Təntənələr Tanrısı Və yaxud “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” – Aydın Can yazdı

Təntənələr Tanrısı Və yaxud “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” – Aydın Can yazdı

Aydın CAN

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Təqvim ilinə adlama ərəfəsində EKSTRA…sensor paylaşım 

“Kəndinə qayıt, sən kəndinə qayıdanda böyük olursan…” – tarixi deyimdir: kimlər hansı situasiyada kimlərə və nə üçün deyib, önəmli deyil, önəmli olan bizim bu tarixi deyimdən yararlanma-faydalanma, nailolma-müvəffəqlik bacarığımızın hansı şkalada olmasıdır!
Milli konuda səslənəndə ilk vaxtlar qulaq seyvanlarım bir az çimçəşirdi – səbəbi bəlli. Amma ki… DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK anlayışı məni ilk əvvəl qulaqlarımdan, sonra da ürəyimdən, ruhumdan böyütdü!
Səslənən “kəndinə qayıt…” fikrini mən öz doğma AZƏRBAYCANLILARIMA, DÖVLƏTİMƏ transfer edəndə həzz dəqiqələri yaşamağa başladım!
Bu gün mənim xalqım – azərbaycanlılarım, mənim dövlətim – Azərbaycanım KƏNDİNƏ QAYITMIŞ BÖYÜK… TÜRKDÜR!
Azərbaycanlılığın, Azərbaycanın vətəndaşlarının HƏMRƏYLİK LÜKSÜ bu!
Və nəticə olaraq: Ulu Öndər Heydər Əliyev demişdi bir vaxtlar “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”
Açığı, onda da bu fikri oxuyanda gözümün selikli qişası ilə beynimin sulu hissəsindəki neyronlar qıcıq olmuşdu: “hə, bu dəqiqə, bu idarəetmə, bu iqtidar, bu müxalifət, bu gəncliklə Günəş kimi doğacaq! Gözlə ki, dünya bizi “abort” eləməsin!”
Amma və lakin… zaman keçdikcə… AZƏRBAYCANLILARIN lazım olan anda, lazım olan meydanda HƏMRƏYLİYİ bir səadət yaşatdı!
Və… kim nə deyir desin, bu gün, bu an – mən bu sətirləri yazıb bitirəndə əminliklə deyirəm: “Azərbaycan doğrudan da dünyaya Günəş kimi doğur!”
Ən axırıncı ŞƏFƏQİ… MDB sammitinə getməkdən nümayişkaranə imtina!
Ondan əvvəlki ultrabənövşəyi dalğası… ABŞ-da – dünyanın birinci ofisində dünyanın birinci prezidenti ilə təntənəli görüş və real nəticə!
Sübhün alatoranı, axşamın dumanı 2020-ci ilin sentyabrından “buludqovan”larla dağıdıldı!
Cəmi ilyarıma və ZƏFƏRİN 5 illik təntənəsi!
ÜSTƏLİK DƏ…
Mənim 57 illik ömrümün tam 50 ili özümü sübut etməklə, etiraf etdirməklə keçdi!
Əvvəl ailədə yaxşı uşaq, sonra orta məktəbdə yaxşı şagird, ardınca universitetdə yaxşı tələbə, hərbi xidmətdə yaxşı əsgər, işdə yaxşı işçi və hələ bu azmış kimi, dövlətə də yaxşı vətəndaş olmağı sübut, etiraf etdirmək zülmü!
HALBUKİ
Atam-anam, müəllimlərim, komandirlərim, dövlət rəhbərim mənə sübut etməliydilər ki, ONLAR MƏNİM YAXŞI BÖYÜKLƏRimdir!
Dərdimə-günümə, yaşayışıma-güzəranıma bax hələ: Allah da Göydən iki mələk qondurub çiyinlərimə, partapart əməllərimi yazdırtdırır ki, görüm bu, YAXŞI BƏNDƏdirmi!?
Yerdəkilərin əlindən birtəhər qurtulmaq olardı, amma Göydəkinin əlində əvvəl qəbirdə, sonra da Qiyamətəcən Bərzəxdə, axırda da öz hüzurunda əbədi sorğu-sualda!
Valideynə cavab ver, müəllimlərə cavab ver, komandirə cavab ver, polis rəisinə, prokurora, hakimə, dövlətə və həm də Allaha cavab ver – hardadır məndə o qədər dözüm, savad, bacarıq, səriştə ki, hamısından “əla” alım?
Qəsdimə durdu bu ömür mənim! Təklikdə anladım ki, bacarmaram – xalqımla, dövlətimlə həmrəylik yardımçım oldu! Anladım…
Bütün başqa xalqların hərəsinə bir üstünlüyü yardımçıdır – birinə ərazisi, birinə təbii sərvətləri, birinə dili, birinə iqtisadiyyatı, birinə elmi, birinə hətta dini, birinə Tanrısı…
Bizə, Allahın… Allahdan yetim qalanlarına yalnız və yalnız HƏMRƏYLİYİ xilasdır!
Elmlimiz-ədibimiz yanımızda olanda bizi bəyənmir, “çuşka” deyir, ya da amerikanın, rusun, ingilisin-firəngin-almanın-ispanın “daldey laboratoriyası”nda özünə yer edir!
Döyüş üçün “ətlik” sayda deyilik, iqtisadiyyatda bizim bacardığımız ancaq və ancaq ya nümayişkaranə qəsb etmək, ya da etimaddan sui-istifadə edib atmaqdır!
Dinimiz ikilaylı-üçmərtəbəli, sərvətimizin məkanı bizim, sahibi dünya, Tanrımız… Tanrıdan yetim qalanlarıq!
Yeganə gücümüz-qüdrətimiz-sərvətimiz-tanrımız-dinimiz… HƏMRƏYLİKdir.
Bunu da əgər RƏHBƏR istəsə, buna çalışsa və nail ola bilsə!
Hətta kommunist rejimi devrilib müstəqillik qazanan Azərbaycan yenə də həmrəyliyə nail ola bilmədi, hərçənd gün müəyyən etdi və axırda da məcbur qalıb yalvara-yalvara Kommunist Partiyasının generalını Yeni Azərbaycan qurmağa çağırdı!
Sağ olsun, gəldi, tam müvəffəqiyyət əldə etməsə də, ümid etdi ki, bir gün gələcək, Azərbaycan həm həmrəyliyə nail olacaq, həm də dünyaya Günəş kimi doğacaq!
ÇÜNKİ Heydər Əliyevin… Oğlu var idi!
Düzdür, həmən olmadı, amma Tarix fakültəsinin məzunu olan Heydər Əliyevin tarix elmləri üzrə namizəd Oğlu bunu 22 ilə bacardı! Kim bilməsə də, tarixçilər bilir ki, 22 il tarix üçün bir andır – bir çərək!
ODUR Kİ… son 25 və gələcək 25 il üçün deyirəm:
Əgər Atasınızsa, Heydər Əliyev kimi Ata olun, yox, əgər Oğulsunuzsa, İlham Əliyev kimi Oğul olun!
Həm Ata kimi bilin ki, NƏYİ VƏ NİYƏ KİMƏ vəsiyyət edirsiniz, həm də Oğul kimi bilin ki, nəyə və niyə kim olaraq Söz verirsiniz!
Söhbət VƏSİYYƏTin fabulasından gedir – zaman və tarix üçün!
Əgər durub Ata kimi oğlunuza (baş) prokuror, polis rəisi (naziri), hakim (sədr), icra başçısı və s olmağı vəsiyyət edəcəksinizsə, indidən vəsiyyətinizi özünüzlə götürün, qəbrə gedəndə sizinlə basdırsınlar! Yox, fərli-başlı vəsiyyət ələngəsi deyilsinizsə, heç olmasa, mən deyənlə həmrəy olun!
Bu ölkədə bu xalqın – azərbaycanlıların xilası… Həmrəylikdən və ilk növbədə, İlham Əliyevlə həmrəylikdən keçir (sizə kimsə demir gedin YAP-la həmrəy olun)!
Və mən sizi əmin edirəm: bu ölkə bu gün dünyaya Günəş kimi doğur, amma sonuncu müxalifətçi də İlham Əliyevlə həmrəy olanda dünya Azərbaycan üçün Günəş doğacaq!
Yola gətirə bildiyimiz hələ ki, təkcə Trampdır, TRAMPlindən Zəngəzuracan irəli atıldıq – külli-Avropa bizi boykot etdiyi halda!
Bunu başa düşmək üçün elə də böyük ağıl-məntiq-savad-təhlil qabiliyyəti lazım deyil! Sadəcə, “doğulan anda gözü açılan insan” növünə mənsub olmaq lazımdır! Day nə bilim, mavrı kimi bir həftəyə, qulan kimi üç günə, küçük kimi 10 günə yox – məsəl üçün deyirəm!
Həm də onu deyirəm ki: gəlin, bir-birimizi bir-birimizə bir-birimizi sübut, etiraf etdirməklə gücdən salmayaq! Əvvəldə dedim axı: mənim ömrümün 50 ili belə axmaq çabaya qurban getdi! İlham Əliyevin də ömrünün 20 ili! 20 ilə sübut etdi ki…
Əgər biz qədim Yunanıstanda yaşasaydıq, böyük məmnuniyyətlə Onu Təntənələr Tanrısı elan edəcəkdik:
“Qarabağ Azərbaycandır!”
Şuşa!
Kəlbəcər!
Laçın!
Ağdam!
Xocavənd!
Füzuli!
Ağdərə!
Cəbrayıl!
Zəngilan!
Xankəndi!
Murov, Davos, Şahdağ Zirvələrindəki təntənələr Tanrısal bir müjdə!
Zəngəzur ayaq səslərimizə hamilədir! İrəvanın ürəyi çırpınır! Borçalı göz atır! Təbriz, Mərənd, Xoy, Urmiya alqışlayır!
İndi bildiniz niyə deyirəm əgər Atasınızsa, Heydər Əliyev kimi Ata, əgər Oğulsunuzsa, İlham Əliyev kimi Oğul olun!?
Bilirəm də, mənim azərbaycanlılarımsınız, həmən düşünmüsünüz ki, Aydın deyir ki, oğlum, sənə YAP-ı İlham Əliyevlə birgə yıxıb, prezident olmağı vəsiyyət edirəm! Başınız haqqı elə!
Sizi İrəvanda parad, Təbrizdə festival, Xoyda-Mərənddə-Urmiyada simpozium keçirmək vəsiyyətini etməkdə həmrəy olmağa dəvət edirəm, a kişi…lər!
19-cu əsrdə Qaçaq Kərəmin cijisinin hazırcavablığını – “qatırdan ayğır törəməz” pinəsini kişi-kişi deyirsiniz, amma özünüzdə İsrafil ağalıq var, ya yoxdur sualını özünüzə vermirsiniz!
Verməyin də yeri yoxdur: elə vəsiyyəti 1993-cü ilin iyunun 4-də eləmək lazım idi!
1993-cü ildən bu yana doğulan oğullar artıq oğul atasıdır, ancaq 44 günlük savaşla Ermənistanı və havadarlarını udan İlham Əliyevin “mənim prezidentlik dövrümdə doğulan əsgərlər Qarabağı xilas etdi” deməsinə dodaq büzürsünüz!
Ağa kişinin oğluna “yat oğlu yat” deməyi yadıma düşdü!
Fəqət, mən bu gün çox humanist və mərhəmətliyəm, odur ki, təklif edirəm: həmrəy olaq! Sözdə və bir gündə yox! Hər sözdə və hər gün! Hamılıqla! Enerjimizi, gücümüzü almayaq bu etiraf, sübut çabası ilə!
Siz İlham Əliyev deyilsiniz və gücünüz də onun gücü deyil – O… s…evə-s…evə bunu bacardı – tik-tokda o rus xanım deyir ha, mən həccə getmək istəmirdim, məni s…evə-s…evə gətirdilər!
Siz elə s…evə bilmirsiniz axı!
Neyləmək lazımdır?
ƏLBƏTTƏ Kİ HƏMRƏY OLMAQ! Məhz də İlham Əliyevlə!
Bir daha və yenidən ÇÜNKİ:
İlham Əliyevin 22 il ərzində tənqid etdiyimiz mənfi cəhətləri o qədər az oldu ki, indi dilə gətirməyə belə adam özü utanır, vicdanı əlinin arxası ilə o üz-bu üzünü şapatdayır!
Bir dəfə rəhmətlik Şükür Səlimxanlı mənə qayıtdı ki, Aydın, bir dəli şeytan deyir, oğraşlıq elə, keç iqtidara tərəf! Nə deyirsən?
Allah rəhmət eləsin, qeybət kimi çıxmasın, dedim ki, Şükür, bu dəqiqə icra başçısının otağından çıxmısan, bibin sənə 100 dollar verib, sənə oğraşlıq eləməyə ehtiyac yoxdur, amma biləsən ki, bu iqtidar oğraş da götürəndə, özününkülərdən götürür, Yardımlının Çanaxbulağından gələn ayağıcarıqlıya ehtiyacları yoxdur!
Həmən də qayıtdı ki, ona görə Hadi Rəcəblini müdafiə edirsən? Gördüm Şükür özünə haqq qazandırmaq istəyir, ağzımın qaytanını buraxdım boş:
– Şükür, əzizim, sənin corablarının adamı iyirmi metrədən vuran iyinə qurban, bu hakimiyyətdə o qədər oğraş adam var, qoy biri də bizdən olsun da!
İNDİ… İlham Əliyev heç nəyə və heç kimə baxmır, istəyir o köhnədən qalan “oğraş” bizdən olsun, ya təzə “oğraş” özününkü, basır tapdayır, prezervativ kimi tullayır çölə: son sərəncamı bəs qədər alicənab addımdır – 47 gün!
Etimadı doğrultmayan kim olursa olsun, atılacaq!
Bax, bu, Təntənələr Tanrılığıdır!
Mən Şükür Səlimxanlıya o sözü deyəndə 1995-ci il idi! İndi 2025-ci il!
Onda heç kim düşünə bilməzdi və həyata keşirilməsi də mümkün olası iş deyildi başda Ramiz Mehdiyev olmaqla, ƏŞİRƏT BAŞÇILARI görəvdən alınsın! PKK-nın, QRU-nun-FSB-nin, FETÖ-nun peşmərgələri, simpatizanları indi məhkəmə zallarında üzlərinə oxunan hökmlərə “mıqq” eləmirlər!
Mən bu Təntənələri bizə yaşadan Tanrıyla həmrəy olmağımızı istəyirəm: Ramiz Mehdiyevin həbsi fonunda jurnalistlərin, nə bilim siyasi fəalların, Əli Kərimlinin tutuqlanması “sutka”lıq, ya da “şokoladnıy srok”dur – ya amnistə düşəcəklər, ya da əfvə!
Söhbət BAĞIŞLANMAZLARIN HƏBS təntənəsindən gedir – ölkəni başdan-ayağa özəlləşdirmiş, torpaqlarının təyinatını dəyişdirmiş, kadr imperiyası və iqtisadi sindikat-kartel yaratmışlardan gedir!
Tanrılıq cəsarətdir… Təntənə üçün!
Əgər bu gün ölkədə artist və qədim peşə sahibləri ekran-efirləri zəbt edibsə, bunun üçün də narahat olmağa dəyməz – səbəbkarı və günahkarı bizik!
Kim tarix oxuyubsa az-çox, dediyimi düz anlayar: 1937-ci il Azərbaycan xalqının idarəetmə tarixində çox ağır dönüş ili olub! Xalq üçün yox e, RƏHBƏR üçün!
Elementar bir ştrixlə açmasını verim: Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın repressiyalarına üzülürük, ah-uf edirik, eləmi?
Bu gün bəs həmin o faciəni yaşamış xalqın nümayəndələri neyləyir?
Həmin o dövrün bugünkü xalqı Süleyman Rüstəmi, Məmməd Səid Ordubadini, Məmməd Rahimi əzbər bilirdi, şeirlərinə bəstələnən mahnılara qol götürüb oynayırdı, deyilmi?!
Bu gün də həmən həməndir – Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni, Nəriman Həsənzadəni, Anarı söyən, qətl edən, onlara ölüm arzulayanları oxuyur, öz qəhrəmanı sayır, hətta arsız-arsız da deyir ki, düz deyirlər də! Amma heç bir oğraş da demir ki, bəs sən niyə Xəlil Rzanın oğlu kimi gedib döyüşdə ölmədin, Xəlil Rza kimi, şair dədən də anana demədi, gözün aydın!? Bir oğraş da durub demir ki, niyə sən Müşfiq kimi demirsən ki, Hüseyn Cavidin əleyhinə bu əlim yazarsa, o biri əlimlə kəsib ataram… yəni, kimsə Anardan, Sabir Rüstəmxanlıdan, Məmməd İsmayıldan yazsa…
1937-ci ildə repressiya olunanların hansı birindən daha az xidmət göstərib Azərbaycan xalqına və Azərbaycan dövlətinə üstünə quzğun kimi tökülüşdükləriniz?
Azərbaycan RƏHBƏRliyi birdəfəlik əmin olub ki, bu xalqın özünə ZİYALI deyən kəsimi hələ də DENİKİNin verdiyi dəyərdədir: Denikin deyirdi ki, qəhbələrlə artistlərə dəyməyin, onlar üçün hakimiyyətdə kimin olmağının fərqi yoxdur!
Odur ki, RƏHBƏRlik hələ ki, təlxək və artist olanlarla iş görür, iş görməyə ZİYALI-YARADICI ADAMI – potensialı yoxdur!
NÖVBƏTİ DƏFƏ ÇÜNKİ:
İlham Əliyev təzə SOCAR-a rəhbər gələndə Qəşəm Nəcəfzadə gedir qəbula. Oturur, gözləyir. Bir gün, iki gün, üç gün, beş gün… nəhayət, İlham Əliyev işə gəlir, görür qəbul otağında biri bürüşüb oturub, katibədən soruşur bu kimdir, katibə də deyir ki, Qaşam Necefzade, “qovorit çto poet”…
İlham Əliyev də gülür deyir ki, day denən qulaqkəsənlərdəndir də – o arada təzə olmuşdu məlum iki şair olayı. “Bə bu niyə gəlib?”
– Deyir ki, prosto tak gelmişəm, tebrik edim!
Bir nehrəmlilər, bir də Qəşəm Nəcəfzadə çooox uzağı görənlərdir!
BİRİNCİ BÖLÜMü onunla yekunlaşdırım ki, nəzərə alasınız: işdir-şayəd, öz ağlınız işləməsə o qədər dərinliyə ki, nəyi necə vəsiyyət edəsiniz, istənilən nehrəmlidən, ələ gəlməzlərsə (deyilənə görə, hamı generaldır, hamının da başı işə qarışıb, qaşımağa vaxtları yoxdur), Qəşəm Nəcəfzadədən məsləhət ala bilərsiniz!
O ki qaldı mənə…
II BÖLÜM
Mən bəri başdan deyirəm: Müzəffər ABK, cənab İlham Əliyev nə edirsə etsin, HƏMRƏYƏM!
Niyəsi bu ki…
Müstəqil jurnalist olmağın da bir xeyli zibili var, biri də odur ki, müxalifətçilər də özünə dost sayır, iqtidarçılar da. Amma müxalifətçilərin bir tünd tərəfi var, onlar iqtidar haqqında xoş söz deyəndə həmən soruşurlar: xeyir ola, Roma papasından artıq katoliklik edirsən, heç YAP, “Xalq”, “Azərbaycan” və digər hökümət qəzetləri sənin kimi bəy tərifi demir, könlündən deyəsən nəsə keçir, hə!?
Onda məcbur oluram deyim:
– Dədə, bir dəfə Rəşad Məciddən soruşdum ki, filankəsləri oxuyursunuzmu, qayıtdı ki, oxuyub qurtarmışam! Başqanın sözü olmasın, mən mükafatları alıb qurtarmışam e, sizin xəbəriniz yoxdur!
MÜKAFATLARIM: Yeganə rəsmi dövlət qəzeti – “Azərbaycan”ın MM-də parlament müxbiri, sonra hərbi vətənpərvərlik şöbəsinin redaktoru olmuşam! Üçüncü kursda oxuyanda!
Təltif edən Mehman Cavadoğlu!
İstiqlalçı deputat, xalq şairi, yenicə mətbuat və informasiya naziri vəzifəsindən istefa vermiş Sabir Rüstəmxanlının “Vətəndaş Həmrəyliyi” qəzetində baş redaktor əvəzi (1997), Moskvada və Bakıda 100 min tirajla, dörd rəngdə çıxan, pulsuz paylanan, sponsoru milyoner-biznesmen Frenk Elkaponi olan “Azərbaycan XXI əsr” qəzetinin baş redaktoru (1998-1999), Milli Məclisdə ekspert (1997)…
ÖZÜ DƏ haçan və nədən sonra?
1990-cı ilin 20 yanvar qırğınından sonra fakültə komsomol komitəsinin katibi olmaq üçün 20 yanvardan beşbetər qırğın salan qrup yoldaşım məni heç korrektor götürmək istəmədi!
Başqa bir qrup yoldaşımdan ev nömrəsini alıb evinə iş üçün zəng etdiyim qrup yoldaşım az qala FBR-ə, MOSSAD-a şikayətçi olacaqdı ki, Aydın niyə mənim evimə zəng edib?
Bir rəsmi qurumdan müstəqil qəzet üçün münasibət öyrənməyə çalışdığım həmkarım Ustadıma gileylənmişdi ki, Aydın mənimlə düşmənçilik edir, zəng edir mənə? Halbuki bu oğraş… Heydər Əliyevi ən pis formada təhqir edən qəzetin səlahiyyətli əməkdaşı ilə birləşib özünə də, ona da villa almağacan pul atmışdı – guya adam politkorrekt imiş, müstəqil qəzetlərlə əməkdaşlıq etmirmiş, amma Heydər Əliyevə diktator yazan qəzetin səlahiyyətlisi ilə əməkdaşlıq edirmiş ki, guya yazıların qabağını alırmış!!!
Bunlar heç e, ən yaxşısını “Tərəqqi” medallı, əməkdar jurnalist Şahin Əliyev deyib.
DEMƏLİ:
Mən türklərin “bir stəkan qəhvənin 40 illik hörməti var” deyiminə tam əməl edən adamam. Mənə olunan o bir stəkan qəhvəlik yaxşılığı dağ boyda sayaram və hər yerdə deyərəm (baxmayaraq ki, sonra mənə qaxınc olur), amma öz elədiyimi demərəm. Bu dəfə də özümə xilaf çıxmıram, amma əlli faiz edirəm. Belə ki, xətrini hər zaman dünyalar qədər istədiyim Şahin bir cavan oğlanı gətirib ki, bu, bizim qaçqınlardandır, tələbədir, qoy gəlib yazsın. Əlbəttə ki, mən əlimə düşən hər üç imkandan ancaq tələbə yoldaşlarımı və hətta onların qohumlarını faydalanmaları üçün yanıma yığmışam. Şahin tələbə yoldaşımızdır, deyirsə, yuxarı başda yeri var. Sən demə, bu cavan oğlan bunun qaynı imiş. O biri tələbə yoldaşı da demir – halbuki ona görə çıxıb getmişəm Moskvaya, dizimi atmışam yerə, baş redaktorun birinci müavini əmrini alıb gəlmişəm ki, redaksiyada etibarlı dayağım olsun. Mənə demir, üstəlik bilir də bu cavan oğlanın qardaşına 150 dollar borcum var!
Bununla işim yox, faciə orasıdır ki, adam intriqant kontingentin içində əleyhimə danışır, mənim “nöqsanlarımı” deyir səlahiyyətli təmsilçilərə. Şahin Əliyevin təqdim etdiyi cavan oğlan da gedir Şahinə deyir ki, bəs filankəs belə hərəkətlər edir. Şahin də, qoçağım, qayıdasan ki, dinmə, qoy Aydını yıxsın, keçsin yerinə! Cavan oğlan, vicdan sapsağlam, amma mən bilməsəm də, özü bilir ki, yeznəsidir, heyrətdən ağzı açıla qalır, Şahin başa düşür, başa salır:
– Ayə, Aydın dünən Milli Məclisdə idi, bu gün burada, sabah Moskvada “İzvestiya” qəzetində işləyər, biz Aydını xəbərdar etsək, bu oğraş sabah bizə qarşı da oğraşlıq edəcək, bizi xəbərdar edən olmayacaq! Qoy oğraşlığını eləsin evindəki son 20 dolları verib Gəncəyə nənəsinin dəfninə göndərdiyi adama – tələbə yoldaşına qarşı!
Bunu mənə özü danışıb Şahin Əliyev. Mənim də heyrətdən ağzım açıla qalanda, özünəməxsus gülüşlə gülə-gülə qayıtdı ki:
– Narahat olma, onu da çağırdım, ona da dedim ki, səni Aydının yanına mən gətirdim evdən ki, “Çırpınırdı Qara dəniz” yazdığın qəzet sənin 9 aylıq maaşını verməyib, sən götür, qoy heç olmasa, bir 50 dollar alsın, çörək pulu olsun, Aydın mənə deyəndə mən deyərəm ki, mən onu sənin yanına gətirənəcən onda oğraşlıq görməmişdim, ancaq yenə deyirəm, sən kənddə kolxoz sədri, ya zavodda direktor keçmirsən, uzağı 500 nəfər bilə, sabah Aydın biləcək, bütün ölkəyə yayacaq, on min, yüz min adam oxuyacaq!
Rəhmətlik Əli Salahlı hər dəfə mənimlə rastlaşanda deyirdi ki, Aydın, bilirəm, yenə dərdin açılacaq, amma bəri başdan deyirəm, sənin başına o qədər müsibət gəlib ki, mənim dinləməyə belə o qədər vaxtım yoxdur!
Hə-ə, əzizlərim, mən bütün mükafatları almışam!
Heç vaxt da unutmamışam ki, mən fəhlə Məmmədin oğluyam və lənkəranlıyam, naxçıvanlı deyiləm ki, aeroportda düşüm, taksiyə minim, deyim ki, sür vəzifəyə!
Bu qədər də dəyərləndirilmişəmsə, bu, çoxdan lap çoxdur!
Buracan yazdıqlarım aldığım mükafatların tam siyahısı deyil hələ.
O mükafatların içində ziqiymət olanları da var:
1. Döyüşçü-qazi-jurnalist Rey Kərimoğlu “Hadi taleli Aydın Canıyev” – həbsdən azadlığa çıxandan az sonra yazıb!
2. Xaliq Bahadır – həbsdə olanda yazıb!
3. Emil Rasimoğlu – həbsdən əvvəl, həbsdə olanda, həbsdən sonra yazıb.
Bu yazıların hər birinin içinə girib, orada yaşayıb, bir ömrü başa vurmaq olar!
Bu yazıların hər birini döşünə taxıb külli-mətbuatın paradını qəbul etmək olar!
Bu yazıların hər biri Azərbaycan Dövlətinin ən yüksək orden və medalları ilə bir sırada-sanbalda duran yazılardır!
Yüzlərlə dəyərli oxucu, həmkar, dost rəyləri var ki, misli-bərabəri yoxdur – “Özüdür ki var” kitabında ayrıca bölümə yerləşdirilib!
ƏN SONDA: İstiqlalçı deputat, eks-nazir, xalq şairi Sabir Rüstəmxanlının “Özüdür ki var” kitabım və özüm haqqında yazdığı yazı isə, Əli Həziquliyev demiş, bir ömür keyfini alacağım, “ömür kitabım”dır!
NƏHAYƏT: HƏMRƏY OLMAĞIMIZIN – həm bir-birimizlə, həm də İlham Əliyevlə, danılmaz bir səbəbi var: ərazisi bütöv, parlamenti ölkəni əhatələyən və dünyaya Günəş kimi doğan Azərbaycan.
Nə birinci Qarabağ, nə də İkinci Qarabağ Savaşında bir damcı qanım axmadı, heç bir yerim yaralanmadı, amma İlham Əliyev QƏLƏBƏ qazanaraq, ZƏFƏRə imza ataraq, Azərbaycanı mənə hədiyyə etdi!
Bundan sonra adamda cəsarət qalar durub desin ki, ayə, ofisiant, ordan mənə bir medal, ya ev ver?
Kim alıb, halal xoşu olsun – həmrəyəm!
Kimə veriblər, düz ediblər – həmrəyəm!
Kimə verməyiblər, kim almayıb – əcəb ediblər, həmrəyəm layiq bilməyənlərlə, verməyənlərlə!
A bala, Azərbaycanın hansı kənd məktəbinə getmisən, uçulmuş daxmada dərs keçən müəllimlərin dərdini dinləmisən, hansı icra başçısını söymüsən, rüşvət aldığını faktlarla bəyan etmisən, hansı həkimin səhlənkarlığından ölən xəstənin qohumlarına hüquqi yardım etmisən, hansı korrupsioner məmurun maxinasiyalarını üzə çıxarmısan?
Hə-ə, yazmamısan, amma medal istəyirsən? Yazmamağa görə?
Axı, sadaladığım faktları yazanların heç biri istəmir heç bir mükafatı – bəy dediyin nədir, bəyənmədiyin nədir?
Hansı haqsız həbs edilən jurnalistin məhkəməsindən reportaj yazmısan? Hansı ictimai-sosial problemi işıqlandırmısan?
Hansı şəhid anasını, bacısını, qardaşını oturub dinləmisən, dərdini yazmısan?
Haçan avtoxuliqanlıq edən müharibə iştirakçısına təpinmisən, haçan bütün toxum-tayfası üçün işıq, qaz, su pulu verməmək üçün qapıları yağır edən, xidmət əməkdaşlarını şantaj edən şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçısına yerini göstərmisən?
Haçan yolda, magistralda sərxoş vəziyyətdə maşın sürəni, narkotik aludəçisini kamerana alıb HMO-ya təqdim etmisən?
İlham Əliyevin uğurlu daxili və xarici siyasətini təbliğ etmisən, ona görə istəyirsən?
Pahh! Bilməmişdik, kişinin oğlu (qızı) təbliğ edib yazmasaymış, İlham Əliyev ölkədən qaçaq düşəcəkmiş!
A bala, get o yanda oyna – dövlətin təbliğatı ilə həmrəy olmaq sənin vəzifə borcundur!
Bir dəfə iki tanınmış qadın müğənni Lənkərana konsert verməyə gəlir. Konsertdən sonra bunlar “qorpo” müdiri Şammədin yanına getməyə hazırlaşırlar ki, şuba, “sapojki” alsınlar, operator da dirəşir ki, mən də gəlirəm. Qadınlar görür ki, Şamməd Əsgərov bunu görsə, adicə qonaqlıqla yola verəcək, nə illah edirlərsə, operator əl çəkmir, axırda S. adlı müğənni qadın qayıdır ki, ayə, Ələsgər, Şamməd bizi s…cək, şam tutacaqsan sən, hara gəlirsən!?
Adam bir yerə gedəndə, bir şey istəyəndə bilməlidir ki, niyə gedir, nə üçün gedir və orada nə olacaq!!!
Mənim dediklərimlə həmrəy olmağınızdan başqa xilas yolunuz yoxdur!
Bildiniz də nə deyirəm?
Ata olaraq vəsiyyətinizi aydınlaşdırın, Oğul olaraq altına çiyin verin!
Təntənələr Tanrısı İlham Əliyev amanatı!
ilAYDIN!
Share: