimi şərh olunur. Bu rəqəm, şəxsi inkişaf və mənəvi anlayışla əlaqəli enerjiləri özündə birləşdirir, həmçinin indiyədək görülən işlərin bəhrəsini dadmaq və müsbət dəyişikliklər üçün motivasiya vasitəsi kimi yozulur…
Yeni yaşı münasibətilə respublikamızın xalq artisti Kazım Abdullayevi təbrik edirəm!..
Elman Eldaroğlu
Share: