Azərbaycan Milli Konservatoriyasının dirijorluq kafedrasının professoru, Xalq artisti Fəxrəddin Kərimov haqqında
Bu gün yenidən Azərbaycan Milli Konservatoriyasının sənətkar, yüksək peşəkarlığı ilə seçilən dəyərli müəllimlərindən biri – Xalq artisti Fəxrəddin Kərimov haqqında, onun zəngin sənət yolunun zirvə məqamlarından bəzi mühüm məqamlara nəzər salmaq istəyirəm.
Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov Bülbül adına məktəbi skripka ixtisası üzrə bitirmiş, daha sonra Rusiyanın Moskva şəhərində P.İ. Çaykovski adına musiqi məktəbində skripka ifaçılığı ixtisası üzrə təhsilini davam etdirmişdir. Sonra o dövrün bütün gəncləri kimi hərbi xidmətə yollanmışdır. Tiflisdə hərbi xidmətini başa vuran gənc sənətkar qarşısına dirijorluq üzrə təhsil almağı məqsəd qoyur. Bu arzu və məqsəd onu Sankt-Peterburq şəhərində N.A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasına (opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə) gətirib çıxarmışdır. 1989–1991-ci illərdə Sankt-Peterburq “Mariinski” Akademik Dövlət Opera və Balet Teatrında dirijor-stajor kimi fəaliyyət göstərmişdir.
Daha sonra həyat yolunun istiqaməti onu Türkiyəyə aparmışdır. 1991–2004-cü illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi Opera və Simfonik Orkestrinin qurucusu və baş dirijoru, eyni zamanda İstanbul MSÜ Dövlət Konservatoriyasının simfonik orkestrinin dirijoru kimi çalışmışdır. Fəxrəddin Kərimov sənət yolunda Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, Sankt-Peterburq “Mariinski” Akademik Dövlət Opera və Balet Teatrının dirijor-stajoru, Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi Opera və Simfonik Orkestrinin qurucusu və baş dirijoru, İstanbul MSÜ Dövlət Konservatoriyasının simfonik orkestrinin dirijoru, İzmir Dövlət Opera və Balet Teatrında baş dirijor kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan, Tatarıstan, Özbəkistan, Qazaxıstan, Yakutiya, Türkiyə, Yunanıstan, Polşa, Rumıniya, Almaniya, Hollandiya, Fransa, İsveçrə, Küveyt və Yaponiyada opera və balet tamaşalarına, simfonik konsertlərə dirijorluq etmişdir. Sankt-Peterburq “Mixaylovski” Dövlət Opera və Balet Teatrında dəvətli dirijor, eləcə də Lvov Dövlət Filarmoniyasının Akademik Simfonik Orkestrində dəvətli baş dirijor, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Üzeyir Hacıbəyli adına Simfonik Orkestrində dirijor vəzifələrini icra etmişdir.
Hazırda Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasında professor kimi fəaliyyət göstərir.
Sənət yolunun keşməkeşlərini görmüş, bütün yaradıcılıq sınaqlarından alnıaçıq, üzüağ çıxmış sənətkar son dövrlərdə də dünyanın müxtəlif aparıcı opera teatrlarından dəvətlər alaraq yaradıcılıq səfərlərinə davam edir.
Sizlərə sənətkarın son aylarda həyata keçirilmiş iki mühüm layihədə iştirakından söz açmaq istərdim. Bildirdiyim kimi, Xalq artisti Fəxrəddin Kərimov 2026-cı ilin başlanğıcından etibarən bir sıra beynəlxalq nüfuzlu tamaşalarda iştirak etmək üçün dəvətlər almışdır.
İlk olaraq dirijor 23–28 fevral 2026-cı il tarixlərində Zaxari Paliaşvili adına Tbilisi Opera və Balet Teatrında Rucero Leonkavallonun “Paqliacci” (“Məzhəkəçilər”) operasına dirijorluq etmək üçün dəvət alaraq Gürcüstan Respublikasına səfər etmişdir. Tamaşa mədəni ictimaiyyət arasında böyük rezonans doğurmuşdur. Belə ki, operanın premyerasında Gürcüstan Respublikasının mədəniyyət naziri Tinatin Ruxadze və prezident Mixeil Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi də iştirak etmişdir. Böyük maraqla izlənilən tamaşada dirijorun yüksək peşəkarlığı xüsusi diqqət çəkmiş, premyera Tbilisi opera səhnəsində əhəmiyyətli əks-səda doğuraraq tamaşaçıların estetik zövqünü oxşamışdır. Harada olmasından asılı olmayaraq, dünyanın müxtəlif səhnələrində Azərbaycan musiqisinin sehrini tanıdan sənətkar kimi Fəxrəddin Kərimovun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bu dəfə isə o, Rusiyanın D. A. Hvorostovski adına Krasnoyarsk Dövlət Opera və Balet Teatrından Cakomo Puççininin “Turandot” operasına dirijorluq etmək üçün dəvət almışdır. Məşhur opera tamaşası “Operada ulduzların paradi – Slovtsov” XV Beynəlxalq Festivalı çərçivəsində təqdim olunmuşdur.
27 mart 2026-cı il tarixində D. A. Hvorostovski adına Krasnoyarsk Dövlət Opera və Balet Teatrında üç pərdəli opera tamaşası təqdim edilmişdir. Tamaşa Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə həyata keçirilmişdir.
Səhnə əsərində əsas rolları tanınmış opera ifaçıları canlandırmışdır. Turandot obrazı Moskva K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatrın solisti İrina Vaşenko tərəfindən ifa olunmuşdur. Altoum rolunda Krasnoyarsk diyarının əməkdar artisti Yevgeni Baldanov iştirak etmişdir.
Tamaşada digər obrazlar da peşəkar ifaçılar tərəfindən yüksək səviyyədə səhnələşdirilmişdir.
Tamaşanın musiqi müşayiəti D. A. Hvorostovski adına Krasnoyarsk Dövlət Opera və Balet Teatrının orkestri tərəfindən təmin olunmuşdur.
Beləliklə, təqdim olunan tamaşa yüksək peşəkarlıq səviyyəsi ilə seçilərək beynəlxalq ifaçı heyətinin iştirakı ilə musiqi və səhnə sənətinin vəhdətini uğurla nümayiş etdirmişdir. Fəxrəddin Kərimovun dirijorluq fəaliyyəti yüksək peşəkarlıq, dərin musiqi təfəkkürü və incə interpretasiya duyumu ilə səciyyələnir.
Maestro Fəxrəddin Kərimovun rəhbərliyi altında orkestr və səhnə arasında qurulan ahəngdar əlaqə yalnız texniki dəqiqliklə deyil, eyni zamanda əsərin dramaturji məzmununun dolğun şəkildə açılması ilə müşayiət olunur. Dirijorun partituranı dərindən mənimsəməsi və hər bir musiqi detalına həssas yanaşması ifanın bütövlüyünü təmin edən əsas amillərdən biri kimi çıxış edir.
Onun dirijorluq üslubu yalnız idarəetmə prosesi deyil, eyni zamanda yaradıcılıq aktı kimi təzahür edir. Fəxrəddin Kərimov ifaçılarla qurduğu peşəkar dialoq vasitəsilə səhnədə vahid bədii məkan formalaşdırır, musiqi materialının emosional və semantik qatlarını incəliklə üzə çıxarır. Bu baxımdan onun fəaliyyəti yalnız ifa prosesinin təşkili ilə məhdudlaşmır, eyni zamanda musiqi əsərinin estetik və fəlsəfi mahiyyətinin tamaşaçıya çatdırılmasında mühüm rol oynayır.
Sənətkar , sənətə yeni qədəm qoyan və bu sahədə peşəkar olmaq istəyən gənclər üçün əsl örnəkdir. Daim öz üzərində çalışan Xalq artisti Fəxrəddin Kərimovun duyumu və dünyagörüşü bir məktəbdir.
O, fasiləsiz,dinamik yaradıcılıq fəaliyyəti ilə seçilir və bu yaradıcılıq xəbərlərini də qısa görüşümüz zamanı mənimlə bölüşərək yeni səfərlərə dəvət aldığını bildirmişdir.
Ömrünün 72-ci ilinə qədəm qoyan Azərbaycan Respublikasının musiqi mədəniyyətinin peşəkar təbliğatçısı olan bu dəyərli sənətkarın yaradıcılıq eşqinə heyran olmamaq mümkün deyil.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun dünya şöhrətli musiqiçilərin iştirak etdiyi beynəlxalq səhnələrdəki çıxışları milli musiqi mədəniyyətimizin qlobal miqyasda təmsilinə mühüm töhfə verir.
Onun yüksək bədii zövqə əsaslanan interpretasiya üslubu, dərin musiqi təfəkkürü və səhnə idarəetməsində nümayiş etdirdiyi peşəkar kamillik hər bir ifanı yalnız sənət hadisəsinə deyil, eyni zamanda estetik dəyər daşıyan mədəni hadisəyə çevirir. Bu baxımdan, sənətkarın fəaliyyəti Azərbaycan dirijorluq məktəbinin ənənələrini yaşatmaqla yanaşı, onu beynəlxalq sənət məkanında layiqincə təmsil edən parlaq nümunə kimi xüsusi əhəmiyyət kəsb edir.
Mən Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti, əziz Fəxrəddin Kərimova öz dərin sevgi və hörmətimi bildirərək ona yeni yaradıcılıq uğurları arzulayıram.
Aysel Fikrət














.jpg)








