Biz bəzən uşaqlar üçün “ən yaxşı məktəb”, “ən yaxşı dərs”, “ən yaxşı uğur formulu” axtarırıq. Amma ən yaxşı başlanğıc sadəcə isti, sevgi dolu, etibarlı münasibət ola bilər.
Uşaqlar hər birimizə maraqlıdır. Uşaqlıq illəri isə hər birimizin püxtələşməsində müstəsna rol oynayır. Təsadüfi deyil ki, getdiyimiz həkim, psixoloq və ya digər sahələr üzrə ekspertlərin ən çox sualları bu illər haqqında olur.
Bu gündən sonrakı növbəti 8 postumuz mötəbər araşdırma mərkəzlərinin uşaqlarla bağlı apardığı tədqiqatlar olacaq.

Bu gün bir şəxsin uşaqlıqda sevgi görməklə onun gələcəkdə xoşbəxt olmaq arasında əlaqəsinin necə olması barədə danışacağıq.
Harvard Universitetinin 1938-ci ildən bu günə qədər davam edən məşhur uzunmüddətli tədqiqatı “Grant Study” bu sualın cavabını tamamilə fərqli yerdə tapdı:
“İnsan həyatında xoşbəxtliyin və sağlamlığın ən güclü proqnozlaşdırıcısı sevgi dolu münasibətlərdir.”
Bu 80 illik araşdırma göstərdi ki:
● Anası ilə isti, səmimi münasibətdə böyüyən uşaqlar orta yaş dövründə ildə orta hesabla 87.000 dollar daha çox gəlir əldə ediblər.
● Ana ilə soyuq münasibət yaşamış şəxslərdə demensiya riski (ağıl zəifliyi) daha yüksək olub.
● Ata ilə yaxın münasibətdə olan şəxslər böyüyəndə daha az təşviş (anksiyete) yaşayıb və həyatlarından daha çox məmnun olublar.
● 75 yaşına çatan şəxslərdə həyatdan məmnunluq səviyyəsi ən çox uşaq ikən qurulmuş emosional bağlardan asılı olub.
Tədqiqatın əsas mesajı çox sadə, amma dərin idi: “Uğur, zəka, status kimi faktorlar vacib ola bilər. Amma xoşbəxtlik və sağlamlıq üçün ən böyük pay yaxın və sevgi dolu münasibət payıdır.”
Valideyn olmaq təkcə qayda qoymaq və təmin etmək deyil. Ən vacibi, münasibət qurmaqdır. Uşaqlığın istiliyi bütün həyat boyu insanı müşayiət edir.




















