Xalqın rəğbətini qazananımız… – Elman Eldaroğlu yazdı

Xalqın rəğbətini qazananımız… – Elman Eldaroğlu yazdı

Novella Cəfəroğlu- 85

Azərbaycanın ictimai-siyasi həyatında mübariz qadınlar elə də çox olmayıb. Həqiqəti dilə gətirməklə, problemləri kəskin tənqid etməklə gündəmə gələn, xalqın rəğbətini qazanan qadınlarımız çox az olub. Onlardan biri haqqında söhbət açmaq istəyirəm…

Müsahibələrinin birində deyir ki:- “Mənim bir tərəfim Bəktaşilərdən, bir tərəfim Səfəvilərdəndi. Babam Mirzalı bəy Bəktaşın Azərbaycanın böyük fikir adamı Cəlil Məmmədquluzadə ilə çox yaxın münasibətləri olub. “Molla Nəsrəddin” jurnalının çap edilməsi üçün Naxçıvanda pul toplayıb Bakıya göndərənlərdən biri mənim Mirzalı babam olub. Nənəm danışır ki, Mirzə Ələkbər Sabir xəstə olanda Mirzə Cəlil Naxçıvanın imkanlı adamlarından onun müalicəsi üçün vəsait toplamağı babamdan xahiş edib. Hörmətli kişilərdən olduğu üçün onun sözünü yerə salmırlarmış. Dayım Rauf Bektaşi Naxçıvanın ilk elmlər namizədi idi, o biri dayım qəzetçi olub, Naxçıvanda qəzet redaktoru idi. Azərbaycanın sayılıb-seçilən professorları içərisində mənim ana tərəfimdən qohumlarım olan neçə-neçə Bektaşilər var. Babam Mirzalı bəyin qardaşı Şeyx Cabbar, anamın dayısı Şeyx Kərim Naxçıvanın qazılarından idi. Bu nəsildən görkəmli din xadimləri çıxıb. Özü də o şəxslər mövhumatçı yox, əsl din xadimləri idilər. Gözümüzü açandan heç kimin haqqını tapdalamamaq, ədalətli olmaq haqqında İslamın tələblərini, Məhəmməd Peyğəmbərin hədislərini eşitmişik. Naxçıvanda mənim babalarımın tikdirdiyi məscid bu gün də qalır. Atam tərəf də ziyalı nəsil idi. Sovet dönəmində təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını Cəfərov eləmişdilər. O nəsil də nə qədər müəllimlər, ziyalılar yetişdirib. Bax, mən belə bir mühitdə doğulmuşam. Bir məsələni də istəyirəm deyim. Köhnə nəslin ziyalıları tam fərqli idilər – bütün təqiblərə, məhrumiyyətlərə baxmayaraq onlarda milli təəssübkeşlik, köklərə bağlılıq çox yüksək səviyyədə olub. Müstəqil fikirlilik, azadlıq ideyalarını mən ailəmdən almışam.”
Bəli, o, 1941-ci il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1963-cü ildə təhsilini başa vurub. Mərkəzi regional analitik laboratoriyada kimyaçı mühəndis vəzifəsində işləməyə başlayıb. Sonrakı illərdə Cənub Geoloji ekspedisiyasında, Baş Geoloji idarədə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb.
1977-ci ildə Balakəndə laboratoriya müdiri vəzifəsində çalışıb. 1984-cü ildə Azərbaycan Əlvan Metallurgiya idarəsində baş mühəndis və şöbə müdiri vəzifəsində işləyib. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. Kimya elmləri namizədidir. Çoxlu elmi məqalələri, kitabları çap edilib.
1990-cı ildə Azərbaycan Milli Azadlıq hərəkatına qoşulub, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəallarından olub. 1993-cü ildən həmin cəmiyyətin sədridir. 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Demokratiya uğrunda “Marşall” mükafatına layiq görülüb. Ailəldir, üç oğlu var…
“Mən uşaq olanda evimizdə balaca bir “Baltika” radiomuz var idi, valideynlərim ondan Türkiyə radiosunu dinləyirdilər. Tez-tez dalğaları vururduqlarından, radiodan xırıltılı bir səs gəlirdi. Ancaq yenə də ona diqqətlə qulaq asırdılar. Evimizdən həmişə türk musiqisinin səsi ucalırdı. Mustafa Kamal Atatürklə mənim anamın dayısı Şeyx Kərim yaxın dost olublar. Onlar hətta məktublaşırdılar da. Sovet hökuməti qurulanda Atatürkün Leninə münasibəti müsbət idi. Şeyx Kərimə məktublarından birində yazırdı ki- Lenini bəyəndim – kasıbların dərdinə qalır. Ancaq 2-3 il sonra yazdığı məktublarda Atatürk Lenini çox ağır dillə tənqid edirdi…”- söyləyir.
…Özündən başqa bacı-qardaşları olmasına baxmayaraq, atası ən çox onunla həmsöhbət olurmuş. Səbəbini heç özü də bilmir. Atası deyirmiş ki: “Günəş Novellanın başında doğur, ayağında batır.” Elə ona görə də heç kim onu acılaya, artıq bir söz deyə bilmirdi…
Bəli, bu dəfə söhbətimin qəhrəmanı Novella Cəfəroğludur…
Deyir ki:- “Atam mənə azadlıq vermişdi. Ancaq onun sözü də mənim üçün əsas idi. Bir də görürdün, rəfiqələrimdən birinin ad gününə hazırlaşırdım, atam deyirdi ki, rayondan gəlmişəm yorğunam, istəyirəm səninlə oturub bir az söhbət edək, getmə də… Atamın xətrinə həmin məclisə getmirdim. Atam çox maraqlı insan idi. Səidə Qocamanlının atası Məmməd Əkbərlə dost idilər. Və atam dayım Kamil Bektaşı, Məmməd Əkbərlə tez-tez bir yerdə olurdular. Yaxşı yadımdadır, mənim 13-14 yaşım olanda, onlar növbəti dəfə bizə gəlmişdilər. Onda Məmməd Əkbər dedi ki, “kişi öldü, gəlin vuraq, ağlayaq”. Mən bu sözün kimin haqqında deyildiyini bilmədim. Sonra anam dedi ki, Məhəmməd Əmin Rəsulzadə vəfat edib. Onda Məhəmməd Əmin bəyin adını belə çəkmək olmazdı. Bircə onu eşitdim ki, atam deyir: “Heç narahat olmayın, davamçıları var…” Partiya işçiləri idilər, çox ağır bir rejimdə yaşayırdılar, amma onlar Türkiyəyə, türk kimliyinə çox bağlı adamlar idilər.”
Cəsarətli xanımdır, düşündüklərini dilə gətirməkdən çəkinmir. Ən böyük narazılığı isə ölkədəki məhkəmələrdəndir. Düşünür ki, məhkəmələr ədalətli olsalar, sifarişli qərarlar verməsələr, cəmiyyətdə problemlər də azalar..
“Azərbaycan məhkəmələrində elə bərbad durum yaranıb ki, bilmirsən həmin hakimə nə deyəsən, baş verənlərə necə reaksiya verəsən. Mən hələ siyasi qərarlarla həbs edilənlərdən danışmıram. Bu ölkənin məhkəmələrində mülki işlərlə bağlı nə qədər absurd qərarlar var. Yaxşı, siyasi məhbusları anladıq, bəs bu ev bölgüləri, mülk davaları ilə bağlı bu qədər qanunsuz qərarları niyə qəbul edirlər? Axı, Azərbaycanın dünya qarşısında ədalətli məhkəmə öhdəliyi var.”
Bəli, martın 3-ü Novella Cəfərqızını 85 yaşı tamam olur. 85 rəqəmi mələklərin numerologiya sistemində güc, biznes, məsuliyyət və dəyişiklik, azadlıq, macəra enerjilərinin birləşməsi kimi izah olunur. Bu rəqəm, praktiki yanaşma vasitəsilə həyatda müsbət dəyişikliklərin olacağını və maddi sahədə inadkarlıqla irəliləməyi və həmçinin fərasətli olmağı ifadə edir. Düşünürəm ki, 85 yaşı Növella xanımın həyatına ağrı-acısız, xoşbəxt günlər bəxş edəcək. Onu yubileyi münasibətilə təbrik edirəm…
…Yeri gəlmişkən, atası Moskvada Ali Partiya Məktəbində oxumuşdu. Orada bütün sovet respublikalarından gələn insanlar kimi, ona da etiket qaydaları ilə bağlı təlimlər keçmişdilər – hansı boşqab, hansı qaşıq nə üçündür, danışarkən hansı qaydalara əməl olunmalıdır, geyim tərzi, davranış necə olmalıdır? Və o, bu qaydaları uşaqlarına da aşılamışdı. Elə ona görə də Novella xanım yüksək mədəniyyəti ilə də tanınır…
“Mir Cəfər Bağırov tutulanda onun üzünə durmayan yeganə adam atam olub. Deyirdi ki, mən bilirəm o çox pis işlər görüb, ancaq o, millət üçün bacardığını da eləyib. O vaxt çox çətin dövrlər idi. O dövrü heç bir zamanla müqayisə etmək mümkün deyil. Təsəvvür edin, Kremldən tapşırıqlar gəlir və siz onları sorğu-sualsız yerinə yetirməlisiniz. Ancaq atam həmişə deyirdi ki, bacardığımız qədər Azərbaycanı qorumalıyıq. Bu prinsip mənim üçün də həmişə önəmlidir. Bəli, ən vacibi Azərbaycanı qorumaqdır.”- söyləyir…
Hörmətlə, Elman Eldaroğlu
Share: