Vəfa Mürsəlqızı : Hər gecə girir yuxuma, Unutmağa çalışdığım

Vəfa Mürsəlqızı : Hər gecə girir yuxuma, Unutmağa çalışdığım

Olmasın

Mən payız fəslini sevərdim, amma
Çiçəklərin xəzan çağı olmasın,
Tanrım nolar məni yenidən yarat,
Qəlbimdə ayrılıq dağı olmasın.
.
Yağmurlu,dumanlı,çənli günləri,
Ağrılı,sevincli,qəmli günləri,
Yadıma saldıqca sənli günləri,
Mənə xatirələr yağı olmasın.
.
Doğmadır gur yanan ocağı mənə,
Kölgədir hər söyüd budağı mənə,
Xoşdur sevdiyimin qucağı mənə,
Neynirəm ey, cənnət bağı olmasın.
.
Vüsal qapısını açdım,girmədim,
Sənə səadətdən ömür hörmədim,
Dünyada elə bir sevgi görmədim,
Üstündə bir qadın ahı olmasın.
.
Ağıllı qadınam ağılla aldat,
Bir ovuc şip-şirin noğulla aldat,
Sıx məni köksünə, nağılla aldat,
Bir nağıl danış ki, şahı olmasın!
*****
Niyə belə dönük çıxdı,
Qaynadığım,qarışdığım?
Hər gecə girir yuxuma,
Unutmağa çalışdığım.
.
Can verərdim dönüşünə
Bircə şirin gülüşünə,
Çağırmasın görüşünə,
Vidasına alışdığım!

Ana, burda bayramdır

Ana, burda bayramdır, üzü gülür hamının,
Kefi kök qarnı toxdur mənim, balalarımın.
Çırağbandır evimiz,nigaran olma bizdən
İydə ətri duyulur,səhərlər evimizdən.
Sarımtıl işıq olur üstündə budaqların,
Yenə corab geymirəm,
Üşüyür ayaqlarım.
Arxayın ol, əzizim,
Saçlarımı yuyanda fenlə qurulayıram,
Yenə gündüz gülürəm gecələr ağlayıram,
Rabitəsiz danışdım,çiçək,corab,fen, bahar
Sənsiz keçən bayramlar,sənsiz açan sabahlar
Bir az çox yaşasaydın nolardı ki,anacan?
Bir xonçalıq,bir şamlıq,bir baharlıq,əzizim,
Çıxacaq axırıma nigaranlıq,əzizim…
Ana burda bayramdır, sənsiz dadı bilinmir
Evimin bərəkəti, külü odu bilinmir,
Mənim hər şeyim var ey,bircə qucağın yoxdur
Pay götürüb getməyə ata ocağım yoxdur.
Mən qonaq da gedirəm,
Mən arzu da tuturam
Xonça da bəzəyirəm,
Arzuma da çatıram
Amma ki səndən sonra qapım tez -tez döyülmür
gələnim gedənim yox,
Ana, nigaran olma mənim hər şeyim var ey,
mənim bircə “Sən”-im yox.

Heyif

Dağıdıb tellərimi qoynuna əfşan elədim,
Gözümə mil çəkibən,bağrımı al qan elədim,
Sözümü söhbətimi şəninə dastan elədim,
Qədrini bilmədiyin mən kimi məddaha heyif..
.
Bir ahım bəs eləyərdi sinəni dağlamağa,
Təpərim qalmadı artıq,gedəni saxlamağa,
Çiynini tapmayacamsa ovunub ağlamağa.
Pozduğum anda heyif,batdığım günaha heyif..
.
İstəsəydin verəcəkdim sənə bir cüt gözümü
Mən həqiqət bilirəm sevdiyimin hər sözünü,
Haqq məni əff edəcək,əff eləsəm öz-özümü
Dözməz axırda xudam bir bu qədər aha heyif..
.
Su kimi axdı ömür,keçdi ötən gün nə üçün?
Unudub varlığımı tərk elədim mən nə üçün?
Qədrimi qiymətimi bilməyən o bəndə üçün?
Mən yalan söyləmişəm, o boyda Allaha, heyif

Yoxdur

Deməyə o qədər sözümüz var ki,
Susa da bilmirik,dinən də yoxdur,
Donmuşuq ərş ilə,fərş arasında,
Qalxan da görünmür,enən də yoxdur.
.
Düşündüm rahata çıxdıq nəhayət,
Ölüncə deyəsən haramdır rahət
İndi o əvvəlki dəli məhəbbət,
Nə məndə görünür, nə səndə yoxdur
.
Kiməsə verməyə öyüdümüz yox,
Bar bəhrə gətirən söyüdümüz yox,
Bizim gələcəyə ümidimiz yox,
Sabahı görmürük, dünən də yoxdur.
.
Biz ki,fərar etdik “vətən”yerlərdən,
İndi yadlar məskən edən yerlərdən,
Mənim doğmalarım gedən yerlərdən,
Ha soraq edirəm, dönən də yoxdur.
.
Çöllü biyabanda dürr axtarıram,
Bircə açılmamış sirr axtarıram,
Başımı qoymağa yer axtarıram,
Başımı qoymağa sinən də yoxdur,

Share: