Zakir gəncliyində çox sevilən, elmə və sənətə bağlı bir insan idi. Həmişə çevrəsində hörmət görmüş, sadə, amma duyğulu bir gənc kimi tanınmışdı.
O illərdə tanış olduğu Ləman isə gözəlliyi ilə seçilən, amma daha çox dünyəvi arzulara bağlı bir xanım idi. Onların gizli münasibəti bir neçə il davam etdi. Bu münasibət ikisinə də ilk başlarda xoşbəxtlik gətirsə də, zamanla narazılıqlar yarandı. Zakir kasıbçılıq içində yaşayırdı, aldığı maaş yalnız ayın sonuna güclə çatırdı. Ləman isə daha varlı, imkanlı bir həyat arzulayırdı.
Nəticədə yolları ayrıldı. Hər ikisi bir daha bir-birini görmədi. Zakir öz yoluna getdi, evləndi, ailə qurdu. Ləman isə bir müddət sonra həyatın burulğanında itib getdi.
Aradan 27 uzun il keçdi.
Bir gün Zakirin telefonuna tanımadığı nömrədən zəng gəldi. O, çox vaxt yad nömrələri açmazdı, amma bu dəfə ürəyində qəribə bir hisslə telefonu götürdü. Qarşı tərəfdən cavan bir qadın səsi eşidildi. Səsin titrəyişi, dərinliyindəki qəribə həyəcan Zakiri də sarsıtdı. Bir neçə dəqiqəlik adi hal-əhvaldan sonra qadın qəfil dedi:
— Zakir müəllim, mən sizin qızınızam… Mənim adım Şəhladır.
Bu sözlər sanki ildırım kimi çaxdı. Zakir tutuldu, danışa bilmədi. Səsini zorla çıxarıb soruşdu:
— Yaxşı, söylə görüm… ananın adı nədir?
— Anamın adı Ləmandır…
Zakir diksindi. Xatirələr ildırım sürətilə beynindən keçdi. Düşündü, hesabladı — tarixlər düz gəlirdi. Ürəyi sıxıldı, nəfəsi daraldı.
— Sabah gəl, ofisimdə görüşək, — dedi.
Səhəri gün ofisin qapısı döyüldü. İçəri başı qara çarşabla bağlanmış bir qadın girdi. Elə örtünmüşdü ki, yalnız gözləri görünürdü. Zakir heyrətlə baxdı:
— Buyurun, kim lazımdır?
— Mənəm, Şəhlayam… sizin qızınız.
Zakir oturduğu yerdə donub qaldı. Gözləri qaraldı, sanki otağın divarları üzərinə gəlirdi. O, həmişə müasir düşüncəli, açıq fikirli bir insan olmuşdu, amma qarşısında duran bu qara geyimli qadın obrazı onu çaşdırdı.
— Qızım, dedi. yavaş səslə, — üzünü aç, görüm səni…
Şəhla tərəddüd etsə də, bir neçə dəqiqədən sonra üzünü açdı. Zakir gördü ki, bu qız həqiqətən də ona çox bənzəyir. Hətta evdəki qızına olan oxşarlıq onu heyrətə gətirdi.
Şəhla dedi:
— Əgər inanmırsınızsa, DNA analizi də verə bilərik.
Zakir əli ilə susdurdu:
— Yox, lazım deyil. Mən sənin gözündə özümü gördüm. Mənim qanım axır damarlarında…
Sonra dərindən köks ötürüb soruşdu:
— Bəs niyə bu qədər illər məni axtarmadın?
Şəhla gözlərini yerə dikdi:
— Anam icazə vermirdi. O, sizin adınızı belə çəkməyə qoymurdu. Mənim bütün uşaqlığım atasız keçdi. İndi isə başqa çıxış yolum qalmadı… Mənim iki övladım var. Maddi cəhətdən çox sıxılıram. Fikirləşdim, doğma atama üz tutmaq yadsınacaq bir şey deyil…
Zakir gözlərini yumdu. Ürəyində bir təlatüm qopdu. Onun malı, mülkü başından aşırdı. Qohum-əqrəba, dost-tanış yanında hörmətli idi. Amma demə, gizli bir qızı varmış və o, kasıbçılığın içində boğulurmuş.
— Qızım… — dedi ağır səslə, — həyat belə zalımdır. Mənim var-dövlətim çoxdur, amma doğma qanım çətinlik çəkirmiş. Mən bunu bilməmişəm…
Sonra Ləman haqqında danışmağa başladı:
— Ananın üzünü görmək istəmirəm. O, mənə çox iztirablar yaşadıb. Mən kasıb idim, güclə dolanırdım, amma o, dəbdəbə istəyirdi. Mənim imkanım çatmırdı. Ən sonda ayrıldıq. Sonralar onu bir daha görmədim. Demə, o vaxt hamilə imiş… sən də dünyaya gəlmisən.
Zakir bir az susdu, sonra sözlərinə davam etdi:
— Qızım, mən burdayam. Həmişə gələ bilərsən, amma bunu evimdəki ailə bilməsin. Mənim cəmiyyətdə nüfuzum var. Jurnalistlər bunu eşitsələr, məni yerlə bir edərlər.. Mən sənə hər ay min manat göndərəcəyəm. Kart nömrəni yaz, sabahdan pul hesabına köçürüləcək.
Şəhlanın gözləri yaşla doldu:
— Ata… — deyə pıçıldadı, — nə yaxşı ki, anamın dediklərinə baxmadım, gəldim yanınıza. Uşaqlarıma məktəb paltarı belə ala bilmirdim. O uşaqlar sizin nəvənizdir…
Zakir titrədi. Ürəyinə bir ox sancıldı. Dodaqları əsdi, gözlərindən yaş süzüldü. Qarşısında dayanmış qızı, uzaqda qalmış nəvələri, itirilmiş 27 ili düşündü.
Həyat ona həm sevinci, həm də acını eyni gündə yaşatmışdı…
Görüşdən sonra Zakir uzun müddət özünə gələ bilmədi. İllərlə qurduğu həyat, qazandığı hörmət, nüfuz bir tərəfdə, qəfil üzünə çırpılan həqiqət isə digər tərəfdəydi. Onun gizli bir qızı vardı və həmin qız da çətinliklər içində boğulurdu.
Həmin gündən sonra Zakir hər ay Şəhlanın kartına pul köçürdü. İlk aylar Şəhla həmişə təşəkkür zəngi edirdi. Səsində bir minnətdarlıq, amma eyni zamanda utancaqlıq duyulurdu. Zakir isə hər dəfə telefonu qoyandan sonra içində qəribə bir boşluq hiss edirdi.
Bir gün yenə ofisdə oturarkən qapı döyüldü. İçəri Şəhla daxil oldu. Bu dəfə çarşab geyinməmişdi. Sadə, amma təmiz bir geyimdə idi. Qonur gözləri parıldayırdı. Zakir heyrətlə baxdı. Qızının çöhrəsində həm öz gəncliyini, həm də Ləmanın simasını gördü.
— Ata, — dedi Şəhla, — mənim uşaqlarımı da görməyinizi istəyirəm. Onlar sizin nəvənizdir. İndiyədək baba nəvazişi görməyiblər.
Zakir sanki sarsıldı. İllərlə gizlətdiyi sirrin indi böyüyüb nəvə formasında qarşısına çıxması ona həm sevinc, həm də qorxu gətirdi.
— Qızım, mən də istəyərəm, — dedi titrək səslə, — amma bu çox təhlükəlidir. Evimdəki ailə xəbər tutsa, məni bağışlamaz. Mənim bütün hörmətim yerlə-yeksan olar.
Şəhla başını aşağı saldı:
— Mən sizdən heç nə istəmirəm, ata. Sadəcə istəyirəm ki, nəvələrinizin varlığını bilin. Onların sizin kimi bir babaları var.
Zakir qızına baxıb ağır bir ah çəkdi. Onun ürəyində gizlədiyi ata hissi artıq daşmaq üzrə idi.
Aradan aylar keçdi. Şəhla bəzən gizlicə ofisə gəlir, bəzən də telefonla danışırdı. Zakir yavaş-yavaş nəvələri barədə daha çox bilirdi: böyüyü oğlan idi, məktəbdə yaxşı oxuyurdu, balacası isə qız idi, amma tez-tez xəstələnirdi.
Bir gün Şəhla gözləri dolu halda atasına dedi:
— Ata, balaca qızım əməliyyat olunmalıdır. Pul lazım olacaq. Mənim gücüm çatmır…
Zakir dərhal kömək etdi. Amma bu hadisə onu gecələr yata bilməz hala gətirdi. O düşünürdü: “Mən bu qədər imkan sahibiyəm, amma öz nəvəm xəstəliklə boğuşur. Mənim isə adım hamının dilində ‘hörmətli insan’ kimi çəkilir. Axı bu necə ədalətdir?”
Həyatda isə gizli qalacaq sirlərə həmişə düşmən olur.
Bir gün Zakirin həyat yoldaşı – illərlə yanında olmuş qadın, təsadüfən onun telefonundakı bir mesajı oxudu. Mesajda yazılmışdı: “Ata, sabah uşaqları sənə gətirim?”
Qadının əli titrədi. Dünya gözündə qaraldı. Sual üstə sual beynini dəlməyə başladı.
— Bu kimdir? Hansı uşaqlar? Sənin gizli qızınmı var?
Zakir donub qaldı. Nə desin? Nə gizlətsin? Ömür boyu qorxduğu an gəlib çatmışdı.
Həyat yoldaşının gözlərində həm xəyanət acısı, həm də təhqir vardı.
— Zakir, sən bu illəri mənə yalan danışmısan? Mən sənə övladlar bəxş etmişəm, sən isə mənim üstümə gizli ailə qurmusanmı?
Zakir susdu. Söz tapa bilmədi. Amma içindəki ata hissi sükutunu pozmağa məcbur etdi:
— Mən o qızla evli olmamışam. Bu, çoxdan olmuş bir səhv idi. Amma o qız mənim qanımdır, mənim qızımdır. İndi də onun iki uşağı var — mənim nəvələrimdir.
Qadın əsəbdən titrəyirdi.
— Mənim övladlarımın yanında, camaatın içində necə üz göstərəcəksən? Jurnalistlər bunu eşitsələr, səni yerlə-yeksan edərlər.
Zakir dodaqlarını dişlədi. Bütün həyatını itirmək bahasına da olsa, artıq geri dönə bilməzdi.
— Mən susa bilmərəm. Qanımdan olan qızımı və nəvələrimi kimsəsiz buraxmaram.
O gündən sonra ailəsində böyük fırtına qopdu. Qonum-qonşu, qohum-əqrəba dilləndi. Jurnalistlər də xəbəri tutdu. Mətbuat yazdı: “Hörmətli professorun gizli qızı və illərlə gizlədilmiş nəvələri ortaya çıxdı!”
Zakir əvvəlcə çox təhqir olundu, çox söz eşitdi. Amma zaman keçdikcə insanlar gördülər ki, o, doğma qızına və nəvələrinə sahib çıxır. Bu, bəzilərinin gözündə onun günahını artırsa da, çoxlarının yanında ona hörmət qazandırdı.
Şəhla isə göz yaşları içində atasına sarıldı:
— Ata, sən bizi itirsən də, mən səni heç vaxt itirməyəcəyəm. Mən illərlə sənin həsrətinlə böyüdüm, indi isə nəvələrin sənin sevgini hiss edəcək…
Zakir qızına sarılıb ağladı. O an düşündü: “Həyatın vəbası, səhvlərin cəzası belə olurmuş… Amma bəlkə də hər gecikmiş həqiqətin içində bir xilas da gizlidir.”
Damət Salmanoğlu
















