Türk müğənnisi Orhan Ölməzlə şair, qiraətçi Səbuhi Zamanın duet konserti gözlənilir.
Bugun.tv- xəbər verir ki, Azərbaycanda ilk dəfə mart ayının 7-si tarixində unudulmaz duet konsert baş tutacaq.
Layihə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü, “NNFİLM.AZ”-ın təşkilatçılığı, “Bu gün.tv Media Qurumu”nun dəstəyi ilə gerçəkləşdirilir. Konsert Azərbaycan–Türkiyə mədəni əlaqələrinin gücləndirilməsi məqsədi ilə təşkil olunur.

Bu barədə “NNFİLM.AZ”-ın rəhbəri, konsert proqramının təşkilatçısı Natiq Novruzov mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq 2 aydır bu layihə üzərində işlər aparılır. “Türkiyəli müğənni Orhan Ölməz Azərbaycanda keçirmək istədiyimiz “Bir şəhər axşamında” konsert proqamı təklifimizi məmnunluqla qarşıladı. Müqavilə bağlandı. Artıq şəhərin mərkəzi küçə və prospektlərində anonslarımız, video-çarxlarımız yayıma çıxarılıb. Eyni ilə televiziylarda və bütün sosial şəbəkələrdı konsertlə bağlı məlumatlar yayımlanmaqdadır”, – deyə, N.Novruzov bildirib.

Matın 7-də Heydər Əliyev Sarayında baş tutacaq möhtəşəm konsertdə Orhan Ölmezin duet ortağı, televiziya və radio aparıcısı, şair, bədii qiraətçi Səbuhi Zaman Bugun.tv-yə müsahibəsində yeni layihəsindən söz açıb. “Bu konsertin təşkilini illər öncə arzulamışdım. Çox şükür layihəyə uğurla başladıq. Gəncliyimizin türk sənətçisi Orhan Ölmezlə eyni səhnəni bölüşmək, həqiqətən də, qürurvericidir. Onun Azərbaycanda kifayət qədər sevənləri, pərəstişkarları var. Buna görə də, möhtəşəm bir gecə olacağına əminəm. Bir sözlə desək, duyğuların, musiqi ilə poeziyanın unudulmaz sintezi ilə hər kəsə sevgi dolu anlar yaşatmağa çalışacağıq. Bütün poeziya aşiqlərini, məni izləyən, dinləyən, şeiriyyata önəm verən hər kəsi martın 7-si tarixində Heydər Əliyev Sarayında gözləyəcəm”.

Qeyd edək ki, Bugun.tv də “Bir şəhər axşamında” konsert proqramının media dəstəkçisidir. Bu barədə “Bu gün Tv Media Qurumu”nun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, son 2 ildə gerçəkləşdirdikləri tədbirlər içərisində bu sayca 5-ci böyük layihədir. “Qurum olaraq, televiziyamız həm də tədbir təşkilatçılığı və media dəstəyi göstərir. Şair dostumuz, həmkarımız Səbuhi Zamanın duet konsert proqamında da onun yanındayıq. Fərqli layihədir. Azərbaycanda ilk dəfədir ki, şeirlə musiqi bir araya gələcək. Layihəyə bir həftədir ki, start vermişik. Biletlərin satışını İtiket.az saytı gerçəkləşdirir. Hər iki sənətkara olan sevgi, maraq satışa da öz müsbət təsirini göstərməkdədir. Konsert 8 Mart qadınlar gününə həsr olunduğundan, bu gecəni bizimlə keçirmək istəyən çoxdu. Bu bizi sevindirir. Ümumilikdə, yeni layihəmizdə bizə inanan, dəstək olan bütün dostlara, xüsusilə də, Heydər Əliyev Sarayına dərin təşəkkürümü bildirirəm!”, – deyə, E.Dərziyeva əlavə edib.
Qeyd edək ki, layihədə sponsor brendlərinin geniş auditoriyada tanıdılması da nəzərdə tutulub. Aparıcı tərəfindən səhnəyə dəvət alan Baş sponsorlara “Türk mədəniyyətinin təbliğinə dəstəyə görə” xüsusi mükafatı təqdim olunacaq.






















