İmamverdi İsmayılov- 67
O, 1958-ci il iyun ayının 10-da Zəngilan rayonunun Vənədli kəndində dünyaya gəlib. İndiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnib.
Sonra ikinci ali təhsil kimi indiki Dövlət İdarəçilik Akademiyasını bitirib. 1980-1990-cı illərdə AzTv-də, 1990–1992-ci illərdə isə “Kirpi” satira jurnalında çalışıb. 1995-ci ildən Milli Məclisin(MM) deputatıdır. 2024-cü ildən MM-in Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Sinəsini “Şöhrət” ordeni bəzəyir…
Deyir ki:- “Doğrusu, həyatım boyu reklamdan uzaq qaçmışam. Düşünmüşəm ki, insan elə olduğu kimi görünsə, daha yaxşıdır. Reklam üçün mətbuata çıxmağı, nəyinsə xətrinə söz deməyi həmişə yanlış və mənasız bir iş hesab etmişəm. Sənin sözünə cəmiyyətdə ehtiyac varsa və bu söz öz içindən gələn mənəvi zəruriyyətdən doğulursa, danışmağın tərəfdarıyam. Belə məqamlarda sözümü həmişə demişəm və deyəcəyəm. İctimai-siyasi proseslər, milli-mənəvi məsələlər, ümumiyyətlə, bir vətəndaş və ziyalı kimi, məni narahat edən problemlər barədə mətbuatda, televiziyada çıxışlarım olur. Axı mən də ixtisasca jurnalistəm, sözə-sənətə bağlı adamam. İmzam, qələmim kifayət qədər tanınır. Bu sənətə böyük sayğı və ehtiramım var, eyni zamanda sözün, mətbuatın da məsuliyyətini son dərəcə yaxşı dərk edirəm. İndi min şükür, neçə ildir yaradıcı bir insan, millət vəkili olsam da, düşünürəm ki, həmişə özümə hesabat verməliyəm, unutqan olmamalıyam, şöhrətin cazibəsindən xoşallanıb, haradan gəlib, hara getdiyimi unutmamalıyam. Televiziya ekranlarına çıxmaq, danışmaq imkanlarım və şanslarım çoxdur. Mən də başqaları kimi, təşkil olunmuş verilişlərdə çiçəkləri iyləyib, əlimi çənəmə söykəyib, dəniz sahillərində xəyala gedə bilərəm. Əlimdə siqareti tüstülədə-tüstülədə, kamera qarşısında özümü düşüncələr dəryasına qərq olmuş kimi göstərə bilərəm. Ağlı-başı üstündə olan adamlar kimi, mən də, həmişə belə ucuz şöhrətdən uzaq durmağa çalışmışam. Bütün bu süni və qondarma jestlər kimə və nəyə lazımdır?..”Düşüncə və intellektual fəaliyyətdə çox aktivdir. Onun həyat fəlsəfəsi ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir insan və hər bir fikir öyrəniləsi bir hədəfdir. O, tez-tez özünə suallar verir, içində müzakirələr aparır və hər mövzunu dərindən analiz edir. Onun fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmır, hər zaman dəyişkən və inkişafda olan bir prosesdir, çünki o, hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini həyatında tətbiq etməyə səy göstərir…
“Mən boyundan hündürə tullanmağa çalışan adamlardan deyiləm. Yeganə ümidim göydə Allaha, yerdə Azərbaycan prezidentinədir. Etiraf etməli və fəxrlə deməliyik ki, bu gün Azərbaycan qüdrətli bir dövlət kimi inkişaf etməkdədir. Şükür Allaha ki, Qarabağ problemi artıq həll olunub. Hər kəs cəmiyyətdə hansı çəkidə olduğunu və bu işə necə kömək edəcəyini dəqiq bilməlidir. Biz hamımız bir nəfər kimi öz gücümüzü birləşdirib, ölkə başçısına bütün işlərində dəstək verməliyik. Xalqımız gözəl bilir ki, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edən sərkərdə İlham Əliyevdir. Məhz, onun uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad olunub, prezidentimizin qurucu xarakterinə uyğun olaraq, bu gün o yurdlarda əmin-amanlıq bərpa olunub, abadlıq işləri aparılır.”- söyləyir…
Onun ən tanınan xüsusiyyətləri isə çoxşaxəli və maraq dairəsinin genişliyidir. O, hər hansı bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona verir, lakin tez bir zamanda başqa bir maraqlı mövzuya keçə bilir. Bu dəyişkənlik bəzən onu qeyri-sabit və qərarsız göstərə bilər, amma əslində bu, onun zəkasının və maraq dünyasının nə qədər geniş olduğunu göstərir…
Deyir ki:- “Yaradıcı insanlar olumla ölüm arasında səmtini itirmiş kimidir. Elə olur ki, səndən aşağı səviyyəli bir insanın qısa müddət ərzində varlandığını və böyük var-dövlət sahibi olduğunu görürsən. Belələri sənin elmini, oxuduğunu, ağıl və dərrakəni, istedad və qüdrətini elə bil ki, ayaqlayıb keçir. İnsanın xəyalı ilğımlar kimi havadan asılı qalır, ayaqları yerə çatmır. Ehtiyac, ailə qayğısı yaradıcı insanı qovub tamam ayrı istiqamətlərə aparır, dərin düşüncələrə qərq edir, beynini qurudur. Ancaq nə etməli, ümidli olmalıyıq, bütün bunlar zamanın axarında keçib gedəcək. Bazar iqtisadiyyatı ədəbiyyatı, mədəniyyəti təbəddülatlara uğratdı. Yenə sağ olsun, dövlət başçısı belə çətin dövrdə yaradıcı qurumlara öz dəstəyini əsirgəmədi. Yaxşı ki, indi yaradıcı adamlar və yaradıcı mühit özünə qayıtmağa başlayıb…”
Ünsiyyət qurmağı və məlumat mübadiləsi etməyi çox sevir. O, müxtəlif mövzularda söhbət etməyi və yeni insanlar tanımağı asanlıqla bacarır. Onun sosial çevrəsi çox genişdir və o, hər bir insandan öyrənəcək bir şey olduğunu düşünür. Onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzini genişləndirir və dərinləşdirir…
“Mənim çətin günlərim çox olub. Uşaq vaxtı biçənəkdə, ot biçən zaman qolumu kərənti kəsdi. Hirsimdən deyinirdim ki, axı niyə bəzi qohumlarım mənə dədəmin halal biçənəyini də çox görüb, bizi daşlığa dirəyiblər. Sonralar, ad-san yiyəsi olanda da, bu hirsimi və qəzəbimi yadımdan çıxarmırdım. İndi həmin qohumlarım mənim adımdan o qədər alver edirlər ki, heç nə deyə bilmirəm. Çünki anam mənə deyərdi ki, bala, axar su ol, murdarlıq götürmə. Yadında saxla ki, yol üstündəki qarışqanın da qafiyəsini pozmaq olmaz, hər şeyi zamana burax. Uşaqlığım Zəngilan dağlarında və yaylaqlarında keçib. Bənövşə yığmışam, quzuqulağının, baldırğanın, üstünə düz səpib yediyim quşəppəyinin dadı indi də damağımdadır. Darıxanda, hərdən Qarabağ tərəfə gedirəm.”- söyləyir.
Çox zəkalı, intellektual adamdır. Sürətli düşünmə qabiliyyəti var. Bunun da hesabına həyatın müxtəlif sahələrində uğur qazana bilir. O, problemləri kreativ və gözlənilməz yollarla həll etməyi bacarır və hər cür şəraitə tez də uyğunlaşır. O, cəmiyyətdə dəyişiklikləri qəbul etməkdə və yeni şəraitlərə tez öyrəşməkdə çox ustadır. Bu xüsusiyyət onu həyatın sürətlə dəyişən tələblərinə uyğun gəlməyə və müxtəlif həyat şəraitlərində qələbə qazanmağa imkan verir…
Bəli, bu dəfə sizə ictimai-siyasi xadim, Milli Məclisin deputatı İmamverdi İsmayılov haqqında danışıram. İyunun 10-da onun 67 yaşı yamam olur. Bu münasibətlə ona möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
















