Rafiq Babayev Azərbaycanın elə görkəmli musiqi xadimlərindəndir ki, onun barəsində danışarkən “görkəmli”, “dahi”, “böyük” və “qeyri-adi istedad” kimi xüsusi ifadələrdən istifadə et¬məsən olmur.
Azərbaycan milli caz sənətinin görkəmli nümayəndəsi, caza Şərq motivlərini və milli musiqi alətlərini daxil edə bilmiş dahi bəstəkar və böyük pianoçu Rafiq Babayev!
Rafiq Fərzi oğlu Babayev 31 mart 1937-ci ildə Bakı şəhərində anadan olmuşdu. Atası Fərzi Babayevin partiya- sovet xadimi olduğu, bəzi mənbələr isə Xalq Daxili İşlər Komissarlığının əməkdaşı olması qeyd edilir. Onu da qeyd edək ki, Rafiq Babayevin atası Fərzi Babayev 1937-ci ilin represiya qurbanı olmuşdur. Bəzi mənbələr onun güllələndiyini, digər mənbələr isə 1956-cı ildə bəraət qazanaraq həbsdən azad edildiyini bildirir. Hər iki halda anası Şahbəyim xanım 6 övladını çox çətinliklə böyütmüşdür. Sovet hökuməti Şahbəyim xanımın həyat yoldaşını həbs etməklə yanaşı bütün əmlakını da müsadirə etmişdi. Acgöz və ləyaqətsiz “NKVD” cocuqları evdə dəyərli hər nə vardısa götürmüşdülər. Qalan tək bircə köhnə, iri, qara piono idi. Apara bilmədikləri üçün qalmışdı. “Tək bu piano Fərzi Babayevin övladlarının gələcək həyatını, sənətini, istedadını, ruzusunu və ölkə üçün xidmətlərinin yönümünü müəyyən etdi” deyə bilərik. Övladlarının hamısı musiqi xadimi oldu.
1943-cü ildə, Rafiq hələ 5-6 yaşlarında 160 nömrəli musiqi məktəbinə qəbul edilir. Sonralar ilk caz kvartetini də Rafiq yeniyetmə-gənc çağlarında, məhz bu məktəbdə yaradır. 1950-ci ildə bu məktəbi bitirərək Rafiq Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinifinə daxil olur. Məşhur pianoçu R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil alaraq, o hələ çox gənc ikən Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. Amma o daha çox caz musiqisi ilə maraqlanırdı və ilk fürsətdəcə xalq havalarını caz tərzində improvizə edirdi.
Rafiq Babayev riyaziyyatı da musiqi qədər çox sevirdi və mükəmməl bilirdi. Ancaq bəstəkar dostu Fikrət Əliyevin məsləhəti ilə o, Üzeyir Hacıbəyli adına Dövlət konservatoriyasına daxil olur.
Bundan sonra o özünü bütünlüklə caz musiqisinə həsr edir. 1959-cu ildə Rafiq Babayev konservatoriyanı bitirir, özünün caz musiqi qrupunu yaradır. O illərdə sovet gəncləri arasında caza maraq hədsiz dərəcədə yüksək idi. Yaratdığı caz qurupu ilə köhnə Sovet İttifaqının müxtəlif şəhərlərində uzunmüddətli qastrol səfərlərinə çıxırlar. Çox yaxşı pul qazanırlar. Bəlkə də elə pulun çoxluğu araya rəxnə salır və 1962-ci ildə qrup parçalanır. Onlar Bakıya qayıdırlar. Bakıda toy məclislərində çıxış etməklə pul qazanmaq Rafiqə aid deyildi. O, caz musiqi dərsləri verməklə, romans ifaçılarını forto-pianoda müşahiyyət etməklə, filmlərə musiqi bəstələməklə və arenjoman işlərilə məşğul olur.
Rafiq Babayev 1965-ci ildə instrumental caz kvartetini yaradır. Sonra bu kvartet Teymur Mirzəyevin Bakı vokal kvinteti ilə birləşərək “Qaya” caz vokal instrumental ansamblına çevrilir. Rafiq Babayev bu ansamblın musiqi rəhbəri təyin edilir. Bu ansambl möhtəşəm uğur yolu keçir və az qala dünyanın yarısını qastrol səfərlərilə – Azərbaycan estrada-caz musiqisi ilə işıqlandıra, Şərq estrada-caz musiqisilə dadızdıra bilir. “Qaya” dedikdə indi də orta nəslin gözləri önündə dörd yaraşıqlı Azərbaycan gəncinin obrazı canlanır. Amma onları bu qədər mükəmməl ifaçı kimi formalaşdıran Rafiq Babayevi kimsə görmür. Ancaq musiqi təhsili olan, musiqidən nəsə anlayan hər bir azərbaycanlı bunu yaxşı bilir : aysberqin görünməyən tərəfi Rafiq Babayev idi!
1967-ci ildə görkəmli müğənni Rəşid Behbudov Dövlət Mahnı Teatrını yaradarkən Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Rafiq Babayev SSRİ Xalq artisti Rəşid Behbudovla birlikdə teatrlaşdırılmış böyük konsert proqramları hazırlayır. Rafiq buradakı ansamblla caz musiqisi sahəsində yaradıcı işini davam etdirir, müxtəlif caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı böyük uğurla iştirak edir və festivalın laureatı olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası çox sevilir və ona böyük şöhrət gətirir.
O eyni zamanda 20-dən çox bədi, yüzə yaxın sənədli filmə musiqi bəstələyir.
Rafiq Babayev təkcə Dövlət Mahnı Teatrının musiqi rəhbəri kimi deyil, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi də çalışır, gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün böyük işlər görürdü. Bu dövrün ünlü yetirmələri olan Akif İslamzadənin, Briliyant Dadaşovanın, Eldar Axundovun, İlqar Xəyalın, Ruhəngiz Musəvinin, Abbas Əhmədin, Firəngiz Rəhimbəyovanın, Samir Bağırovun və onlarca digər müğənninin, Səyavuş Kərimi, Cəmil Əmirov kimi bəstəkar-ifaçıların formalaşmasında və uğurlarında Rafiq Babayevin ustad xidmətləri danılmazdır.
Onun bəstələri arasında “Düşüncələr”, “Fantaziya”, “Nastolji”, “Bakı lövhələri”, “Azər-baycan etüdləri” və “Əlvida” musiqi kompozisiyaları təkrarsız musiqi inciləri hesab olunur.
1978-ci ildə Rafiq Babayevə “Azərbaycan SSR-in Əməkdar artisti” fəxri adı verilir.
1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini və musiqi layihələrinin həyata keçirilməsi üçün səsyazma studiyasını açır. O, folklor çalğı alətlərindən (sazdan, uddan, tardan, kamançadan) istifadə etməklə, onların səsini qeyri-adi harmoniya ilə zənginləşdirir, ilk baxışda bir-birinə zidd olan Qərb və Şərq musiqisini böyük ustalıqla birləşdirərək, gözəl musiqi kompozi-siyaları yaradır. Azərbaycan cazından danışarkən təkcə Vaqif Mustafazadənin deyil, həm də Rafiq Babayevin adı hörmətlə çəkilir. Rəşid Behbudovun estrada mahnılarının elə gözəl alın-ma-sında Rafiq Babayevin xidmətləri çox böyük idi. Xatırlayaq “Ala göz”, “Bu gün ayın üçüdür”, “Anacan, dostum evlənir”, “Azərbaycan”, “Əlvida” və onlarca digər mahnıları. Bu mahnıların oranjemanı və fortopiano müşahiyəti Rafiq Babayevə məxsus idi. Onun fortopiano, klavisin və sintezatorda ifa etdiyi improvizasiyalardan onlarca bədii, sənədli, televiziya, hətta cizgi filmində istifadə olunmuşdur. “Anlamaq istəyirəm”, “Cin mikrorayonda”, “Faytonçu”, “Gümüşü furqon”, “Basatın igidliyi”, “Bir axşam…”, “Fəryad”, “Gecə qatarında qətl”, “Kişi sözü”, “Qurbanəli bəy”, “Qoca palıdın nağılı” ,.. çoxlarının fərqində olmadığı bu siyahını çox uzatmaq olar.
Onu dəqiq anlamaq, yönümünü, janrını, tərzini dəqiq müəyyən etmək çox çətin idi; çünki o çox zəngin, dərin və universal şəxsiyyət, bəstəkar, cazmen, drijor və ifaçı idi.
1-ci Qarabağ Müharibəsinin tüğyan etdiyi vaxt Rafiq Babayev gənc musiqiçilərin də ön cəbhəyə göndərilməsinə qarşı çıxsa da, hətta çağrışçı virtuoz musiqiçiləri zorla avtobusdan düşürtsə də əslində o çox vətənpərvər adam idi. Onun anlamında Azərbaycan musiqi xadimləri xalqımızın ruhuna xidmət edən, onun ruhunu qüvvətləndirən seçilmiş insanlar – milli sərvət idi. Xalq yalnız onun ruhu qüvvətli olduqda qələbə qazana bilərdi. Onun bu cür düşüncələri 2020-ci ilin 2-ci Qarabağ savaşında özünü təsdiq etdi. Qalib ordu ruhən, qəbən, mənəvi cəhətdən qüvvətli olmasaydı, qüdrətli düşməni 44 günə darmadağın edə bilməzdi. Bu sahədə təkcə siyasətçilər və hərb xadimləri deyil, əsgərin Vətən sevgisini, qələbə əzmini yaradan, yaşadan, qüvvətləndirən şairlər, yazıçılar, bəstəkarlar, musiqi ifaçıları, müğənnilər də mühüm rol oynamışdılar.
Rafiq Babayevə Amerikada, Avropanın bir çox ölkəsində yaşamaq, işləmək təklif olunurdu. Bu isə firavan, rahat, zəngin həyat, daha böyük məşhurluq – dünya şöhrəti demək idi. O isə razı olmur, hətta ən çətin vaxtlarında, maddi çətinlik çəkdiyi dövrlərdə belə Bakını – Azərbaycanı atıb, heç yerə getmir, qalıb müsiqi sənətimizə xidmət göstərirdi. Bu illərdə çəkilən əksər bədii və sənədli filmlərdə Rafiqin bəstəsi və ifası öz sözünü deyirdi. Eləcə də yeni nəsil estrada müğənnilərinin yetişməsində, inkişafında Rafiq Babayevin xidməti böyük idi. Ötən əsrin 60-cı illərinin yetirmələri olan bir çox ünlü şair və yazıçılarımız ədəbiyyat sahəsi üçün kim idisə, Rafiq Babayev də musiqi sənətimizin ən parlaq 60-cı illər töhvəsi idi.
Rafiq Babayev Azərbaycan Bəstəkarlar İttifaqının, Kinomatoqrafçılar İttifaqının üzvü kimi bir sıra fetivalların, baxış-müsabiqələrin təşkilatçısı və rəhbəri olmuşdu. Təşkilatçılıq məharəti təkcə musiqi kollektivlərinin yaradılmasında deyil, inzibatçılıq sahəsində də çox güclü idi.
1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti fəxri adı verilmişdir.
1994-cü il martın 19-da onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin metroda törətdiyi qanlı terrorun qurbanı oldu. Həlak olanlardan biri də Rafiq Babayev idi. O ilk və sonuncu dəfə yeraltı vasitədən – metrodan istifadə etmək istədi. Amma bu onun həyatında ilk və sonuncu yetaltı səfər oldu. Rafiq Babayev kimi dahi musiqiçilər daim göylər – ucalıqlar üçün yaradılmış dahi şəxsiyyətlər idilər. Onların cismi Yer dünyasını tərk etsə də, ruhu musiqi səmasında daim uçmaqda, pərvazlanmaqdadır.
Qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlunun müəllifi olduğu “Rafiq Babayev: mövzudan improvizəyə” kitabı görkəmli bəstəkarın, pianoçu və improvizə dahisinin dühasına verilən dəqiq qiymət kimi dəyərləndirilir. Amma ən böyük qiymət ona ümumxalq məhəbbətinin sönməməsi idi. Ölümündən 30 ildən çox vaxt keçsə də ona münasibət əsla dəyişməmişdir; Rafiq Babayev adı çəkilən kimi sifət ifadəsi “nida” işarəsinə çevrilir, qaşlar çatılır, dodaqlar heyranlıqla büzülür və içdən bir köks ötürülür. Hər sənətçinin qazana və ölümündən sonra üçün saxlaya bilmədiyi böyük sərvətdir! Bu onun ruhunu qeyb aləmində gücləndirir, qüvvətləndirir, pərvazlandırır və onu unutmağa qoymur.
Hafiz MİRZƏ

















