UNUDA BİLMİRƏM DESƏN, NƏ OLAR…
Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.
.
Bir dəli sevgini qoyduq yarıda,
Ya mən geri dönüm, ya sən… Nə olar…
Əlindən qaçırdın yuxuları da,
UNUDA BİLMİRƏM desən… Nə olar…
.
Kimin günahı nə, dil açıb desin,
Bəlkə sahibini gəzir bu sevgi.
Əlində qalmışıq qürurun, hissin,
Hərəni bir yanda əzir bu sevgi.
.
Özün də bilmədən çəkilir səsin,
Nəyi unudursan… Nəyi… Bilirsən?
Dolansan başına körpə sevginin,
Unuda bilmirəm – deyə bilirsən…
.
Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.
BİR DƏLİ BULUDDAN YAĞAR BU YAĞIŞ
Bolluğa düşübdür bu göz yaşları,
Ömrünü yarıya bölüncə yağar.
Leysana başladı qız baxışları,
Sonuncu damlası ölüncə yağar.
.
Yağar bir yaddaşın-yadın üstünə,
Dilini göynədən adın üstünə.
Yağışlı-yağmurlu külə dönəcək,
Ha yağsın, yandığı odun üstünə.
.
Bir dəli buluddan yağar bu yağış,
Bir dəli könülə axar bu yağış.
.
Bir qərib sevginin dalınca yağar,
Gözünü əlindən alınca yağar.
Mən də bu yağışa yaxşı bələdəm,
Bilirəm, gecə də balınca yağar.
.
O, göz yaşlarının dalınca baxır,
Yanağı yüyürər istiyə bir gün.
Gözünün yaşını qurtarıb, axır –
Kimdənsə göz yaşı istəyər bir gün.
SƏRÇƏ
Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,
Məndə qanad açmağa hava nə gəzir axı…
Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,
Yuvasızın qəlbində yuva nə gəzir axı…
.
Özünəmi yurd yeri gəzirsən axşam-axşam,
Mənəmi rəhmin gəlir, kədərlənmə sən baxıb.
Baxdığın pəncərəni nə qədər daşlamışam,
Baxdığın pəncərədən indiyəcən qəm baxıb.
.
Yaxşı ki, əlindəki çör-çöpünə yiyəsən,
Qurbanıyam, verdiyim şirin andın qurbanı.
Bir gün gələn bir gün də qurban gedər nəyəsə,
Qurbanlıq nəyin qalıb, ay sapandın qurbanı…
.
Dərdini nə bilirsən gördüyün adamların,
Dərdsiz bildiklərinin sağalmaz yarası var.
Hələ çiyinlərində getdiyimiz yolların,
Bir gün də çiynimizdə aparmaq bəlası var.
.
Mən Allahın bəndəsi, sən Allahın quşusan,
Ya mən qanad açmalı, ya də sən yeri, gedək.
Mən əcəl gözləməyim, gəl gözləmə daşı sən,
Torpağın o üzünə bu dəfə diri gedək.
.
Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,
Məndə qanad açmağa hava nə gəzir axı…
Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,
Yuvasızın qəlbində yuva nə gəzir axı…






















