Vətən uğrunda şərəf və qəhrəmanlıqla yazılmış bir ömür- Elxan Adışov

Vətən uğrunda şərəf və qəhrəmanlıqla yazılmış bir ömür- Elxan Adışov

Azərbaycan torpağı igid oğullar yetişdirən müqəddəs bir diyardır. Bu torpaq əsrlər boyu Vətəni qorumağı özünə borc bilən, torpağın hər qarışını canından əziz tutan qəhrəmanların beşiyi olub. Belə igid oğullardan biri də Elxan Balabəy oğlu Adışovdur. Onun qısa, lakin şərəfli ömür yolu vətənpərvərlik, cəsarət və fədakarlığın parlaq nümunəsidir.

Elxan Adışov 10 mart 1975-ci ildə Yardımlı rayonunun səfalı guşələrindən biri olan Qabaqdibi kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açdı. Uşaqlıq illərindən sakit təbiəti, mərd xarakteri və zəhmətə bağlılığı ilə seçilən Elxan kənd həyatının təmizliyi və səmimiyyəti içində böyüdü. Hələ kiçik yaşlarından valideynlərinə kömək edir, eyni zamanda dərslərinə məsuliyyətlə yanaşırdı. 1983-cü ildə Qabaqdibi kənd natamam orta məktəbinin birinci sinfinə qədəm qoyan Elxan qısa zamanda müəllimlərinin diqqətini çəkdi. Onun çalışqanlığı, tərbiyəsi və mehribanlığı sinif yoldaşları arasında da böyük hörmət qazandırmışdı. Təhsilini davam etdirmək üçün daha sonra Yardımlı şəhər 2 saylı tam orta məktəbdə oxudu. Məktəb illərində Elxan təkcə dərslərdə deyil, həm də davranışı və nizam-intizamı ilə nümunə göstərilən şagirdlərdən biri idi.

Lakin həmin illər Azərbaycan üçün ağır və taleyüklü dövr idi. Qarabağda başlanan müharibə minlərlə gənci Vətən uğrunda mübarizəyə səsləyirdi. Torpaqlarımız düşmən təcavüzü ilə üz-üzə qalanda Azərbaycan oğulları tərəddüd etmədən cəbhəyə yollanırdı. Elxan da bu çağırışı ürəyində hiss edən gənclərdən biri idi. 17 aprel 1993-cü ildə o, Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşdü. Bu, sadəcə bir xidmət deyil, Vətən torpağını qorumaq üçün verilmiş şərəfli bir qərar idi. Hərbi xidmətə başlayan Elxan əvvəlcə Sumqayıtda yerləşən hərbi hissədə üç ay təlim keçdi. Qısa müddət ərzində o, öz cəsarəti, diqqəti və məsuliyyəti ilə seçildi. Xüsusilə mina axtarma və zərərsizləşdirmə sahəsində göstərdiyi bacarıq onun minaaxtaran kimi yetişməsinə səbəb oldu.

Minaaxtaran olmaq isə böyük risk və məsuliyyət tələb edən bir iş idi. Hər addımda ölüm təhlükəsi vardı. Lakin Elxan üçün əsas olan Vətənin təhlükəsizliyi idi. O, bu çətin və təhlükəli işi böyük inam və cəsarətlə yerinə yetirirdi. Təlimi başa vurduqdan sonra Elxan Adışov cəbhə bölgəsinə, Goranboy rayonuna göndərildi. Həmin dövrdə bu ərazilərdə gərgin döyüşlər gedir, düşmən hücumlarının qarşısını almaq üçün hər bir əsgər böyük fədakarlıq göstərirdi. Elxan da öz döyüş yoldaşları ilə birlikdə Vətən torpaqlarının müdafiəsində fəal iştirak edirdi.

1994-cü ilin 17 aprel günü onun həyatının son, lakin ən şərəfli səhifəsi yazıldı. Həmin gün düşmən hücumu gözlənilən sahədə mina basdırmaq tapşırığı verilmişdi. Bu tapşırıq düşmənin irəliləməsinin qarşısını almaq üçün son dərəcə mühüm idi. Elxan və döyüş yoldaşları böyük riskə baxmayaraq bu vəzifəni yerinə yetirmək üçün irəlilədilər. Tapşırığı icra edərkən düşmən tərəfindən açılan atəş nəticəsində Elxan qəlpə yarası aldı. Yaralanma çox ağır idi. Lakin o, son ana qədər Vətənə sədaqət andına sadiq qaldı. Elə həmin gün- 17 aprel 1994-cü ildə Elxan Adışov Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.

Şəhidlik Azərbaycan xalqı üçün ən ali zirvələrdən biridir. Bu zirvəyə yalnız Vətənini hər şeydən üstün tutan insanlar yüksələ bilir. Elxan Adışov da məhz belə oğullardan biri oldu. Onun həyatı qısa olsa da, göstərdiyi igidlik və fədakarlıq onu əbədi olaraq xalqın yaddaşına həkk etdi.

Bu gün şəhidimizin müqəddəs məzarı doğma Qabaqdibi kənd qəbiristanlığındadır. Kənd sakinləri, yaxınları və onu tanıyan hər kəs bu məzarı böyük ehtiramla ziyarət edir. Onun xatirəsi təkcə ailəsinin deyil, bütün rayonun qürur mənbəyinə çevrilib. Şəhidin adının əbədiləşdirilməsi də xalqımızın qəhrəmanlarına göstərdiyi ehtiramın bariz nümunəsidir. Yardımlı rayonunun Qabaqdibi kənd tam orta məktəbi bu igid oğulun adını daşıyır. Bu məktəbdə oxuyan hər bir şagird Elxan Adışovun həyat yolundan, onun Vətənə bağlılığından və qəhrəmanlığından ilham alır. Məktəbin divarları arasında böyüyən yeni nəsil onun kimi Vətənə layiq övlad olmağı öyrənir.

Elxan Adışov kimi qəhrəmanların xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Çünki Vətən uğrunda canından keçənlərin adı heç vaxt unudulmur. Onlar tariximizin şərəfli səhifələrini yazan, gələcək nəsillərə yol göstərən işıqlı simalardır.

Bu gün Azərbaycan müstəqil və güclü bir dövlətdirsə, bu, məhz Elxan kimi igid oğulların fədakarlığı sayəsindədir. Onların qanı ilə suvarılan torpaqlarımız azadlığın və qürurun rəmzidir. Şəhid Elxan Adışovun ömür yolu bizə bir həqiqəti xatırladır: Vətən sevgisi ən uca dəyərdir. Bu sevgi uğrunda canını fəda edən qəhrəmanlar isə xalqın yaddaşında əbədi yaşayır.

Elxan Adışovun adı da bu müqəddəs siyahıda daim yaşayacaq- Vətən uğrunda ucalan, şərəf və qəhrəmanlıqla yazılmış bir ömür kimi.

S. Bilnəli

Share: