Regiona dəhşətli soyuqlar gəlir.
Globalinfo.az xəbər verir ki, yanvarın 8-də Moskvada güclü qar yağacaq.
Artıq bununla bağlı mütəxəssislər xəbərdarlıq ediblər.
“Yağıntı aylıq orta göstəricinin üçdə birini keçəcək, qar yığınlarının qalınlığı 38 santimetrə çatacaq”, – deyə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets deyib.
Onun sözlərinə görə, sözügedən tarixdə bütün Mərkəzi Rusiya cənub siklonu ilə əhatə olunacaq:
“Bu, meteoroloji baxımdan ən çətin gün olacaq, aylıq normanın üçdə birindən çox, yəni 15-20 millimetrə qədər yağıntı gözlənilir. Moskvada yanvar ayının şaxtalarının pik həddi yanvarın 2-də baş verəcək. Havanın -15°C-yə qədər soyuyacağı, bundan sonra isə soyuqların geriləməyə başlayacağı gözlənilir”.
Paralel olaraq, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin böyük bir hissəsinə təsir göstərəcəyi gözlənilən güclü qar yağışı səbəbindən ciddi xəbərdarlıq edib. Xüsusilə Qərbi Qara dəniz, Mərkəzi Anadolu, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində, qar yağışının üç gün davam edəcəyi gözlənilir.
Ermənistanda da 31 dekabr günortadan sonra başlayaraq 1-2 yanvar tarixləri axşama qədər bəzi ərazilərdə qar yağacağı, yağntının miqdarının əhəmiyyətli dərəcədə artacağı bildirilib. “Yanvarın 3-4-də gecə saatlarında respublika ərazisində havanın temperaturu 14-18 dərəcə aşağı düşəcək. Dekabrın 31-i axşamdan yanvarın 1-i və 2-si gecə və səhərə qədər İrəvanda qar yağacağı gözlənilir”.
Qeyd edək ki, yanvar ayının ilk günü Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Günel Cəlil
Globalinfo.az
















