Ürəkdən qələmə, qələmdən ürəklərə – Şərafəddin İlkin yazdı

Ürəkdən qələmə, qələmdən ürəklərə – Şərafəddin İlkin yazdı

Ömür boyu çox adam tanıyır, çox ad eşidir, çox üzlər görürük. Amma yalnız bəziləri yaddaşımızda iz qoyur, zaman keçdikcə həyatımızın ayrılmaz hissəsinə çevrilirlər.

Onlar səssiz gəlişləri ilə könüldə yuva qurur, fərqinə varmadan düşüncəsinə, taleyinə hoparlar. Belə insanlar nə səs-küy salır, nə də özlərini önə çəkirlər. Sadəcə olduqları kimi qalaraq varlıqları ilə dəyər yaradırlar. Çətin anlarda bəhanə gətirmədən yanında olurlar. Sevinəndə isə sənin sevincini öz sevincindən üstün tutan bu insanlar ömrün ən etibarlı dayaq nöqtələrinə çevrilir.
Onların adı çəkiləndə yaddaşa ilk olaraq səmimiyyət gəlir. Yanında insan özünü daha rahat, daha güvənli hiss edir. Söz demək çətinləşmir, susmaq isə ağır olmur. Çünki bilirsən ki, səni anlayan bir ürək var. Zaman keçdikcə anlayırsan ki, insanın həyatında belə adamların olması bir təsadüf yox, taleyin ən səssiz, amma ən böyük hədiyyəsidir.
Damət Salmanoğlu mənim üçün məhz belə bir insandır. Aramızda yaş fərqi olsa da, onunla ünsiyyətdə bu fərq heç vaxt hiss olunmur. Onun səmimiyyəti, təmkini və daxildən gələn mehribanlığı insanı özünə çəkir. Elə bir doğmalıq yaradır ki, yanında olarkən sözlərini ölçüb-biçməyə ehtiyac duymursan. Bilirsən ki, qarşındakı səni mühakimə etmir, anlayır.
Damətin varlığı insana dayaqdır. Yanında insan özünü daha arxayın, daha güclü hiss edir. Bu hiss yalnız münasibətdən doğmur. Bu, xarakterdən, duruşdan, sözlə əməl arasındakı bütövlükdən qaynaqlanır. Elə buna görə də onunla bağlı deyilən hər söz sadə tərif yox, yaşanmış bir gerçəkliyin ifadəsidir.


Bu səmimiyyət, bu insani keyfiyyət onun sözünə, poeziyasına da hopur. Yazdığı hər misrada süni pafos yox, içdən gələn bir dürüstlük, yaşanmış hisslərin təmiz nəfəsi duyulur. Elə buna görə də Damət Salmanoğlunun sözü oxucuya yad gəlmir. Çünki sözü ürəkdən gəldiiyindən ürəyə yol tapır.
Hər ikimizin kökü Masallı torpağına bağlıdır. O, əlli ildən artıqdır şəhər mühitində yaşasa da, el-obasına, doğma yurda bağlılığını heç vaxt itirməyib. Harada olmasından asılı olmayaraq, kökünü, mənsub olduğu torpağı unutmayan insandır və məhz bu keyfiyyəti ilə cəmiyyət içində hörmət qazanıb. Dostlara sədaqəti, ətrafında yaratdığı sağlam ünsiyyət mühiti onun xarakterinin əsas üstünlüyüdür.
Damət Salmanoğlu eyni zamanda gözəl ailə başçısıdır. Ailəsində ata sözü hörmət, sevgi isə həyat ölçüsüdür. O, qayğıkeş ata, nəvələri üçün isə sevimli, mehriban babadır. Onu yaxından tanıyan hər kəs bilir ki, ailəyə bağlılıq, məsuliyyət və mərhəmət onun xarakterində yalnız sözlə deyil, əməli ilə də təsdiqlənir. Bu ailə dəyərləri onun şəxsiyyətini daha da bütöv və etibarlı edir.


Əsilzadələr nəslinə mənsub olması davranışında, sözə və insana münasibətində açıq-aydın görünür. Ləyaqət, ölçü-biçi, təmkin və daxili mədəniyyət onun həyat tərzində özünü təbii şəkildə göstərir. Damət Salmanoğlu yalnız qələm sahibi kimi deyil, intellektual səviyyəsi ilə də seçilən simadır. Gözəl şahmat oynayır və bu sahədəki uğurları təsadüfi deyil. Şahmat üzrə onlayn formatda keçirilən beynəlxalq çempionatda dünya çempionu adını qazanması onun düşüncə dərinliyinin, analitik baxışının bariz göstəricisidir.
Damət Salmanoğlu həm də istedadlı şairdir. Onun yaradıcılığında poeziya yalnız estetik hadisə deyil, həm də ictimai mövqedir. Şeirləri milli kimlik məsələsinə biganə qalmır. Əksinə, bu mövzunu sözün mərkəzinə gətirir. “Mən türkəm – hayqıran xalqım var mənim” misrası adi poetik ifadə deyil, bütöv bir xalqın harayıdır. Bu misralarda Güney Azərbaycanın ağrısı, ana dilinə qoyulan qadağalar, yüzillik zülm və səbrin son həddinə çatan bir millətin səsi duyulur.
Onun poeziyasında Araz çayı ayrılıq deyil, qəlb birliyinin rəmzidir. Tarix bu şeirlərdə susmur. Oğuz xan, Mete xan, Alp Arslan, Səfəvilər və Osmanlı irsi poetik yaddaşın diri obrazları kimi sözün içinə qayıdır. Bu yaddaş keçmişə bağlanmaq deyil, gələcək qarşısında məsuliyyət daşımaqdır.
Milli ruh Damət Salmanoğlunun yaradıcılığında xüsusi yer tutur. “Böyük Turan” kimi şeirdə o, kimlik üzərində aparılan ideoloji oyunlara qarşı açıq və sərt mövqe ortaya qoyur. Türk birliyi onun üçün şüar yox, tarixin və yaddaşın diktə etdiyi təbii haqqdır.
Bütün bu milli xəttlə yanaşı, Damət Salmanoğlu dərin mənəvi aləmə sahib şairdir. “Yaradıb” və “Keç günahımdan” şeirlərində iman, tövbə, ilahi mərhəmət mövzuları səmimi və təmiz bir dillə təqdim olunur. Burada dini duyğu qorxu yox, ümid və bağışlanma üzərində qurulur.
Onun poeziyasında sakitlik və lirika da mühüm yer tutur. “Təbiət nağılı” kimi şeirlərdə ideoloji pafos arxa plana çəkilir, yerini sükut, müşahidə və ruhun dincliyi tutur. Bu şeirlər oxucunu həyatın yorğunluğundan ayıraraq sadə gözəlliklərlə baş-başa qoyur.
Damət Salmanoğlunun yaradıcılığı milli yaddaşla insani dəyərlərin, publisistik mövqe ilə ailə məsuliyyətinin, imanla dostluq sədaqətinin bir nöqtədə qovuşduğu bir poeziya dünyasıdır. Onun şeirləri oxucunu laqeyd buraxmır. Bəzən hayqırır, bəzən dua edir, bəzən isə səssizcə insanın qəlbinə yol tapır. Bu poeziya bir daha sübut edir ki, söz hələ də gücdür. Əgər o, kökdən, vicdandan və insani mərifətdən doğursa.
…Şair dostum Damət Salmanoğluna yaradıcılıq yolunda uğurlar arzulayıram. Zəkası həmişə işıqlı, poeziyası sözün gücü ilə ürəklərə yol tapsın. Yeni şeirləri həm milli yaddaşı, həm də oxucuların ruhunu zənginləşdirsin. Dostluq, səmimiyyət və ailə dəyərləri ilə dolu ömüründə uğurlar həmişə onunla olsun.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: