Şəhid leytenant Teymur Allaverdiyevin xatirəsinə
ESSE
Nənəmin 33 il yollara baxmaqdan gözləri, bəlkə bir ümid, bir xəbər gələr deyə gözləməkdən qulaqları tutulub. Heç yaddaşı da yerində deyil – xatırlamır məni.
Əvvəllər torlu gözlərini qıyıb diqqətlə baxışlarını üzümdə gəzdirib kim olduğumu soruşanda “böyük oğlunun kiçik qızıyam” deyən kimi gözləri parıldayar, hal əhval tutub övladlarımı xəbər alar daha sonra əzəmətli əllərini havaya qaldıraraq şükürlər oxuyardı. İndi soyuq baxışlarla “kimsən sən?” sualını verəndə aldığı cavab ona tanış gəlmir kimi görünür. Övladlarından başqa heç kimi xatırlamır, bəzən onları belə unudur. Teymuru isə əsla.
Teymur – ürək yarası, düşmələrin göz dağı, Teymur, mənim qəhrəman əmim. 33 ildə heç qocalmayan, yaş almayan 24 yaşlı məndən cavan əmim.
Teymur təsadüfən Qarabağ uğrunda gedən müharibənin ən qızğın yeri Şuşada deyildi. Vətən sevgisi, ağır gəlmişdi anasının göz yaşlarına, beşik yoldaşlarının hayqırtısına. Arxasına belə baxmadan dilində Şuşa, ürəyində Şuşa, gözlərində düşmənə qəzəb, intiqam hissi ilə evdən gizlin getmişdi Qarabağa. Əmim heç dura bilərdimi evdə?
Bir müddət sonra atam onun dalınca gedib onu tapmış, bir neçə günlüyə icazə alıb evə gətirmişdi. O evdə bircə gün dura bilmişdi. “Vətən çağırır. Mən olmasam işğal edəcəklər Şuşanı, mənsiz olmaz, getməliyəm” deyə məktub yazıb gecə ilə qaçmışdı evdən. Nə bilərdi ki, 33 ildən sonra dünyalara sığmayan bədəni 1 tabuta sığışıb gələcək? O gediş son gediş oldu. Gedənlər qayıtdı, şəhid gəldi, qazi gəldi. Teymurdan heç bir xəbər heç bir soraq gəlmədi, gördüm, eşitdim deyən olmadı. Şuşanı isə *rmənilər 1992-ci ilin 8 mayında işğal etmişdilər. Əmim deyən olmuşdu, o olmasa alacaqdılar Şuşanı.
Atam yenə üz tutdu onu axtarmağa doğru. Şəhid olmuş əsgərləri bir bir qaldırıb baxdı üzünə. Heç bir nişan tapmadı. Nə ölüsü gəldi əmimin, nə də dirisi.
Biz əmimin qəhrəmanlıq hekayələri ilə böyüdük. Sonra biz də bpyüyüb qoşulduq gözləyənlər sırasına. O qapıya biz də həsrətlə baxdıq bir gün gələr deyə. O bizim ən böyük qəhrəmanımız idi. Qəhrəmanlar ölmür axı. Ölə bilməzdi bizim xəyallarımız. “*rməni kimdir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” deyirdi Teymur, ölə bilməzdi. Bir gün gələcəkdi, mütləq gələcəkdi. Uşaq ağlı – kənddə tapdığımız hər parabüzəni Teymur əmimizi gətir deyə uçurtduq. Bir gün gələcəkdi çiynində vətən bayrağı, ayağında Şuşa torpağı qapıdan içəri girəcəkdi, mütləq girəcəkdi.
Əmim Şuşada döyüşdüyü yerdə silah yoldaşları ilə birgə mühasirəyə düşüb şəhid olmuşdu. Dediyini etmişdi əmim. “*rməni kimidir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” – udmuşdu əmim o gülləni. Başından almışdı zərbəni. Qaçmamışdı əmim, o güllənin qarşısında dik dayanmışdı. Arxadan vurulmamışdı əmim.
Elə orda 33 il Şuşa torpağında qalıb buraxmadı əmim Şuşanın ətəyini. O olmasa alacaqdılar axı Şuşanı. Bu səbəbdəndir ki, qayıtmaq istəmədi doğma yurduna. 33 il orda qaldı. Qayıda bilməzdi Teymur. Söz vermişdi axı verməyəcəkdi Şuşanı, ölsə belə verməyəcəkdi, erməni kimdir ki onun gülləsini havada tutub udacaqdı. Sözündən dönmədi əmim, vermədi Şuşanı, tərk etmədi oranı, son damla qanına qədər vuruşdu düşmənlə, cismini son zərrəsinə qədər fəda etdi Şuşaya, qayıtmadı geri, tərk etmədi oranı. Cismi Şuşada çiçək oldu, ağac oldu, budaqları ilə bərk bərk sarıldı Şuşaya. Düşmən tapdağında boğulurdu Şuşa, Şuşaya nəfəs oldu, can oldu, Şuşaya həyan oldu buraxmadı Şuşanı. Axı gedəndə söz vermişdi, o olmasa işğal edəcəkdilər Şuşanı. Necə qayıda bilərdi ki? Vətənin üzünə necə baxardı?
İndi Şuşa azaddır, gələ bilərdi artıq ailəsi ilə vidalaşmağa. Şuşa təmizlənib düşmən əlindən. Gəldi də… Dediyini etdi Teymur, vermədi Şuşanı düşmən əlinə. Alnı açıq, üzü ağ gəldi. Vətən bayrağı çiynində, Şuşa torpağı ayağlnda gəldi. Dediyini etdi Teymur, *rməni gülləsini havadan udub gəldi. Ən Şərəfli, ən uca məqamda gəldi.
















