Mübariz Mənsimov yalnız uğurlu sahibkar deyil, həm də xeyirxahlığın və Vətən eşqinin canlı nümunəsidir. O, həyatını, əməyini və imkanlarını xalqının rifahına, gənc nəsillərin gələcəyinə həsr etmiş bir insandır.
Harada olmasından asılı olmayaraq, hər zaman Azərbaycanı ürəyində daşıyıb, milli dəyərləri qorumağı və Vətənə sədaqəti ən uca amal kimi görüb. Onun qazilərə, ehtiyacı olan ailələrə göstərdiyi dəstək, təhsil və səhiyyə sahəsində verdiyi yardımlar reklam və ya göstəriş üçün deyil, saf niyyət və könül zənginliyi ilə həyata keçirilmişdir. Mübariz Mənsimov üçün Vətən təkcə coğrafi məkan deyil, xalqın xoşbəxtliyi, dövlətin gücü və gələcək nəsillərin ümididir.
Məhz belə bir şəxsin adı ilə bağlı son günlər bəzi kütləvi informasiya vasitələrində yayılan əsassız, yoxlanılmamış və sensasiya xarakterli məlumatlar həm təəssüf doğurur, həm də haqsızlıqdır. Bu xəbərlər reallığı əks etdirmir, yalnız fərziyyələr və şayiələr üzərində qurulmuşdur.
“Palmali” Şirkətlər Qrupu qətiyyətlə bildirir ki, Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir biznes və ya şəxsi əlaqəsi olmayıb. Tərəflər arasında dostluq, yaxınlıq və ya ortaq fəaliyyət mövcud olmayıb. Hər hansı görüş və ya əməkdaşlıq baş verməyib; Mübariz Mənsimov Ramiz Mehdiyevi yalnız Prezident Administrasiyasında vəzifə tutmuş dövlət məmuru kimi tanıyıb. Yayılan iddialar tamamilə uydurmadır və ictimai rəyə mənfi təsir göstərmək məqsədi daşıyır.
Mübariz Mənsimov beynəlxalq miqyasda tanınan iş adamıdır. Onun rəhbərlik etdiyi Palmali Şirkətlər Qrupu uzun illərdir ki, dənizçilik və logistika sahəsində fəaliyyət göstərir, beynəlxalq standartlara uyğun iş prinsiplərinə sadiqdir, Avropa və Asiya bazarlarında tanınmış tərəfdaşlarla əməkdaşlıq edir, onlarla ölkədə minlərlə insanın məşğulluğunu təmin edir. Şirkətin fəaliyyəti heç vaxt qeyri-rəsmi əlaqələr, siyasi təsirlər və şəxsi münasibətlər üzərində qurulmayıb. Palmali Şirkətlər Qrupunun uğuru – peşəkarlıq, uzunmüddətli strateji yanaşma və beynəlxalq biznes prinsiplərinə sədaqət sayəsində qazanılmışdır.
Yoxlanılmamış və əsassız məlumatların yayılması yalnız konkret şəxslərin deyil, cəmiyyətin informasiya təhlükəsizliyinə də zərər verir. Palmali Şirkətlər Qrupu media nümayəndələrini dəqiqlik, obyektivlik və peşə etikası prinsiplərinə riayət etməyə çağırır. Eyni zamanda bildiririk ki, bu tip məlumatların yayılması davam edəcəyi təqdirdə, Palmali Şirkətlər Qrupu və Mübariz Mənsimov öz nüfuzunu qorumaq üçün hüquqi müstəvidə müvafiq addımlar atmaq hüququnu saxlayır.
Yayılan iddialar heç bir hüquqi və faktiki əsasa malik deyil və tamamilə yalandır. Bu məlumatlar ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır, dezinformasiya yayır. Mübariz Mənsimovun fəaliyyəti və reputasiyası real faktlar, beynəlxalq əməkdaşlıqlar və açıq biznes təcrübəsi ilə təsdiqlənir. Palmali Şirkətlər Qrupu bir daha bəyan edir ki, həqiqətin, qanunun və şəffaflığın tərəfindədir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.


















