Varlığımı büsbütün qucaqlayır musiqi… -Adilə NƏZƏRin yeni şeirləri

Varlığımı büsbütün qucaqlayır musiqi… -Adilə NƏZƏRin yeni şeirləri
PAYIZ
Bir gülün yarpağında barmaq izini gördüm,
Demək, sən toxunubsan, rəngləri dəyişən “qız”.
Titrək ləçəklərində soyuq bir hüzün vardı,
Küsdürüb göndərmisən kəpənəyini, payız.
Soyudubsan Günəşin qızıl rəngli gözünü,
Ağaclarda budaqlar ayrılığı oxuyur.
Səssiz-səssiz fəth edir buludlar göy üzünü,
Həzin rüzgar ruhuma sarı köynək toxuyur.
Quşlar köç yolundadır, vida qanadı çalır,
Torpaq islaq, hava nəm, duyğular axınlaşır.
O kollar, sarmaşıqlar məni yadıma salır,
Baharım keçb gedir, payızım yaxınlaşır.
 03.10.2025
PAYIZ – XƏYALLARIN FƏSLİ
Bax, qızılı yarpaqlar yaş yollara səpilir,
Payız yeli saçımı daraqlayır birbəbir.
Ətrafda sərçələrin təlaşlıdır nəğməsi,
Uzaqlardan yol gəlir göyün sirli pərdəsi.
Yayla payız döyüşür – gərilir, üz-üzədir.
Bu nə fəsildir, Allah, hər nəfəs möcüzədir.
Durub yenə gəlmişəm –
Nizami parkındayam,
ayağımn altında xəzəl xışıltısı var.
Mənim tək xumarlanır alaq-çayır, çöl-bayır
şeh damlaları sanki gülüş kimi parlayır..
Havadasa sərinlik –
şirin bir xəyal kimi…
Günəş qürub çağında –
tale, istiqbal kimi.
Axşam düşür, Ay çıxır –
nazik, gümüşü bir tac,
Ətrafdakı gənclərin gülüşü dərdə əlac..
Çinarın yarpaqları üz-gözümə toxunur,
ruhumdasa ən gözəl şirin nəğmə oxunur.
Buludlara çökübdü göy Xəzərin mavisi,
Varlığımı büsbütün qucaqlayır musiqi…
Odur ağac altında
Doğum Günü qutlanır,
əllərimin ürəyi sənə doğru atlanır.
Varsan, elə bilirəm alınmaz bir qalam var,
Daldığım xəyallardan
çəkir məni bu ana yandan ötən salamlar…
Yadıma düşür o gün,
hər şey günün layiqi..
Bax elə bu andaca
xatırladım “O bağı”,
xatırladım Müşfiqi…
Yenə hər şey gözəldir,
Hər şey gerçək – əsildir…
Uyu, gözlərim, uyu,
payız xəyal fəslidir.
 04.10.2025ı

Birinin cibində ümid cücərib

Bu şəhərdə birinin qapısı yoxdu,
nə fərqi?
Döyəcək adamı da qalmayıb…
Birinin gözündə işıq ölüb,
nə fərqi?
qaranlıqla barışıb onsuz da…
Birinin cibində ümid cücərib,
torpağı daşdı, susuzdu…
Birinin gülüşü təntənə,
birinin nəfəsi yarım…
bu da adidi, Şair –
sözü məqsədlidirsə…
Bu şəhərdə yollar da
“butulka effekti”ndədir –
birdən daralıb sıxır boğazını…
Çox uzatma, şair,
Susma, amma
bir az asta,
qələmi gəzdir ürəyinə…
Həmişəki kimi özünlə danış.
Səsin olmasa da,
sözün öz yolunu tapacaq,
sükutunu belə
dinləyən tapılacaq.
 02.10.2025
Share: