Usman Azim: Mən göyə bir daş atdım, Atdım, kimsə bilməsin

Usman Azim: Mən göyə bir daş atdım,  Atdım, kimsə bilməsin

Özbəkistanın xalq şairi Usman Azim – 1950-ci ildə Özbəkistanın Surxandərya vilayətinin Qaza kəndində anadan olmuşdur. 1972-ci ildə Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Gənc şairin ilk şeir kitabı 1979-cu ildə nəşr olunmuşdur. O, radio, qəzet, jurnal və teatrda çalışmaqla yanaşı, şeir, hekayə, teatr və kino əsərləri yazmışdır. Usman Azim türk, ukrayna, rus və digər xalqların şeirlərini böyük ustalıqla özbək dilinə çevirmişdir. O, Özbəkistan Yazıçılar Birliyində bölmə rəhbəri, Özbəkistan Prezidentinin Administrasiyasında müşavir və şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Onun “Güzgü” (1983), “Surət parçaları” (1985), “Dərs” (1985), “Oyanış əzabı” (1991), “Qüssə” (1994), “Uzun gecə” (1994), “Ürək” (2009), “Fənər” (2010), “Kollaj” (2010) və s. kitabları nəşr olunmuşdur.

 

ÇAĞRI

Şanslıyam, budur qarşımda,

Bilgisayar, kağız, masa.

Dünya ilə həşirdəyəm,

Uçar arada nə varsa.

 

Dünya köhnə maşınında,

Gedir o zamana qarşı.

Onun qəmli nəğməsindən,

Sağ çıxar gözümün yaşı.

 

Bir mesaj var xatirimdə,

Səbəbsiz atəşdə yanmaq.

İşim sadədir əslində,

Sabahı anıb qıvranmaq…

GÖY

Mən göyəm, günəşini itirmiş göyəm,

Günəşin həsrətinin düz içindəyəm.

Sinəmdə yanıb sönən çoxlu sayda ulduz,

Lakin məni düşündürən günəşdir yalnız.

Söyləyin, dostlar, günəş niyə divanə,

Göyü tərk edib, getmək olarmı belə?

Ağlaram bu fəsildə, ona möhtacam,

Kimsə görməz, bəlkə yoxam, bəlkə varam.

Qəribədir günəşə hökm edə bilmərəm,

Göyəm mən, günəşini itirmiş göyəm.

 

DAŞ

Mən göyə bir daş atdım,

Atdım, kimsə bilməsin.

Günahkar isə günəş,

O daş geri gəlməsin.

 

Göy üzü olsun dostum,

Əgər düşərsə daşım.

Geri gəlsə, nə dərdim,

Dağ kimi mənim başım.

 Azərbaycan türkcəsinə uyğunlaşdıran: Rəsmiyyə Sabir

Share: