Ümumilli lider Heydər Əliyev Xəzər rayonunda anıldı

Ümumilli lider Heydər Əliyev Xəzər rayonunda anıldı

Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ehsan süfrəsi təşkil olunub

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Binə qəsəbəsində ehsan süfrəsi təşkil edilib, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Tədbirdə Ulu Öndərin ruhuna dualar oxunub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.
Binə qəsəbəsində keçirilən ehsan mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyəti aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri və təşkilatın kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri, rayonun təhsil işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən regional qurumların, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbirin aparıcısı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov olub. O, çıxış edərək bildirib ki, 12 dekabr tarixi Azərbaycan xalqının yaddaşına hüzn və qürur günü kimi həkk olunub. Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli siyasi fəaliyyəti müasir Azərbaycanın formalaşmasında, dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.
Çıxışlar zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ideyaları əsasında ölkəmiz sürətlə inkişaf edir, Azərbaycan beynəlxalq aləmdə güclü və etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə qeyd olunub ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısı Ulu Öndərin siyasi kursunun humanist mahiyyətinin bariz nümunəsidir.
Ehsan süfrəsi ətrafında bir araya gələn iştirakçılar Heydər Əliyevin Azərbaycan xalqı üçün əbədiyaşar lider olduğunu, onun xatirəsinin daim hörmət və ehtiramla anıldığını ifadə ediblər. Tədbir boyu səmimi və mənəvi ab-hava hökm sürüb, Ulu Öndərin ruhuna edilən dualar mərasimin əsas məzmununu təşkil edib.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, onun siyasi irsinin gələcək nəsillər üçün əsl örnək olduğunu bir daha vurğulayıblar.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: