Rəsmiyyə SABİR
Masallı rayonunun Ərkivan qəsəbəsi… Mənim doğulduğum torpaq… Bu torpağın igidləri, alimləri haqqında dəfələrlə yazılıb, verilişlər hazırlanıb, sənədli filmlər çəkilib… Hər kəsə Ərkivanın igidlər, alimlər yurdu olduğu yaxşı məlumdur.
Bu yazıda isə mən, doğma Ərkivanımın igid oğullarından biri haqqında söhbət açacağam.
II Qarabağ Savaşında (I Qarabağ Savaşında olduğu kimi) Azərbaycanın hər bir bölgəsindən, o cümlədən doğulub boya-başa çatdığım Masallı rayonundan da çoxlu sayda gənc könüllü olaraq cəbhəyə yola düşdü. Bu haqq mübarizəmizdə hər kəs yaxından iştirak etmək, böyük “Qələbə”yə öz töhfəsini vermək istəyirdi. Onların içərisində Daməd İbrahimli də var idi. Böyük Vətən Müharibəsində ilk gündən könüllü iştirak edən Daməd İbrahimli…
İstərdim ki, oxucu II Qarabağ Savaşının bu qalib əsgərini – Daməd İbrahimlini yaxından tanısın. O, 25 iyul 1997-ci ildə dünyaya göz açıb. 2014-cü ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub. Ali təhsil aldıqdan sonra Vətən qarşısında borcunu ödəmək üçün Orduya gedib. 2020-ci ilin yanvar ayında Ordu sıralarından təxris olunub.
Davud məktəb illərində dərslərini yaxşı oxumaqla yanaşı, idmana da maraq göstərib. Peşəkar səviyyədə yunan-Roma güləşi ilə məşğul olub. Bir sıra turnirlərin mükafatını qazanıb.
Daməd Böyük Vətən Müharibəsinin 2-ci günü – sentyabr ayının 28-də Füzuli rayonu istiqamətində Milli Ordumuzun əks-hücumları zamanı yaralanıb. Onun yaralanması hadisəsinin təfərrüatlarını mətbuat vasitəsilə öyrənmişdim və çox təsirlənmişdim: “Sentyabrın 27-dən 28-nə keçən gecə və səhər saatlarında qızğın döyüşlər zamanı birdən arxa hissədə güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. 3-4 saniyə özümdə olmadım. Sonra yoldaşlarımın mənə baxaraq qışqırdıqlarını görəndə yəqin etdim ki, yaralanmışam. Dirsəkdən parçalanaraq üzülüb sallanan qolumu o biri əlimlə tutub yaxınlıqdakı təpənin dibinə çəkildim. Əsgər yoldaşlarım məni döyüş meydanından çıxartdılar… Füzuli hospitalında həkimlərin səyinə baxmayaraq sağ qolum amputasiya olundu”.
Damədin qolunu itirməsi xəbərindən sonra sosial şəbəkələrdə bu hadisə ilə bağlı şərhlərdə hər kəs: “Daməd, Sənin qolunuq!” yazırdı. Bəli, biz hamımız Damədin qoluyuq!!!
Daməd müalicə aldığı Bakı Hərbi Hospitalını oktyabrın 14-də tərk edərək Ərkivana qayıtdı. İlk olaraq Şəhid mayor Anar Novruzovun büstünü və məzarını ziyarət etdi. Üzünü büstə tutaraq: “Sənin və bütün Şəhidlərimizin qisasını aldıq” dedi.
Daməd haqqında bilgilərimi artırdıqca, bu 23 yaşlı İgid mənə daha yaşlı göründü… Səbəbini də bilirəm. Damədin düşüncələri, Vətənə, Torpağa, Millətə münasibəti 23 yaşlı birinin deyil, daha dolğun, sanki həyatın istisindən-soyuğundan keçən, çətinliklər görən bir İnsanın baxışlarıdır. Qəlbimdə “Nəinki qolum, canım da Vətənə qurbandır” deyən Damədi boya-başa çatdıran Ana-Ataya sonsuz minnətdaralıq hissi var. Hamımız I və II Qarabağ Savaşlarında iştirak edərək Şəhidlik və Qazilik zirvələrinə yüksələn bütün döyüşçülərimizin Valideynlərinə sonsuz minnətdarıq! Qəhrəman Övladlarımızın qəhrəman Valideynləri qarşısında sayğı ilə baş əyirik!…
…2018-ci ildə işiq üzü görən “Sonun başlanğıcı” adlı kitabımda “Qarabağ qazisinə” adlı şeirim yer alıb. Bu şeir Vətən uğurunda əlini qurban verən igidlərimizə həsr olunub. Mən həmin şeiri 2016-cı ildə yazmışdım. Lakin bu günlərlə necə də səsləşir… Sanki Damədə yazılıbmış kimi…
Damədlə bağlı informasiyaları oxuduqdan sonra 8 yaşlı qızım bu şeirə mahnı da bəstələdi… İnanıram ki, bu mahnı nə vaxtsa müğənnilərimizin ifasında səslənəcək və Qazilərimizə mənəvi dəstək olacaq…
Daməd haqqında yazdığım bu yazını elə o şeirlə də tamamlamaq istəyirəm.
QARABAĞ QAZİSİNƏ
Fövqündəsən bu zamanın,
Vətəni qoruyan igid!
Qoysana halına yanım,
Vətəni qoruyan igid!
Danışan dilin olaram,
Olmayan əlin olaram,
Evinə gəlin olaram,
Vətəni qoruyan igid!
Heç nə ummadın həyatdan,
Qurban etdin torpağa can,
Qalmasın bu yerdəki qan,
Vətəni qoruyan igid!
Tarix yazdın Vətəndə Sən,
Gözəl “ən”lərdən öndəsən,
Mənim üçün Vətən də Sən,
Vətəni qoruyan igid!
















