Ülkər NİCAT:-Kövrək ürəyimə təsəlli kimi, Yağış damcıları üzümü öpür

Ülkər NİCAT:-Kövrək ürəyimə təsəlli kimi, Yağış damcıları üzümü öpür
BU PAYIZDAN ÖTÜR
Qaçıb təbiətin isti yuxusu,
Diksinir yarpağın ölüm qorxusu.
Hopub üst-başına kədər qoxusu,
Məni bu payızdan ötür, İlahi!
.
Yetmir bu ümidin sözü həsrətə,
Buludlar yol alıb üzü həsrətə.
Bir əlçim çarə et özün həsrətə,
Məni bu payızdan ötür, İlahi!
.
Bu kövrək qəlbimin soruş halını,
Qopar könlümdəki dərdin xalını.
Getdiyin yolların qırışıb alnı,
Məni bu payızdan ötür, İlahi!
.
Yaman qəribsəyib odum, ocagım,
Dərdə bələnibdi qoynum, qucağım.
Qalıb uzaqlarda o gənclik çağım,
Məni bu payızdan ötür, İlahi!

Burda ocaq-ocaq üşüyür Vətən

Torpaq öz səbrini darayır burda
Ucalıb qeyrətin sarayı burda.
Donub həqiqətin harayı burda,
Burda ocaq-ocaq üşüyür Vətən.
.
Könül bir az toxta nəfəsini dər,
Yüz ildi bu dərdin dərdi təzə tər
Burda alov-alov kişnəyir kədər.
Burda ocaq-ocaq üşüyür Vətən.
.
Dağların döşündə söz düyün düşüb,
Dərdin ocağında köz düyün düşüb.
Dözüm sözündəki döz düyün düşüb
Burda ocaq-ocaq üşüyür Vətən.
.
Bəxtimin sarayı dərd daşlarından,
Keçirəm alnımın qırışlarından
Tonqal qalamışam göz yaşlarımdan
Burda ocaq-ocaq üşüyür Vətən.

Yağış

Bu qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərimdən axır bu yağış.
.
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm,səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrəti ruh misralanıb.
.
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

Share: