Vicdanın məhkəməsi: Hava Limanı yolundakı faciə və ədalətsiz hökm – Samir ƏSƏDLİ yazdə

Vicdanın məhkəməsi: Hava Limanı yolundakı faciə və ədalətsiz hökm – Samir ƏSƏDLİ yazdə

Bəzən bir olay bütöv bir sistemin mahiyyətini anlada bilir. Hava Limanı yolunda baş verən son faciə sərxoş vəziyyətdə avtomobildən düşüb yolun ortasına çıxan bir qadının ölümü sadəcə bir qəza deyil, həm də ölkədə istintaq və məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu açıq göstərən nümunədir.

Hadisə sadədir: qadın və onunla olan iki nəfər sərxoş halda yolda gedirlər. Qadın qəflətən avtomobildən düşür və sürət yoluna çıxır, bir taksi onu vurur. Sonra bir yük maşını qadının üstündən keçir.
Hər yer kameradır, şahidlər açıq-açıq deyirlər ki, qadın özü yola çıxıb. Ölənin ailəsi taksi sürücüsünü bağışlayır, barışırlar və 20 min manat pul müqabilində, taksi sürücüsündən həmin məbləği alaraq. Amma… qadının üstündən təsadüfən keçən yük maşınının sürücüsü həbs olunur. Niyə? Çünki ölənin ailəsi ondan da eyni məbləği, yəni 20 min manat tələb edib, lakin kasıb sürücü sadəcə 5 min verə biləcəyini deyib.
Bu adam sadəcə işindən evinə çörək aparan bir sürücü idi. O, nə sərxoş idi, nə də sürət həddi aşmışdı. O, hadisəni görmədən, artıq vurulmuş qadının bədəninin üzərindən keçmişdi bu, hər kəsin başına gələ biləcək bir bədbəxt təsadüf ola bilırdi … Amma istintaq orqanları üçün əsas məsələ günahkar tapmaq idi, kimliyindən, günahsızlığından asılı olmayaraq. Əsas odur ki, “cinayət işi” bağlansın, “statistika” dolsun, kimsə “məsuliyyətə cəlb olunsun”, yəni sistem kağız üzərində “ədalətli” görünsün.
Məhkəmə də eyni düşüncə ilə qərar verib: 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası!
Halbuki, bu hökmün arxasında bir insanın taleyi, bir ailənin dağılması dayanır. Hər səhər ailəsinə bir tikə çörək aparmaq üçün sükan arxasına keçən sadə, zəhmətkeş bir vətəndaş indi təsadüf törədilmiş bir bədbəxt hadusəyə görə barmaqlıqlar arxasındadır. Vicdanın səsi isə bu qərarda susdurulub.
Həqiqət məhkəmə zalında deyil, insanların qəlbində qətlə yetirilib. Əgər ədalət gözüyumulu hökm oxuyursa, o hökmün adı artıq ədalət deyil- zorakılıqdır.
Ən acısı isə budur ki, ölənin ailəsi “ədalət” adı ilə 20 min manat tələb edib, 5 min verə bilən bu kasıb sürücünü bağışlamayıb. Ədalət alver predmetinə çevrilib, vicdan isə pulun kölgəsində itib.
Belə bir yerdə artıq məsələ hüquqdan çıxır, vicdan və insanlıq məsələsinə çevrilir.
Əgər ədalət pulla ölçülürsə, orada qanun deyil, bazar hökm sürür …
Bu ölkədə bəzən ədalət məhkəmə zalında deyil, insanların qəlbində ölüb.
İndi soruşmaq qalır:
Kim günahkardır – yola sərxoş çıxan qadın, onu qorumağa borclu olmayan bir sürücü, yoxsa ədaləti şəxsi marağa və pulla ölçülən münasibətlərə qurban edən bir sistem?
Bəlkə, bu hadisədə ən ağır hökmü məhkəmə deyil, vicdan verməli idi…
Share: