Türkiyədə öncədən qeyd etdiyimiz Zəfərin Bakıda gecikmiş xatırlamaları… Bursada Azərbaycan mədəniyyəti on günlüyü (23 oktyabr-1 noyabr) Zəfərimizin 5 illik ildönümünə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə, Çanaqqala şəhidlərinin 110 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyəti günlərinin Türkiyənin qədim və gözəl Bursa şəhərində təntənəsi yaddaşımıza maraqlı cizgilər çəkdi.
Azərbaycan mədəniyyətinin təbliğatçılarından olan şairlər İlgar Turkoglu (Azərbaycan) və Huseyin Gözeloglu nun (Türkiyə) təşkilatçılığı ilə baş tutan tədbirin gündəliyi geniş və maraqlı tərəfləri ilə (auditoriya kasadlığını və kiçik çatışmazlıqları nəzərə almasaq) nümayəndə heyətinin hafizəsinə yazıldı. Çünki bu tipli tədbirlərin davamlı təşkili və müntəzəm keçirilməsi Türk birliyinə, türkdilli xalqların ortaq mədəniyyət alanında görüşüb tanış olmalarına, şeir, sənət ortamında bir araya gəlmələrinə, yeni dostluqlara və qardaşlıqlara yol açmaq amacına xidmət edir. Bu xüsusda İlqar qardaşımızın xidmətləri danılmazdır. Ötən illər ərzində ətrafına türkdilli dövlətlərin şeir, sənət nümayəndələrindən ibarət geniş bir çevrə yığa bilib. Və davamlı olaraq bu gərəkli və gözəl missiyasını həyata keçirməkdədir. Təbii ki, biz də onunla birlikdəyik. Bursanı görmək çoxumuzun arzusu idi. Qədim paytaxt şəhəri, qədimliyini və ululuğunu qoruyub saxlayan yaşıllıqlar diyarı Bursa. Bizim Laçınımızın relyefinə bənzər, dağlar qoynunda, meşəli dağlarla əhatələnmiş, amma Laçından dəfələrcə böyük bir vilayət. Şəhərin şüarından da bəlli bu: “Yaşam denince: Yeşil! Yeşil denince: Bursa! Bursa denince: Kardeşlik!” Bəli, Bursadı bu, belə Bursadı. Qədimdən qədim, tarixi abidələrlə zəngin bir türk şəhəri. Səfərin ilk günü Merinos Atatürk Orxan Qazi Mərkəzində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstan, Çuvaşıstan, Tatarıstan, Türkmeneli və Estoniyadan gəlmiş 80 nəfərdən çox nümayəndə heyətinin iştirakı ilə mədəniyyət günlərinin açılışı oldu. Şeirlər söyləndi, mahnılar oxundu, rəqslər oynandı, hədiyyələr, ödüllər verildi, xatirə şəkilləri çəkildi. Artıq bu qonaqlarla bir-birimizi çox yaxından tanıyırıq. Adımızı, məsləkimizi, yerimizi, yurdumuzu xəbərə bilirik. Çünki, on ilə qədərdir ən azı ildə bir dəfə yığışırıq onlarla, il boyu yazışırıq. Bir böyük ailə timsalı. Səhəri gün Bursanın görməli yerlərinə gəzilərimiz başladı. Uludağın ətəyində, Bursanın ən hündür yerində salınmış Azərbaycan Türkiyə qardaşlıq parkı gerçəkdən möhtəşəm idi. Burdan Bursa şəhəri ovuc içi kimi görünür. Nilufər Bələdiyyəsinin başkanı və üzvlərinn bizi gülərüz qarşılamaları, çay, şirniyyat süfrəsi açmaları, nümayəndə heyətinin bütün üzvlərinə xatirə hədiyyələri verərək şəkil çəkdirmələri təbii ki, bu şəhərin sakinlərinin qonaqpərvərliyindən və istiqanlılığından xəbər verirdi. Daha sonra Atatürkün abidəsinin ziyarəti və Heydər Əliyev parkına səyahət etdik, xatirə şəkilləri çəkdirdik. Osman Qazi Meydanı əsl sərkərdələr məskənidir. Osman Qazi türbəsinin ziyarəti, bu nəhəng məsciddə namaz qılıb dualar etmək, niyyət tutmaq insanın nə qədər ruhunu oxşayırdı. Çingiz Mete adına Uludağ Universitetinə, Milli Qəhrəmanlar general Polad Həşimov və polkovnik Şirin Mirzəyev adına salınmış parklara gəzinti də səfərin proqramı çərçivəsində idi. Tarixi Sögütlü köyü və onun qoynunda uyuyan Ərtoğrul Qazinin 15-dən çox ölkədən gətirilmiş torpaqlarla əhatə olunmuş türbəsi. Türbənin qarşısında növbə dəyişimi ilə gecə-gündüz keşik çəkən milli hərbi geyimli yaraşıqlı igidlər. Saatlarca yol gedib qayıtmağımıza dəyərdi bu qədimdən qədim köyə… On günlük səfərimizin ikinci yarısında necə deyərlər bələdçimiz ünlü şair dostumuz Savaş Sarıkaya oldu. Onun mükəmməl və həm də maraqlı təşkilatçılığı ilə Çanaqqala – Didim – İzmir səfərimiz gerçəkləşdi. Çoxumuzun qəlb titrəyişlərimizlə, həyəcanla gözlədiyimiz Çanaqqala şəhidliyinin ziyarəti zamanı baş verənləri- təbii ki, qəlbimizdə, ruhumuzda izah etmək mümkün deyil inanın. Çanaqqalaya yüzlərlə, minlərlə şəhidin@ nigaran- nigaran dolaşdığı ruhlarının diyarımı deyim, qəhrəmanlar diyarımı deyim, yarım milyondan artıq insanın qanının töküldüyü müqəddəs ziyarətgahmı deyim, eksponatlarının hər birinin o müdhiş, qeyri-bərabər savaşın təzahürü kimi uzaq illərdən bu günümüzə gətirdiyi mesajlar, gerçəkliklərlə dolu tarixin bir parçası kimi bizə anladığı həqiqətlərmi, hər daşının altında, hər ağacının dibində onlarla, yüzlərlə igidinin bərabər, çiyin-çiyinə uyuduğu, torpağını ətirləndirdiyi o Vətən fədailərinin ana qucağımı deyim… Bir qəbir daşının üzərində onlarla şəhidinin adı yazılmış kütləvi Çanaqqala məzarlığı, şəhidlərin xatirəsinə göyün ənginliklərinədək ucaldılmış kvadrat formalı nəhəng abidənin – xatirə kompleksinin dünyanın hər tərəfindən gələcək ziyarətçilərin görə biləcəyi hündürlükdə yerləşən ziyarətgahı…döyüşün müxtəlif anlarının daşlaşmış heykəlləri, Azərbaycandan gəlmiş könüllülərdən ibarət döyüşçülərə ucaldılmış xatirə abidəsi…ən nəhayət dənizin mehi ilə torpaqdan qoxan şəhid qanlarına qarışmış o təsvirolunmaz hava…ciyərlərimizə çəkib özümüzünküləşdirdiyimiz, Vətənə gətirdiyimiz o havalı duyğular və xatirələr. Çanaqqala türkün tarixin qəhrəmanlıq səhifəsi kimi dünya durduqca duracaq. Körfəzi avtobusumuzla birgə gəmi ilə keçdik. Və gecəni gözəlliklər məskəni, şəfa mənbəyi Didimə yolçuluqla keçirdik. Eşitdiyimizə görə, Didim şəfalı havası ilə, əsrarəngiz təbiəti ilə məşhurdur. Son illər əcnəbilər, xüsusilə də ingilislər Didimdən iki mindən artıq ev alıblar. Hər ilin bir-neçə ayını burada keçirirlər. Və Didim şəhərindən bir qədər aralıda yerləşən tarixi Doğanbəy köyünün şəfaverici havasını təbiətini demirəm. Savaş bəyin bildirdiyinə görə, bu möcüzəvi kəndin mis kimi havası dörd ağır xəstəliyin müalicəsinə kömək edir. Ürək qan-damar, yel-oynaq, şəkər və astma. Bu köydə altı ay yaşayan hər bir xəstə insan dərmanlara əlvida deyir. Məncə sınamağa dəyər. Hər il bir-iki ay bu köydə yaşayanlar uzunömürlülüyün nə demək olduğunu əyani görmüş olarlar. Ən maraqlısı da odur ki, bu kənddəki evlərin əksəriyyətində yaşayış yoxdu, tarixi abidə kimi qorunur. Bu kəndin bir quş muzeyi də var. Və bu köy dilək yarımadası kimi də məşhurdu. Bu köyün vəsfi bitməz məncə. Karina səyahəti və Egey dənizində, Didim körfəzində 3 saatlıq balıq yeməkli qayıq gəzintisi. Dənizdə üzən kimi, sahildə günəş alan kim, qayıqda məşhur “Titanik” filmini xatırlayanlar, filmin baş qəhrəmanları kimi açıq dənizə xəyallananlar, şəkil çəkdirənlər, mahnı oxuyanlar…Maraqlısı o idi ki, səyahət turu nə qədər fərqli, əyləncəli olsa da, onu daha da gözəlləşdirən məhz qardaş türk dövlətlərindən gələn həmkarlarımız, dostlarımız idi. Səfərimizin son günü İzmir yolculuğu… Quş adası gəzisi balıkəkməksiz olmaz. Olmadı da. İzmirdə qaçaraq olsaq da, Bakının bənzəri olan bu gözəl şəhərdə özümüzü Vətəndəki kimi hiss etdik.
Elə bil Vətəndən Vətənə gəlirdik. Dostlarımızla, böyük ailəmizin üzvləri ilə ayrılsaq da, tezliklə yenidən görüşəcəyimizə inamımız sonsuz. Gələn görüşlərədək əziz dostlar…

















