Bayram günləri təkcə təqvimdəki tarixlər deyil, həm də ürəklərə toxunan, insanlara ümid və sevinc bəxş edən anlardır.

Xüsusən də uşaqlar üçün bayram – rənglərin, gülüşlərin, nağıl qəhrəmanlarının və qayğısız sevincin simvoludur. Məhz belə unudulmaz anlardan biri “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan ailələrin maddi durumu övladları üçün keçirilən bayram şənliyində yaşandı.
Müstəqil. Az-a “Dənizçilərə Sosial Dəstək” İctimaii Birliyindən daxil olan xəbərə görə bu xeyirxah və nəcib məqsədli tədbir Bakının tanınmış məkanlarından biri – “Səbinə” Şadlıq sarayında təşkil olunmuşdu.

Zala daxil olan hər kəsi bayram ab-havası, uşaqların saf gülüşü və xoş ovqat qarşılayırdı. Parlaq bəzəklər, musiqi sədaları və sevinc dolu baxışlar bu tədbirin adi bir mərasim deyil, mərhəmət və insanpərvərlik bayramı olduğunu hiss etdirirdi.

Tədbirin aparıcısı tanınmış şair-publisist, prezident təqaüdçüsü Şərafəddin İlkin tədbiri açaraq ilk sözü “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyliyə verdi. Faiq Balabəyli çıxışında iştirakçıları səmimi qəlbdən təbrik edərək, bu cür sosial yönümlü layihələrin əsas məqsədinin uşaqların üzündə təbəssüm yaratmaq, onların qəlbində ümid işığı yandırmaq olduğunu vurğuladı. Bildirdi ki, “DSD”İB bayram şənliyini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Yeni-2026-cı ilin gəlişi münasibəti ilə keçirdiyi ” Xüsusi qayğıya ehtiyacı olan ailələrin övladları üçün Yeni İl şənliyinin təşkili” müsabiqəsi çərçivəsində gerçəkləşdirib Faiq Balabəyli həmçinin bildirdi ki, xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən qayğı təkcə bu tədbirlə yekunlaşmayacaq, gələcəkdə də davam etdiriləcək.

130-dan çox uşaq və valideynin qatıldığı bayram şənliyində tanınmış incəsənət ustalarının iştirakı tədbirə xüsusi rəng qatdı. Elxan Şirinov, Ayla Məmmədova, Nəzakət Məhəbbətli, Aynur Qarabağlı (Namazova),Xanım Əminə (Bağırova), İlqar Tağıyev, Rəşad Nəcəfli və Rza Zamanın ifa etdikləri mahnılar zalda xoş ovqat yaratdı, uşaqları və valideynləri sevincə qərq etdi. Musiqi sədaları altında uşaqlar rəqs edir, bayramın sehrinə qapılırdılar.
Şaxta baba və Qar qızın səhnəyə gəlişi isə xüsusilə balacaların sevincini ikiqat artırdı. Nağıl dünyasından çıxıb gəlmiş kimi görünən bu obrazlar uşaqlarla ünsiyyət qurur, onlara hədiyyələr təqdim edir, unudulmaz xatirələr bəxş edirdilər. Tədbirin ən maraqlı və coşğulu anlarından biri də Pandanın zala daxil olması oldu. Bu sürpriz personaj uşaqlar arasında əsl bayram əhval-ruhiyyəsi yaratdı, zalı alqış və gülüş sədaları bürüdü.

Tədbirin sonunda Faiq Balabəyli bu gözəl bayram şənliyinin təşkilində göstərdiyi dəstəyə görə “Səbinə” Şadlıq sarayının rəhbəri Zahid müəllimə, həmçinin tədbirdə iştirak edən bütün incəsənət ustalarına dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu cür xeyirxah təşəbbüslər cəmiyyətimizdə birlik, mərhəmət və sosial məsuliyyət hissinin daha da güclənməsinə xidmət edir.
Beləliklə, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşkil etdiyi bu bayram şənliyi bir daha sübut etdi ki, uşaqların sevincinə səbəb olmaq, onların qəlbinə işıq salmaq ən böyük xeyirxahlıqdır. Bu tədbir təkcə bir günün bayramı deyil, uzun müddət yaddaşlarda qalacaq xoş xatirə, ümid və insanlıq dərsi oldu.
Tural Balabəyli,
“DSD”İB-nin İctimaiyyətlə əlaqələr bölməsi
















